Həzrət Məsumənin (s) həyatına qısa bir baxış

Həzrət Fatimeyi-Məsumə (ə) hicri tarixi ilə 173-cü ildə, zil-qədə ayının birində, müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. O Həzrətin atası, yeddinci imam Həzrət Musa Kazim (ə) və anası Nəcmə Xatundur. Xanım Fatimənin (ə) valideynləri əzəmətli əxlaqi fəzilətlərlə zəngin olmuşdur. O cümlədən; ibadət, zahidlik, iman, təqva, sadiqlik və səbirlilik, bağışlamaq, məsumluq, həmçinin Allahı daim xatırlamaq və sair kimi dəyərli üstünlüklər, bu pak ailənin misilsiz xüsusiyyətlərindən hesab olunurdu. Xanım Məsumə (ə) məhz belə bir ailədə dünyaya göz açmış və tərbiyə almışdır. Onun babaları (nəsilləri) hidayət yolunun günəşləri, peyğəmbərlik və imamət məqamının sahibləri olmuşdur.


Bu xanımın adı və ləqəbləri:
 Xanımın adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. “Kərimeyi-Əhli-beyt” kitabında verilən mötəbər sənədlərə əsasən, bu ləqəb, ona günahsız və məsum olduğu üçün verilibdir. Digər ləqəbləri isə aşağıdakılardan ibarətdir: Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə və Üxtür-Rza.
 Yeddinci əsrdə yaşamış sünni alimi İbn Cövzi, İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız övladını qeydə alıb:
1.Fatimeyi-Kubra
2.Fatimeyi-Suğra
3. Fatimeyi-Üxra
4. Fatimeyi-Vüsta
 Qeyd etmək lazımdır ki, Fatimeyi-Kubra həmin Həzrət Məsumədır (s.ə). Onun müqəddəs məzarı İranın Qum şəhərində yerləşir və müsəlmanların ziyarətgahına çevrilib.
 Fatimeyi-Suğra  “Bibi Heybət” adı ilə tanınır. Onun məzarı Azərbaycanın Bakı şəhərinin cənub girəcəyindədir və hər gün yüzlərlə insan həmin məzarı ziyarət edirlər.
 Fatimeyi-Üxra, tarixdə “İmam bacısı” ləqəbi ilə məşhurlaşıb. O, İranın Rəşt şəhərində dəfn olunub və müqəddəs məzarı xalqın ziyarətgahıdır.
 “Sitti-Fatimə” ləqəbi ilə tanınan, Fatimeyi-Vüsta isə İranın İsfahan şəhərində dəfn edilib və onun məzarı da ziyarətgahdır.

 Fəzilətlər məzhəri:
 Həzrət Məsumənin (ə) əzəmətli əxlaqi, mənəvi və elmi xüsusiyyətləri bütün qadınlar üçün dəyərli örnəkdir. Məsumlardan (ə) nəql olunan rəvayətlər,  bu xanımın nə qədər yüksək fəzilət və məqam sahibi olduğunu daha da aydınlaşdırır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurub: “Hər kəs, vəfatımdan sonra məni ziyarət etsə, sanki məni diriliyimdə ziyarət edib! Fatiməni (ə) ziyarət edən, sanki məni ziyarət edib! Əli İbn Əbi Talibi (ə)  ziyarət edən, sanki Fatiməni (ə) ziyarət edib! Həsən (ə) və Hüseyni (ə) ziyarət edən, sanki Əlini (ə) ziyarət edib! Onların övladlarını ziyarət edən, sanki Həsən (ə) və Hüseyni (ə) ziyarət edibdir!” ( Biharül-ənvar, c. 44, səh. 287)
 Başqa bir hədisdə, İmam Sadiq (ə) belə buyurur:”Agah olun ki, Allahın hərəmi  Məkkə, Peyğəmbərin (s.) hərəmi  Mədinə,  Əmirəl-möminin Əlinin (ə) hərəmi  Kufədir! Bilin ki, mənim və məndən sonrakı övladlarımın hərəmi Qum şəhəridir. Agah olun ki, Qum şəhəri bizim kiçik Kufəmizdir. Mənim övladlarımdan Musanın (ə) qızı Fatimə adlı bir xanım, orada (Qum şəhərində) dünyasını dəyişəcək.  Onun şəfaəti vasitəsilə bizim bütün (ləyaqət sahibi olan) şiələrimiz behiştə daxil olacaqlar.” ( Müstədrək, c. 10, səh. 368, hədis. 12196)

