Bankda işləməyin hökmü nədir? və oradan alınan maaş halaldırmı?

İslam dini hər bir məsələdən əvvəl halal ruzi qazanmağa daha çox əhəmiyyət verir. Belə ki, halal ruzi sadəcə maddi deyil, əksinə bir çox mənəvi təzahürləri və faydaları da vardır. Ümumiyyətlə əməlin qəbulolma şərti, insanın mənəvi üstünlükləri onun halal qidasına bağlıdır. Halal qida insanın əxlaqında olan mənfi cəhətləri aradan aparır. Haram ruzi əxlaqı pisləşdirir, insanın mənəviyyatını və nuraniyyətini də aradan aparır. Eyni zamanda haram qida bir çox maddi və mənəvi böhranların yaranmasına səbəb olur. Bank sahəsi həssas bir sahə olduğu üçün orada işləmək və oradan gələn maddi gəlirin halal olmasına diqqət yetirmək lazımdır. Faiz (sələm) İslamda böyük günahlardan hesab olunur və onunla hər hansı formada olur olsun məşğul olmaq böyük günahdır. Ona görə də bankın bilavasitə faizlə bağlı fəaliyyətində iştirak etməkdən çəkinmək lazımdır. Bank müştərilərinə faizlə pul verilməsinin təşkili, qeydiyyatı, faizlə bağlı hər növ prosedurda iştirak etmək şəriət baxımdan haramdır. Bundan əlavə, bankın müştəriləri arasında şərab alveri kimi haram fəaliyyətlərlə məşğul olan müəssəsələr və ya şəxslər varsa, onlarla da hər növ işgüzar əlaqə yaratmaq, onların bankla ünsiyyətində hər şəkildə iştirak etmək  (məsələ, onlar üçün kredit qeydiyyatı aparmaq, onların səhmlərinin alış-satışına qatılmaq və s.) günah sayılır. Bankın bu cür bilavasitə haram fəaliyyət sahələrindən başqa sahələrdə çalışmaq və buna görə məvacib almaq icazəli hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir