Səhabələr dindən döndülərmi ?

Nə qədər qəribə və absurd görünsə də, Peyğəmbərimizin vəfatından sonra bir neçə nəfərdən başqa bütün səhabələrin dindən döndüyünü düşünənlər, az da olsa, var. Onlar iddialarını isbatlamaq üçün aşağıdakı və digər oxşar hədislərə istinad edirlər:

Əbu Hüreyrə Peyğəmbərin bu məzmunda buyurduğunu söyləyir: “(Qiyamət günü) mənim tanıdığım bir qrup adamı gətirəcəklər. Aramızdan bir mələk deyəcək ki, gəlin. Mən deyəcəyəm ki, onları haraya aparırsan? Deyəcək ki, cəhənnəmə aparıram, çünki onlar səndən sonra pis keçmişlərinə döndülər. Sonra başqa bir qrup da gələcək və onları da eyni səbəbdən cəhənnəmə aparacaqlar. Onların (səhabələrimin) çox cüzi bir qismi xilas olacaq”. (Səhih-Buxari, h: 6587. Həmçinin bax: 6576, 6582, 6584, 6585, 6586, 6593)

Sədir Seyrəfi İmam Baqirin belə buyurduğunu söyləyir: “Peyğəmbərdən sonra üç nəfərdən – Miqdad, Əbuzər və Salmandan başqa hamı döndü”. (Əl-Kafi, 8/245)

Misallardan da göründüyü kimi, bu kimi hədislərin böyük əksəriyyətində “irtəddə” (döndü) feilindən istifadə olunmuşdur ki, heç də həmişə İslamdan dönmək və küfrə qayıtmaq mənasını ifadə etmir. Burada əsl imanın bəzi şərtlərindən dönmək, İslamdan öncəki irqi təəssübkeşlikləri qabartmaq, Peyğəmbərin həzrət Əli haqda tapşırıqlarına əməl etməmək, yaxud qızı Fatiməyə qarşı bəzi haqsızlıqlar nəzərdə tutula bilərdi, amma bu da doğru deyil, çünki bu növ yanlışa yol verməyənlər də 3, 4, 5 və ya 7 nəfər yox, olduqca çox olmuşdur. Peyğəmbərin vəfatından sonra onlarla səhabə ilk xəlifəyə beyətdən imtina edərək İmam Əlinin evinə toplaşmışdılar.

Peyğəmbərin vəfatından sonra bir neçə nəfərdən başqa bütün səhabələrin dindən çıxdığını düşünmək Qurani-kərimin səhabələrə dair ayələrinə də ziddir, Əhli-beyt imamlarının davranışlarına və sözlərinə də. Nümunə üçün, Fəth surəsinin 29-cu ayəsində oxuyuruq: “Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur”.

Biz bu ayənin bütün səhabələrə aid olmadığını yaxşı bilirik. Bəzi səhabələrin Peyğəmbərdən sonrakı haqsızlıqlarından da xəbərimiz var. Amma buna da əminik ki, sonradan 3-5 nəfərdən başqa hamısı dindən dönəcək insanlar nə Quranda belə vəsf olunardı, nə də Tövrat və İncildə.

Əhli-beyt imamlarının davranışı da sözügedən iddianı rədd edir. Tarixdən bəllidir ki, imamlar, xüsusən də İmam Əli ilk xəlifələr daxil Peyğəmbər səhabələrilə müsəlman kimi rəftar etmiş, onları hətta Əməvi şahları ilə müqayisəyə gəlməyəcək dərəcədə üstün tutmuşlar. Məsələn, İmam Əli buyurur:

“Mən Məhəmmədin səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər… Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar. Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və güclü küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər”. (Nəhcül-bəlağə, xütbə 96)

İndiyə qədər bu növ hədislərin mətninə dair bəzi iradları qeyd etdik, amma onların böyük əksəriyyəti rəvayət sənədi baxımından da qüsurludur. Həm də qeyd etmək yerinə düşər ki, bu hədislər əsasən, Əhli-sünnə məzhəbinə xas hədis kitablarında gəlmişdir. Əhli-beyt məzhəbinin ən əsas hədis kitabı olan əl-Kafidə bu məzmunda 1-2 zəif hədis varsa, onun yarısı qədər olmayan və bəzilərinin bütünlüklə mötəbər saydığı Səhih-Buxaridə isə belə hədislərin sayı daha artıqdır.

