Vəzifə, yoxsa nəticə?


“Biz vəzifəmizi yerinə yetirməyə əmr olunmuşuq, nəticəyə yox!” İyirminci əsr İslam dünyasının dahi liderlərindən və təqlid müctəhidlərindən olan İmam Xomeyninin bu sözü son zamanlar bizdə də tez-tez səsləndirilir. Fərqinə varmasaq da, bizim özümüz də vaxtaşırı “vəzifə, yoxsa nəticə” dilemması qarşısında qalırıq. Bu seçimin həyatımızın xüsusən taleyüklü məsələlərindəki həlledici təsirini nəzərə alaraq, bu barədə bir qədər düşünmək və düşündürmək qərarına gəldim.

Mövzunun izahı
Mövzu kimin üçünsə aksiom, kimin üçünsə mürəkkəb fiqh mövzusu kimi görünə bilər. Qəti olan və bütün fəqihlərin də qəbul etdiyi budur ki, nəticə bəzi yerlərdə vəzifəyə təsir gücünə malikdir; vəzifə nəticədən asılı olaraq bu və ya digər şəkildə dəyişə bilir. Məsələn günəşin doğmasına az qalır, amma insan hələ sübh namazını qılmayıb. Təbii ki, namazın qəza olmaması üçün onu cəld qılmaq vacibdir. Bu zaman onun yanında xəstə bir insan birdən-birə huşunu itirib yerə yıxılır. Belə yerdə şəriət hökm edir ki, insan namazı saxlayıb xəstəyə ilkin tibbi yardım göstərsin və yaxud həkim çağırsın. Deməli, namazı vaxtında qılmaqdan ibarət olan vəzifə insan canı üçün təhlükə yaranmasından ibarət olan nəticəyə qurban verilir. Başqa sözlə desək, bu nəticə onun vəzifəsini dəyişdirir.
Əgər diqqət yetirdinizsə, əslində burada iki vəzifə bir-biri ilə toqquşur: 1. Namazı vaxtında qılmaq; 2. Ağır xəstəyə təcili tibbi yardım. Onların hər ikisi təcili vacibdirsə, bəs bu beşdəqiqəlik vaxtda hansına əməl olunmalıdır? Şəriətdə həm namazı vaxtında qılmağa, həm də ağır xəstəyə təcili tibbi yardıma dair dəlil vardır və burada həmin dəlillər arasında ziddiyyət yaranır. Çünki insan namaza başlasa, bir insan üçün can təhlükəsi yaranacaq; yox, əgər xəstə ilə maraqlansa, namazı qəza olacaq. Buna fiqh metodikasında dəlillərin toqquşması deyilir.
Bu da aydın məsələdir ki, hər bir nəticə vəzifəyə təsir edə bilməz. Biz deyə bilmərik ki, namazı vaxtında qılsam, xörəyim soyuyar, yaxud filmin maraqlı yerinə baxa bilmərəm, yaxud ziyarətgahı ziyarət edə bilmərəm, yaxud aşura günü yaxşı əzadarlıq edə bilmərəm və s. Yəni vacib əməl olan vəzifə yalnız vacib və ya haram əməl olan nəticə ilə toqquşduqda və onların hər ikisinə əməl etməyin mümkün olmadığı təqdirdə həqiqi təzad yaranır.
Məsələnin həllinə keçməzdən öncə bir məqamı da xatırlatmaq yerinə düşər. O da budur ki, İslam fiqhində birinci və ikinci hökmlər vardır. Kənar təsirləri və şəraiti nəzərə almadan hər bir əməlin öz-özlüyündəki ibtidai hökmü Birinci hökmdür; məsələn murdar su içmək haramdır. Bəzi təsir, şərait və nəticələri nəzərə aldıqdan sonra təyin olunan hökm isə İkinci hökmdür; məsələn pak su tapmayan və susuzluqdan ölmək təhlükəsi ilə üz-üzə qalmış insan üçün murdar su içmək haram deyil. Namaz üçün çox az vaxtın qaldığı qabaqkı misalda da birinci hökm namaz qılmaq, ikinci hökm isə onu tərk etməkdir. Diqqət yetirmək lazımdır ki, ağıl və şəriət dəlilləri ilə isbat olunan ikinci hökm də Allah hökmüdür və İslam hüququnu dəyişdirmək sayılmır.