 Elmi məqamı:
Qeyd etdiyimiz kimi, Həzrət Fatimə (ə) elm , təqva və əxlaqi fəzilətlərin ən ali şəkildə hökm sürdüyü bir ailədə böyüyüb boya-başa çatmışdır. O, kiçik yaşda ikən, atası İmam Kazim (ə) Bağdadda Harun ər-Rəşidin əmri ilə zindanda şəhid edildikdən  sonra, oğlu İmam Rza (ə) öz qardaş və bacılarının təlim və tərbiyəsini, həmçinin ailəni maddi cəhətdən idarə etməyi öhdəsinə götürdü. Həzrət Rzanın (ə) nəzarəti altında, İmam Kazimin (ə) hər bir övladı uca məqamlara nail olub, üstünlükləri dillər əzbəri oldu. İbn Səbbağ Maliki belə nəql edir: “İmam Rza (ə) dan  sonra, İmam Kazimin (ə) övladları arasında ən elmli və ən əxlaqlısı xanım Məsumədir (s).”
 Nəql olunubdur ki, bir gün, bir qrup şiə İmam Musanı (ə) görmək və ona olan suallarını soruşmaq üçün Mədinə şəhərinə gəldilər. İmam Kazım (ə) səfərdə olduğuna görə, öz suallarını kiçik yaşlı Məsuməyə (ə) verdilər ki, İmama (ə) çatdırsın. Ertəsi gün, yenidən İmamın evinə gəldilər, amma İmam Kazım (ə) hələ də səfərdən qayıtmamışdı. Naçar qalıb, xanım Məsumədən (ə) sualları qaytarmasını istədikləri zaman, Həzrət Məsumənin (ə) sualların cavabını yazdığını gördülər. Sevincək halda təşəkkür edib, Mədinə şəhərini tərk etdilər. Təsadüfən yolda İmam Musa (ə) ilə rastlaşdılar və hadisəni İmama (ə) danışdılar. İmam Musa Kazim (ə) sualların cavabını oxudu və üç dəfə belə buyurdu: “Atası fəda olsun ona”.
 Bu bir həqiqətdir ki, məsum imamların (ə) xanım Məsumə (ə) barədə bəyan etdikləri təriflər və onun sahib olduğu əzəmətli xüsusiyyətlərdən aydın our ki, o, Həzrət Zeynəb (ə) kimi oxumamış alimə olmuşdur.