Deyilənlərə əsasən, Peyğəmbər səhabələrinin əksərinin mürtəd olması Şiə görüşü deyil. Əhli-beyt alimlərinin yüzdən artıq səhabəni etimadlı rəvayətçi bilib, onlardan hədis nəql etmələri buna aydın dəlildir. Əslində, müsəlmanlar arasında fitnə salmaq üçün dəridən-qabıqdan çıxan vəhhabi sələfilərinin özləri bunu cavablandırmalı və ən əsas qaynaqlarında yer almış onlarla belə hədisdən ötrü məntiqi açıqlama verməlidirlər.

Yazını Əhli-beyt məzhəbinin ən görkəmli alimərindən olmuş Şəhid Sədrin Peyğəmbər səhabələri haqda sözü ilə bitiririk: “Səhabələr iman və aydınlıq öncülləri olaraq əsl İslam ümmətinin formalaşması üçün ən dəyərli və uyğun toxumlar idilər. Belə ki bəşər tarixi Peyğəmbərin yetişdirdiyi nəsildən daha üstün və pak inanclı nəsil görməmişdir”. (“Bəhs həul əl-vilayə”, 74-75)

Dr. Vüsal Hüseynzadə

İSLAMIN KARİKATURASI

Qurani-kərim hidayət mənbəyi olmaqla yanaşı, eyni zamanda fərd və toplum üçün lazım olan qanunların ümumi müddəalarını ehtiva edən müqəddəs kitabdır. Onun ortaya qoyduğu qanunlar Peyğəmbər və imamlarımızın izahında daha geniş və şəffaf şəkildə açıqlanır, qəti əqli dəlillərlə yanaşı İslam dininin, onun ideologiyasının, hüquqi-praktik və etik normalarının özəyini təşkil edir. İslam dini – kamillik məktəbidir. Bu din insanların həm dünya, həm də axirət səadətinin qarantıdır, onların maddi və mənəvi həyatını tənzim edir. Lakin təbiidir ki, bu dinə iman bəsləyən insanların hamısı uyğun məktəbin şagirdlərinə çevrilmirlər. Günəşin də insanlara çoxlu faydası var, amma ondan qaçanlar üçün yox. İslam dini yalnız kamillik axtarışında olanları, maddi aləmdən cana doyub mənəviyyat vadisinə qədəm qoyanları, Allah zikrindən başqa heç  bir şeyin dərman olmadığını düşünənləri, Allahın razılığı olmayan yerdə bütün var-dövlətin, cah-calalın, şan-şöhrətin bir quruşa dəymədiyini bilənləri məqsədə çatdırır, mütləq kamala qovuşdurur…

Görəsən biz bu kamilliyin harasındayıq, İslam məktəbinə yazılmışıqmı? İndiyədək həyatımızın neçə faizini islamlaşdırmışıq?

Bizə məlumdur ki, Allah-Taala insanlara örnək olsunlar deyə, kamil insanlar göndərib. Bu insanlar ilahi peyğəmbərlər və məsum imamlardan ibarətdir. Onlar Allahın dinini nəzəri cəhətdən öyrətməklə yanaşı, həm də praktiki cəhətdən canlı din olmuşlar. Onların əməli olaraq yaşadıqları İslam bir insan kimi təsəvvür olunsa, çox normal və sağlam bir insan şəkli cilvələnər. Məsum olmayan möminlərdən də belə bir İslamı yaşayanlar var təbii. Amma təəssüf ki, əksər hallarda yaşadığımız din heç də kamil İslam formatında deyil. Dinin bəzi göstərişləri bizim üçün hədsiz əhəmiyyət kəsb etdiyi halda, bəzi göstərişləri unudulmuş, yaxud lazımi əhəmiyyətini itirmişdir.