Məsələnin həlli
Sözügedən təzadı aradan qaldırmaq və nəticəni nəzərə aldıqdan sonrakı vəzifəni müəyyən etmək üçün şəriət dəlillərinə müraciət edirik:

1.    Ağıl
Şəriətdə birinci dəlil mənbəyi ağıldır və təbii ki, ayrı-ayrı insanların ağlına gələn hər bir şey yox, heç bir normal insanın etiraz etmədiyi qəti əqli məsələlər; məsələn ədalətin yaxşı, zülmün, oğurluğun və təcavüzün pis olması, iki ziddin bir yerdə cəm olmasının qeyri-mümkünlüyü və sair. Əgər hər hansı əməl bu yolla isbat olunsa, kifayət edir, o barədə deyilən ayə və hədislər isə yalnız təkid xarakteri daşıyır. Bəzi rəvayətlərə görə Allah-Taala ağıldan üstün bir şey yaratmamışdır.
İki dəlilin həqiqi ziddiyyəti zamanı ağlın qəti şəkildə göstərdiyi çıxış yolları vardır. Bunlara misal olaraq Mühüm və daha mühüm qaydasını, Vacibin müqəddiməsinin də vacib olması qaydasını, Çarəsizlik qaydasını, Məcburilik qaydasını, Zərəri dəf etməyin vacib olması və digər qaydaları göstərmək olar. Burada nümunə üçün geniş qaydalardan olan Mühüm və daha mühüm qaydasının qısa izahı ilə kifayətlənirik:
Mühüm və daha mühüm qaydası
İki mühüm əməlin – bir vaciblə başqa bir vacibin, bir haramla başqa bir haramın, yaxud bir vaciblə bir haramın ziddiyyəti zamanı ağıl daha mühüm olanı hökm edir. Birinci misalda insan canını xilas etmək namazı vaxtında qılmaqdan daha mühüm olduğu üçün ağıl insan canını xilas etməyi əmr edir. Başqa misallar: Yanan evin içində qalmış uşağı xilas etmək üçün ev sahibinin icazəsini gözləmədən evə girmək nəinki olar, hətta vacibdir; Doğru danışacağın təqdirdə iki nəfər bir-biri ilə dalaşacaqsa, belə yerdə doğru danışmaq haramdır və yaxşı olar ki, susmağa üstünlük verəsən, amma bu zaman da eyni təhlükə yaransa, yalan danışıb tərəfləri sakitləşdirmək vacibdir.

2.    Qurani-kərim
Qurani-kərimdə nəticəni nəzərə aldıqdan sonra vəzifənin dəyişməsinə dair çoxlu nümunələr tapmaq olar. Misal üçün, müsəlmanların azlıqda və çox zəif olduqları Məkkə dövründə Peyğəmbərə (s) və müsəlmanlara müşriklərlə keçinmək, səbir etmək və hər hansı konfliktdən uzaq durmaq əmr olunurdu. Buna həsr olunan Kafirun surəsinin son ayəsi belədir: “Sizin dininiz sizə, mənim dinim də mənə!” Müsəlmanların qüdrətləndiyi və çoxaldığı Mədinə dövründə isə İslam və müsəlmanları məhv etməyə çalışan kafirlərə qarşı cihad ayələri nazil olur; iqtidarın zirvə dövründə Bəraət ayəsi nazil olur və bütün müşriklərin Məkkəni tərk etməsi əmr olunur.
Buna başqa bir misal kimi şərab ayələrini göstərmək olar. Bəlli olduğu kimi şərab Quranın üç ayəsində pisləndikdən sonra dördüncü ayədə qəti şəkildə haram buyurulmuşdur. Təbii ki, şərab ilahi meyarlara əsasən elə əvvəldən haram və fəsad amili olmuşdur, lakin o zaman İslamın insan resursuna ciddi ehtiyacını və ərəblərin bu işə güclü vərdişini nəzərə alsaq, onun tədricən qadağan olunmasının nəticədən irəli gəldiyni söyləmək olar.