 Qum şəhərinə gəlişi:
 Hicri-qəməri tarixi ilə 200-cü ildə İmam Rza (ə) xəlifə Məmunun israr və təhdidindən sonra qohum-əqrəbalarından ayrılıb Mərvə tərəf getməyə məcbur olur. Qardaşından ayrı düşən Məsumə (ə) həsrətə dözə bilməyib, bir müddətdən sonra, onu görmək üçün bacı-qardaşları və yaxınlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün şəhər və məntəqələrdə camaat onları təntənə ilə qarşılayır, məhəbbət göstərirdilər. Karvan Savə şəhərinə çatdıqda, qabaqcadan hazırlanmış bir dəstə xəlifə məmuru karvana hücum edib, bütün kişiləri şəhadətə yetirirlər. Bir rəvayətə əsasən, hətta xanım Məsuməni (ə) zəhərləyirlər. Hər halda, bu xanım, ya çoxlu qəm-qüssə, yaxud da, zəhərlənmə nəticəsində xəstələnərək, Xorasana gedə bilmədi. Xorasana gedə bilmədiyini görən Məsumə (ə), ətrafındakılardan onu Qum şəhərinə aparmasını istədi. Çünki,  atası İmam Kazimdən (ə) eşitmişdi ki, Qum şəhəri şiələrin məskənidir. Nəhayət, onu Qum şəhərinə gətirdilər. Orada on yeddi gün yaşadıqdan sonra, Allahın dəvətinə ləbbeyk deyib behiştə tərəf qanad açmışdır. Onun kim tərəfindən dəfn edildiyi barədə dəqiq bir məlumat əldə olunmayıb. Belə nəql edirlər ki, xanımın müqəddəs məzarını hazırladıqdan sonra, qiblə tərəfindən üzlərinə niqab bağlamış iki atlının sürətlə onlara tərəf yaxınlaşdığı görülüb. Onlar  cənazəyə namaz qıldıqdan sonra, biri qəbrin içərisinə daxil olub, o birisi isə cənazəni götürüb ona vermişdir. Hər ikisi dəfn mərasimini başa çatdırıb, kimsə ilə danışmadan atlarına minib, oradan uzaqlaşmışlar.
 Həmin iki nəfərin kimliyi oradakılara məlum olmasa da, onların İmam Rza  (ə) və İmam Cavad (ə) olması ehtimal edilir. Bunun ardınca, Həzrət Məsumənin (ə) müqəddəs məzarı şiələrin və müsəlmanların ziyarətgahına çevrilmişdir.

 Həzrət Məsuməni (ə) ziyarət etməyin savabı:   
 Həzrət Məsuməni (ə)  ziyarət etməyin fəziləti barədə Məsumlardan (ə) çox sayda hədislər bu günə qədər gəlib çatmışdır. O cümlədən, Qum şəhərinin məşhur hədis ravilərindən olan Səd ibni Səd İmam Rzanın (ə) hüzurunda olduğu zaman, İmam (ə) ona buyurdu: “Ey Səd! Bizdən (bizim nəsildən) sizin şəhərdə bir məzar vardır. Səd soruşdu: Canım fəda olsun sənə! İmam Musanın (ə) qızı xanım Fatimənimi (ə)  deyirsiniz ? İmam buyurdu: “Bəli. Onu məqamı ilə tanıyıb ziyarət edən şəxsə, behişt vacib olar.” Sonra buyurdu: “Onun qəbri kənarına çatdıqda, baş tərəfində üzü qibləyə dayanıb, 34 dəfə ” Allahu əkbər “, 33 dəfə ” Subhənallah “, 33 dəfə ” Əlhəmdulilləh ” deyəndən sonra, ziyarətnaməni oxuyun.” ( Biharül-ənvar, c. 48, səh. 316)
 İmam Rza (ə) buyurub: “Qum şəhərində Məsuməni (ə) ziyarət edən, sanki məni ziyarət edib!” ( Nasixüt-təvarix, c. 3, səh. 68)
 Başqa bir hədisdə İmam Cavad (ə) buyurub: “Qum şəhərində bibimin qəbrini ziyarət edən, behiştə daxil olar “. ( Kamilüz-ziyarət, bab. 106, səh. 338)
 Xanım Məsumənin (ə) elmi, əxlaqı, fəziləti, şəfaəti və sair sifətləri barədə çox sayda hədislər nəql olunmuşdur. Onun barəsində deyiləsi çox sözlər vardır, amma biz bununla kifayətlənirik və bəhsimizi sona yetiririk. Allah-taala, xanım Fatimeyi-Məsumənin (ə) bu dünyada ziyarətini, axirətdə şəfaətini hamımıza nəsib etsin! Amin!

Yazar

Paylaş !

Facebook
WhatsApp
Rəy bildir !

Son yazılar

Bizi izlə !

Kəbə canli izlə !

Gürcustan islam araşdırmalar mərkəzi