Bir xarici dini filmi xatırlayıram: “Qanun kitabı”. Bu filmdə, yeni müsəlman olmuş və müsəlmanların ölkəsinə gəlmiş bir gəlin ətrafındakıların İslamdan çox-çox uzaq olduğunu görüb, aşağıdakı məsələlərə qarşı iradını bildirir: qeybət etmək, müştəriləri aldatmaq, saxlanma müddəti bitmiş məhsulları satmaq, insanlarla kobud danışmaq, küsülü qalmaq, uşaq saldırmaq və s. Özlərini çıxılmaz vəziyyətdə görən qohumları isə avropalı gəlinlərinə bu məsələlərdə irad bildirirlər: namazın bəzi sözlərini düzgün tələffüz edə bilməmək, xörəyə sarımsaq vurmaq, ayaqyoluna sağ ayaqla daxil olmaq, almanı sol əllə yemək və s. Burada xarici ssenarilərə müraciət etdiyim üçün məni mütləq qınayacaqsız.
Axı əcnəbilərə baxmağa nə lüzum var, məgər öz ətrafımızda (oxu: həyatımızda) azmı belə ssenarilərdən? Namaz qılmayanı ağız dolusu məzəmmət etdiyimiz halda, nə qədər sübh namazlarımız qəza olur? Şərab içənə nifrət edərkən, qeybət edəni məclisimizin başında oturdub, sözlərinə bəh-bəh demirikmi?! İslam dininin nizam-intizama, qayda-qanuna dəvət etməsindən ağız dolusu danışıb, yol hərəkəti qaydalarını pozmuruqmu, küçələrə, yollara zibil tökmürükmü?! Yersiz yerə azmı qışqırmışıq həyat yoldaşımızın başına?! Yoxsa dilimizə acı söz gətirmir, ətrafımızdakıların hüquqlarını dəqiqliklə yerinə yetiririk?! İslam və insanlıq düşmənlərinin mallarını boykot etməli olduğumuz halda, belə ölkələrin mənafeyinə xidmət edən alış-verişlərimiz yoxmudur?! Hətta ehsan süfrələrimizi belə, sionistlərin nestle, koka-kola və pepsiləri bəzəmirmi?!

Bəzən irfana və abidliyə qapanıb dünyadan qafil oluruq, bəzən də siyasətə qurşanıb əxlaqdan uzaqlaşırıq! Qulağımızın dibində top atılsa, diksinmərik, hər gün öldürülən insanlara, yetim qalan körpələrə, dul qalan gəlinlərə görə heç tükümüz tərpənmir. Gecə namazı qılanlarımızın bəziləri özlərinin düşük sözlərilə Allahı ələ salmaqda, Peyğəmbər və imamlarımızı gülünc vəziyyətdə qoymaqda, qərbpərəst cavanlarımızsa Quranda səhv axtarışında. Bəzən səcdələrimizin uzunluğundan alnımız qabar olur, amma xüms, zəkat və digər şəri ödənişlərdən söhbət düşəndə özümüzü eşitməzliyə vururuq. Söyüşü, yalanı, israf etməyi, söz verib əməl etməməyi, qərar yerinə gecikməyi, paxıllıq etməyi, təkəbbürlülüyü, acıdilliliyi, bəd gümanları və digər qəbahətli xüsusiyyətləri necə, özümüzdən uzaqlaşdıra bilmişikmi? Deyilənə görə, o dünyada əməllərimiz insan kimi canlanacaq. Deyirəm əgər bu dünyada İslamın karikaturasını yaşasaq, o tərəfdə əməllərimizdən yaranan İnsan hansı vəziyyətdə olacaq?

P.S: Yazıda göstərilən problemlər düşündürmək üçündür. Eyni zamanda, onların ən kamil insanlar üçün belə faydasız olmayacağına əminəm.

Dr. Vüsal Hüseynzadə

Sosial şəbəkələrdə Dr. Şəriəti davası

İyirminci əsrin tanınmış müsəlman mütəfəkkirlərindən olan Doktor Əli Şəriəti eyni din və məzhəbdən olan insanların, hətta böyük din alimlərinin iki cinaha ayrılmasına səbəb olan fenomen olaraq qalır. Kimisi onu inqilabçı lider, kimisi isə xalq qüvvələrini parçalayan xain, kimisi dahi islamşünas, kimisi isə İslamdan xəbərsiz dil pəhləvanı, kimisi əsl müsəlman və mömin, kimisi isə kafir adlandırır. Elə özü də deyirdi ki, Səudiyyə Ərəbistanında mənə radikal şiə, İranda isə vəhhabi deyirlər.

Qısa arayış: Əli Şəriəti 23 noyabr 1933-cü ildə İranın Səbzəvar rayonunun Məzinan qəsəbəsində dindar ailədə anadan olub. Babası Şeyx Mahmud və ulu babası Şeyx Qurbanəli ruhani olmuşlar. Atası Məhəmmədtağı Məşhəd Elm Hövzəsində təhsil almış, sonralar isə klassik fəaliyyət istiqamətini dəyişdirərək orta məktəbdə müəllim işləmişdir. Buna baxmayaraq, o, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etmiş, ictimai ədalət uğrunda mübarizə aparmışdır. İlk dini təhsilini atasından öyrənən Əli Şəriəti Məşhəd Ədəbiyyat İnstitutunda Fars ədəbiyyatı, 1959-1963-cü illərdə isə Parisin Sorbon universitetinin doktorantura pilləsində Ədəbiyyat və tarix üzrə təhsil alsa da, dünya şöhrətli müəllimlərindən dini sosiologiya və dinlər tarixi sahəsində bilgilər almış, İslam üzrə tədqiqatlar aparmışdır. Şəriətinin 1968-ci ildə Məşhəd Ədəbiyyat İnstitutunda, sonra isə Tehranın İrşad hüseyniyyəsində başlayan dərs, çıxış və mühazirələri 1971-ci ildə sözügedən hüseyniyyənin bağlanması ilə sona çatdı. Əli Şəriəti 1977-ci ildə İngiltərənin Southampton şəhərində qaldığı evdə ölü tapıldı. Ürək xəstəliyinin olmadığını, İran və ABŞ rejimlərinə qarşı sərt çıxışlar etdiyini, İran konsulluğunun tez bir zamanda onun ölümündən xəbər tutub həmin evdə axtarışlar apardığını və cəsədin ekspertizaya göndərilməsinə maneçilik törədildiyini nəzərə alaraq, onun qətlə yetirildiyi iddia olunur.

Mənsub olduğu Şiə firqəsinin ən öndə gedən alimlərinin onun barəsindəki çox ziddiyyətli fikirləri aşağı qatlarda çox gərgin anlaşılmaz durum yaradır. Onun həm müxalifləri, həm də tərəfdarları arasında çox ciddi adlara rast gəlmək mümkündür. Belə ki, Əllamə Təbatəbai, Ustad Mütəhhəri, Əllamə Əsgəri və Misbah Yəzdi kimi alimlər onun müxalifləri, Musa Sədr, Behişti, Taliqani, Çəmran, Xamenei, Məhəmmədtəqi Cəfəri və Meşkini kimi şəxsiyyətlər isə tərəfdarları sırasına daxildirlər. Əslində müxalifləri arasında onu kafir sayanlar da var, mömin olub çox kobud və təhlükəli səhvlərə yol verdiyini düşünənlər də; tərəfdarları arasında da ona pərəstiş edənlər də var, bəzi böyük səhvlərə yol verdiyini düşünən, lakin bunlara rəğmən, əsərlərinin ümumilikdə faydalı olduğunu söyləyənlər də. Feysbuk sosial şəbəkəsindəki müzakirələrin çox zaman nəticəsiz qalmasının səbəbi də məhz budur. Bu baxımdan onu araşdırarkən kiminsə sözünə istinad etmək uğursuz metoddur. Uyğun mühakimə üçün ən əlverişli metod isə əsərlərindən sitat gətirmək, fikirlərini tənqid etməkdir.

Təbii ki, sözügedən müzakirələrdə bu metoddan da istifadə olunur. Əsərlərindən gətirilən sitatlar isə kifayət qədər ciddi və ağırdır. Bu sitatlarla bəzən onun müsəlman olmadığını, bəzən Qurana qarşı çıxdığını, bəzən İslam qanunlarını aşağıladığını iddia edirlər. Şəriətinin tərəfdarları da öz növbələrində bu iradların bəzisinə cavab verir və onları əsassız sayır, bəzisini isə onun səhvi kimi qəbul edirlər. Onlara görə, oxşar mövzularda səhvsiz kitab və alim yoxdur, həm də 36 cild əsəri olan bir alimin bu qədər səhvinin olması normaldır.

Müzakirələr davam edir və güman ki, hələ illərlə, bəlkə də əsrlərlə davam edəcək. Bu müzakirələrdə Şəriətinin müxaliflərinə insaf və ehtiyat, tərəfdarlarına isə dözümlülük və haqqa sarılmaq arzulayırıq. Şəriətini gözdən salmaq üçün bəzi cümlələrini kontekstdən çıxarmaq, yaxud məcazi mənada, bədii üslubda yazdıqlarını vəhhabisayağı üsulla küfr adlandırmaq, eləcə də onu məsum həddinə çatdırıb hər bir eyib və nöqsandan uzaq saymaq, İslamın və müsəlmanların durumuna dair nalələrindən dolayı ona qarşı hər bir tənqidi qərəzli bilmək doğru olmaz. Həm də unutmaq olmaz ki, möminlərin bir məsələdə fikir ayrılıqlarının olması fəlakət deyil, çox təbii məsələdir. Bu gün canlı İslam aramızda deyilsə, hərənin beynində İslama dair bir cür təsəvvür mövcuddursa, belə fikir ayrılıqları da olmalıdır. Həm də bir məsələyə baxışları çarpazlaşan möminlər başqa min məsələdə həmfikir olduqlarını, eyni amalları bölüşdüklərini yaddan çıxarmasınlar.