3.    Sünnə
Peyğəmbər (s) və imamların sözlərində bəzi nəticələrə görə vəzifənin dəyişməsinə dair çoxlu nümunələr tapmaq olar. Məsələn Peyğəmbərin (s) İmam Əliyə (ə) tövsiyələrində göstərilir ki, Allah islah üçün danışılan yalanı sevir, fəsad üçün danışılan doğruya isə qəzəblənir (Hürr Amili. “Vəsail əş-şiə”. Alul-beyt, 30 cilddə, Qum, 1414 h. q., c. 12, səh. 252). Lakin uyğun mövzuya sünnə dəlili kimi məsumların sözlərindən çox, onların rəftarına, əməllərinə nəzər yetirmək daha məqsədəuyğundur. Belə ki, biz Peyğəmbərin (s) və təxminən bütün imamların həyatında buna çoxlu misallar göstərə bilərik. Misal üçün, həzrət Əlinin (ə) imamlığını elan etməsi əmr olunan Peyğəmbər (s) nəticəni nəzərə alaraq bu işi təxirə salır və münasib şərait gözləyirdi. Nəhayət Maidə surəsinin 67-ci ayəsi nazil olur: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər (bunu) etməsən, (Allahın) risalətini (peyğəmbərlik missiyasını) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq!” Yaxud ömrünün sonunda xəstə yatarkən kağız və qələm gətirilməsini söyləyən Peyğəmbər (s) qalmaqal yarandığını görür və gözlənilən nəticələri nəzərə alıb sözügedən işdən vaz keçir.
İmam Əli (ə) məhz nəticəni nəzərə alaraq Peyğəmbərin (s) vəfatından sonra səbir eləməyə üstünlük verir, hətta özündən öncəki xəlifələrlə beyət edir. Bu nəticə İslamı və müsəlmanların birliyini qorumaq, yaxud uğursuz sonucdansa canını qorumaq da ola bilər, bunların hər ikisi də.
İmam Həsənin (ə) vəzifəsi Müaviyə kimi zalım bir tiranla vuruşub İslamı və məzlumları xilas etmək idi, amma məhz nəticəni nəzərə alıb sülh müqaviləsi bağladı, döyüşü bitirdi. Bu qərarına görə İmam Əlinin (ə) ən sadiq səhabələrindən olan Hücr ibn Ədinin ona “ey möminləri xar edən” – deyə müraciət etməsi də nəql olunur, amma dəlillər toqquşduqda İmam Həsən (ə) vəfasız sərkərdələrlə məğlubiyyətli döyüşə girməkdənsə daha mühüm olanı, yəni özünün, İmam Hüseynin (ə), digər Peyğəmbər (s) yadigarlarının və vəfalı səhabələrin canını qorumaq dəlillərini önə keçirir.
İmam Hüseyn (ə) Müaviyənin dövründə səbir edərkən nəticəni nəzərə alırdı, qiyam edəcəyi təqdirdə qanının, zəhmətinin hədər gedəcəyini və heç bir müsbət nəticənin hasil olmayacağını bilirdi. Yezid hakimiyyət başına keçdikdən sonra da gözünü yumub “bizim vəzifəmiz pis işlərdən çəkindirməkdir”, yaxud “zalıma qarşı çıxmaq tövhidin şərtidir” – demədi, atacağı addımı, onun xeyir, zərər və nəticələrini ölçüb-biçdikdən sonra uyğun yolu seçdi. Onun şanlı şəhidliyindən sonra da vəzifə, yoxsa nəticə seçimi əsasında iki böyük qiyam baş verdi: biri qarşısında heç bir ciddi plan və məqsədi olmayan və sonucda çoxlu möminin qətlə yetirildiyi Təvvabin (tövbə edənlər) qiyamı, biri də özü üçün qısamüddətli və uzunmüddətli məqsədlər tərif edən, düşünülmüş şəkildə koordinasiya olunan və uğurla sonuclanan Muxtar qiyamı.
Bu misalları uzatmaq olar. İmam Hüseyndən (ə) sonra imamların tutduğu əsas xətt heç kimə sirr deyil. Xilafətin daha zəif, şiə qiyamlarının isə daha güclü olduğu dövrdə – yəni İmam Baqirin (ə) imamlığının sonlarında və İmam Sadiqin (ə) imamlığı dövründə də məhz nəticənin nəzərə alındığına görə eyni xətt davam etdirildi, daha davamlı, daha təsirli və daha strateji işlərə üstünlük verildi.

Söz arası
Bu sözləri yazmaqda məqsəd nədir? Yəni İmam Hüseynin (ə) seçdiyi yol yalnız ona aiddir və başqa heç kimə örnək deyil? Təbii ki, yox; İmam Hüseynin (ə) yolu ilə gedib zalımlara qarşı vuruşmaq, məzlumlara dayaq olmaq, Allah üçün candan keçmək insana ən böyük fəxrdir. Həm də bu sözlər heç kimə ünvanlanmır, konkret hansısa hərəkətə görə deyilmir, onda heç bir eyham da yoxdur. Bizim məqsədimiz sadəcə olaraq vəzifə, yoxsa nəticə mövzusunu, eləcə də İmam Xomeyninin bəlli sözünü qısaca araşdırmaqdır.

İmam Xomeyni və uyğun mövzu
Qayıdaq İmam Xomeyninin sözünə. Təbii ki, belə bir müctəhidin yuxarıda deyilənləri unutması qeyri-mümkündür. Onun özü də bir vaxtlar İran şahına yazdığı məktubu “Əlahəzrət Hümayuninin mübarək hüzuruna!” (Nur səhifəsi, c. 1, səh: 78) sözləri ilə başlayanda yəqin ki, nəticəni nəzərə almışdı. Elə isə bu sözdə məqsəd nədir? Məhz bundan ötrü həmin sözün kontekstinə nəzər salmaq qərarına gəldik. Görək bu söz nə zaman, harada, kimə və necə deyilib.
İmam Xomeyninin bütün çıxış, məktub, müsahibə və müraciətlərinin toplandığı Nur səhifəsi kitabını – təbii ki, elektron versiyasını – axtarıb sözügedən cümləni tapdıq (c. 21, səh: 284). Bizim axtardığımız qədərincə o, bu sözü yalnız bircə dəfə – 1989-cu ilin fevralında ruhanilərə müraciətində deyib. Bu tarix İraq-İran müharibəsinin bitdiyi zamana təsadüf edir. İranda Kərbəla eşqi ilə vuruşanlar, peyğəmbər və imamların məzarlarını və digər müqəddəs məkanları zalım Səddamın kölgəsindən xilas etmək istəyənlər az deyildi. Lakin İran tərəfinin BMT Təhlükəsizlik Şurasının atəşkəs barədəki 598 saylı qətnaməsini qəbul etməsindən sonra bu arzular nakam qaldı, hər bir uğurlu əməliyyatdan sonra Kərbəlaya neçə kilometr yolun qaldığını qeyd edən komandirlər və çoxlu ruhanilər də etirazçıya çevrildilər. Qarşı tərəfdən müharibənin davam etdirilməsinin nəinki məsləhətə, hətta dinə zidd olduğunu söyləyənlər də vardı. İş o yerə çatdı ki, quruluşun yüksək rütbəli müctəhidlərindən biri səkkizillik müharibə dövründə həlak olanların qanının hədər getdiyini vurğuladı. Belə olan təqdirdə İmam Xomeyni sözügedən müraciətdə – bəlkə də digər çıxışlarda da – bu yanlış fikirlərə görə şəhid ailələrindən və müharibə əlillərindən rəsmən üzr istədi, müdafiənin Allah əmri olduğunu vurğulayıb qeyd etdi ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirdik, əgər gözlədiyimiz son amal – onun işlətdiyi ifadələr dəqiqliklə belədir: son amal, bütün məqsədlər – hasil olmadısa da, gördüyümüz işlərə və çəkdiyimiz zəhmətlərə görə peşman olmamalıyıq. Yəni insan dərk etdiyi vəzifəsini yerinə yetirməlidir, ondan sonra istədiyi nəticə hasil olmadıqda isə peşman olmamalı, vəzifəsini yerinə yetirdiyinə görə yaxşı hisslər keçirməlidir. Məsələn siz yolda yaralı bir insan görür və ona kömək etməyin vacib əməl olduğunu düşünərək ilkin tibbi yardım göstərirsiniz, onu xəstəxanaya aparırsınız və s. Lakin bütün bu səylər heç bir nəticə vermir və həmin insan dünyasını dəyişir. Bu zaman siz özünüzü qınamalı, yaxud etdiyiniz yaxşılığa görə peşman olmalısınız? Təbii ki, yox. Çünki siz əlinizdən gələni etmiş, vəzifənizi yerinə yetirmisiniz, nəticə isə sizlik deyil.

Nəticə
İslama görə, insanın üzərinə düşən ilkin dini vəzifə – fiqh termini ilə desək, birinci hökm bəzi şəraitlərdə, o cümlədən daha əhəmiyyətli nəticəni nəzərə alaraq dəyişə bilər. İmam Xomeyninin söylədiyi “Biz vəzifəmizi yerinə yetirməyə əmr olunmuşuq, nəticəyə yox!” cümləsi isə uyğun mövzu xaricindədir və ikinci hökmlərin inkarına dəlalət etmir. Bu cümlədə məqsəd o deyil ki, hər yerdə birinci hökmlərə əməl olunmalı, kənar amillər, şərait və nəticələr nəzərə alınmamalıdır.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, insan şəxsi xarakterlərindən irəli gələrək, yaxud şeytan təhrikləri ilə özünə bəhanələr tapıb birinci hökmdən qaçmamalıdır. Necə ki, ikinci hökmün qəti şəkildə bilindiyi yerdə də birinci hökmə əməl etmək düzgü sayılmır.

Vüsal Hüseynzadə

“Vəzifə, yoxsa nəticə?” üçün bir şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir