“Həzrəti Loğman (ə) ləyaqətli ata nümunəsi”

İlahiyyat elmləri doktoru:

Dr. Nicat Yəhyazadə

İnsan fitrətən təkamülə meyilli bir varlıqdır. Bu hissi isə Allah insanı yaradarkən onun zatında qoymuşdur. Təkamülə nail olmaq hissi düzgün tərzdə təmin olunmadıqda, insanda müəyyən ruhi və psixoloji çatışmamazlıqlar ortaya çıxır. Din isə ilk növbədə bu problemlərin ortaya çıxmaması üçün, profilaktik tədbirlər görür. Bu sahədə problem yaşandıqda isə, onun həlli yollarını da açıqlayır. İnsanın təkamülə çatmaq sahəsində olan fitri istedadını çiçəkləndirməyin ən əsas yolu və metodu, insani və ilahi xüsusiyyətlərə sahib olan kəsləri özünə nümunə götürməkdir. Yəni öz danışıq və rəftarını onun danışıq və rəftarı ilə uyğunlaşdırmasıdır. Bu isə elə uşaqlıq yaşlarından başlamalı və valideynlər öz övladları üçün layiqli nümunə və ülgü olmalıdırlar.

Quranda həzrət Loğman (ə) öz övladına nisbətdə canıyanan və nəsihət verən bir ata kimi göstərilmişdir və Loğman (ə) öz növbəsində bütün ata-analar üçün ilahi bir nümunə hesab edilir. Bunu da qeyd etmək lazımdır ki, nümunə olan hər bir şəxs ilk növbədə özü ilahi xüsusiyyətlərə sahib olmalıdır. Bir sözlə, dediyi ilə əməli bir-birini təsdiqləməlidir. Əks halda qarşı tərəfdə çaşqınlıq yaradacaq və onun üçün təkamülə çatmaq yolunda maniələr icad edəcəkdir. Burada Loğmanın (ə) öz övladına verdiyi bəzi nəsihətlərə işarə edirik. Bütün övladlar isə belə yol göstərən nəsihətləri öz atalarından eşitmək haqqına malikdirlər:

1. Tövhidə (təkallahlılığa) dəvət:

 “Oğlum! Heç nəyi Allaha şərik qoşma, çünki Allaha şərik qoşmaq böyük zülmdür! (“Loğman” surəsi, ayə 13)

İnsanın təkamül yolunda addımlaması üçün ona su kimi lazım olan birinci məsələ, yaradana və onu tərbiyə edən Allaha doğru əqidə bəsləmək və əməllərini də inancına münasib olaraq tənzimləməsidir. Övladlarda Allaha nisbət olan inancın düzgün formalaşmasında valideynlərin əvəzsiz rolu vardır. Valideynlər bu sahədə övladlarına yaxşı nümunə ola bilərlər. Övladları elə uşaqlıqdan Allaha bağlı böyütməli və onların Allah barədəki suallarına məntiqli cavab verməlidirlər. Lakin diqqətli olmaq lazımdır ki, uşaqların Allah barədə olan suallarına onların düşüncə və yaş həddinə əsasən cavab verilsin. Bu barədə yazılan kitabları mütaliə etmək, məsləhətdir.

2. Məadı (ölümdən sonrakı həyatı) xatırlatmaq:

 “Oğlum! Bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu gətirər. Allah dəqiq, xəbərdardır. (“Loğman” surəsi, ayə 16)

Valideynlər öz övladlarına Allahı doğru-düzgün tanıtdırmaqla yanaşı, məadı da yəni bu dünyadan sonrakı əbədi yaşayacağımız dünya ilə də tanış etməlidirlər. Təbii ki, bu tanışlıq onların öz hədlərində olmalı və onlarda çaşqınlıq yaratmamalıdır. Axirət aləminin xüsusi özəlliklərindən o cümlədən orada olan misilsiz nemətlərdən söz açmaq ilkin tanışlıq üçün məqsədəuyğundur. Həmçinin insanın yaxşı və pis əməllərinin mükafat və cəzasının bu dünyadan əlavə, axirət dünyasında da veriləcəyi barədə izah verilməsi yerinə düşər.

3. Namaz qılmağı tövsiyə etmək:

 “Oğlum! Namaz qıl!” (“Loğman” surəsi, ayə 17)

Yaxşı nümunəvi valideyn öz əməli ilə ev mühitində namaz əhval-ruhiyyəsini yaratmalı və övladlarını bu yaxşı işə təşviq etməlidir. Lakin bu işdə icbar və təhdidə əsla yol vermək olmaz. Valideyn elə şərait qurmalıdır ki, övlad öz xoşu ilə namaz qılmağa həvəslənsin. Bunun da ən başlıca yolu öz həddində, namazın dünya və axirətdə olan xeyir və faydalarını ona öyrətmək və namazı tərk etməyin dünyadakı və axirətdəki ziyanları barədə onu məlumatlandırmaqdır.

4. Əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz munkər (pis işlərdən çəkindirmək):

 (Oğlum!) Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə! (“Loğman” surəsi, ayə 17)

Valideyn əgər özü yaxşı işlərə dəvət edərsə və pis işlərdən çəkindirərsə, bu övladın fərdi və ictimai münasibətlərində müsbət izlər buraxa bilər. Valideyn bu sahədə övlada yaxşı nümunə olmaqla, onu cəmiyyətdə baş verən neqativ hallara qarşı biganə yanaşmamasına zəmin yaradır. Həmçinin onda elə kiçik yaşlarından cəmiyyətdə hər hansı bir səhv addımla qarşılaşdıqda, yerindəcə öz etirazını bildirmək xüsusiyyətini formalaşdırır.

5. Müsibətlərdə dözümlü olmaq:

 “Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir. (“Loğman” surəsi, ayə 17)

Ümumiyyətlə övladın iradəsinin möhkəmlənməsində valideynin rolu bilavasitədir. İradənin zəif ya güclü olması isə çətinliklər zamanı biruzə verir. Övladının gələcəkdə fərdi və ictimai fəaliyyətlərdə uğur qazanmasını istəyən və onun elm və mənəviyyat yolunda uca zirvələri fəth etməyini arzulayan valideynlər, elə kiçik yaşlarından övladın iradəsini gücləndirməlidirlər. Ona öz həddində müəyyən iş tapşırmaq və tapşırılan işi layiqincə yerinə yetirə bilmədiyi təqdirdə onu yenidən cəhd etməyə həvəsləndirmək, övladda iradənin güclənməsinə səbəb olan tərbiyə metodlarından sayılır. Həmçinin onun müsbət xüsusiyyətlərini qabardaraq xatırlatmaq və mənfi cəhətlərini islah etməkdə onun yanında olmaq da, bu sahədə olduqca təsirli tərbiyə metodlarından hesab edilir.

6. Camaatla yaxşı davranmaq:

 “İnsanlardan etinasızlıqla üz çevirmə! (“Loğman” surəsi, ayə 18)

İnsan ictimai varlıq olduğundan digərləri ilə davranışında son dərəcədə diqqətli olmalı və öz rəftarına nəzarət etməlidir. Əks təqdirdə onların dil və əl yaralarına məruz qalar. Nümunəvi valideyn öz övladına ictimai əxlaq qaydalarını öyrətməli və onları həyata keçirtməkdə ona nəzarət etməlidir. Çünki ola bilsin övlad valideynindən bir nümunə olaraq ictimai əxlaq qaydalarını nəzəriyyə şəkilində öyrənsin, lakin onları praktiki həyatda tətbiq etməkdə yalnışlığa yol versin. Buna görə də valideyn yalnız ictimai əxlaqı övladına öyrətməklə kifayətlənməməli, əksinə müəyyən yaşa qədər onları həyatda tətbiq etməkdə də onun  yanında olmalıdır.

7. Təkəbbürlü olmaqdan çəkinmək:

 “Yer üzündə özünü darta-darta gəzmə. Allah heç bir özündənrazı təkəbbürlünü sevmir. (“Loğman” surəsi, ayə 18)

Allah bəndələrinin qarşısında təvazökar olmaq Allaha imanı olan insanların ən bariz xüsusiyyətlərindən sayılır. Cəmiyyətdə insanlarla düzgün münasibətin qurulmasında, onlarla lovğalıq və təkəbbürcəsinə rəftar etmək, olduqca mənfi təsirə malikdir. Onun nəticəsi isə ictimai əlaqələrin pozulması və münasibətlərdə soyuqluğun yaranmasıdır. Bu xoşa gəlməz əxlaqın mənfi nəticələrinin valideyn tərəfindən övlada aşılanması, onun bu rəzil sifətdən uzaqlaşmasına zəmin yarada bilər.

8. İşlərdə orta həddi gözləmək:

 “Yerişində orta həddi gözlə, səsini alçalt.” (“Loğman” surəsi, ayə 19)

İslam dini insanlara hər bir sahədə orta həddə riayət etmələrini tövsiyə edir. Bu məsələ hətta ibadət bölməsində də riyət olunmalıdır. Valideyn övladını ibadət sahəsində tərbiyə etdiyi zaman belə, onu bir çox ibadətlərlə yükləyə bilməz. Əks təqdirdə ibadətdən zövq almaq yerinə, onda ibadətə qarşı ikrah hissi yaranar. İfrat və təfrit həmişə insanı haqq yoldan uzaqlaşdıran amillərdən sayılır. Təbii ki, valideyn öz övladına yaxşı nümunə olmaq istəyirsə, ilk növbədə özü hər bir sahədə o cümlədən ibadət sahəsində, orta yolu tutmalıdır.

İnsanın həqiqi tərbiyəçisi olan Allah-taala həzrət Loğman (ə) vasitəsi ilə insan həyatı üçün zəruri olan mühüm tərbiyəvi mətləbləri o cümlədən yaradana və həyatın sonuna (məada) diqqət yetirmək, xeyirxah işlər görmək, əqidələrin sabitliyi, iqtisadi idarəetmə, gözəl əxlaqa yiyələnmək kimi müxtəlif sahələrdə yol göstərərək insanlara düz yolu göstərir. Həqiqətdə isə ata-anaları öz övladları ilə bağlı vəzifələri tanımaq və onların öhdəsində olan vəzifələri yerinə yetirməyə istiqamətləndirir.

Övlad hüquqları məsum kəlamında

İlahiyyat elmləri doktoru

Dr. Nicat Yəhyazadə

İslam dini insan həyatının bütün sahələrinə cavab verə biləcək bir dindir. Bu sahələr insanın fərdi və ictimai həyat tərzini özündə ehtiva edir. Quranla yanaşı məsumların kəlamları da, insan həyatının bir çox sahələrində yaranan sualları cavablandırır. Məsumlar kamil insanlar olduğuna görə, digər insanları da kamillik yoluna dəvət etmişlər. Buna görə də İslami hədislərdə övladların hüquqlarına xüsusi diqqət yetirilmişdir. Bu isə onların üstün dəyərə malik olmasını çatdırır.

Məsum imamların (ə) danışıq və əməllərində övladların hüquqları ilə bağlı açıqladıqları saysız nümunələr, hədis mənbələrində mövcuddur. Hətta, övlad dünyaya gəlməmişdən öncə onlar üçün məsələn, ləyaqətli ananın seçilməsi, dölün qorunması, həmçinin, övlad doğulduqdan sonra, onun qulağına azan və iqamənin oxunması, əqiqə (qurban) kəsilməsi və sairə kimi hüquqlar da nəzərdə tutulmuşdur. Hazırda onların bəzilərini araşdırırıq:

Birinci hədis:
Peyğəmbər (s) belə buyurur: “Övladın ata üzərindəki hüququ üç şeydir: Ona yaxşı ad seçsin, ona yazmağı öyrətsin və həddi-büluğa çatdıqda, onu evləndirsin.” (Məclisi, “Biharul-ənvar”, c. 101, səh. 92)

İkinci hədis:
İmam Əli (ə) buyurub: “Övladın ata üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quranı öyrətsin.” (İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, c. 19, səh. 365)

Üçüncü hədis:

İmam Zeynul-abidindən (ə) nəql olunan hədisə əsasən övladın valideynin öhdəsində olan üç hüququ bunlardan ibarətdir:

Övlada düzgün tərbiyə vermək və onu gözəl şəkildə ədəbləndirmək; övladı Allaha doğru yönəltmək; və övlada Allaha itaət etməkdə yardım etmək. (Hərrani, “Tuhəful-Uqul”, səh. 263)

Bu üç hədisdən övladlarla bağlı altı önəmli haqqın olduğu anlaşılır

1. Övladlar üçün gözəl adlar seçmək

İnsan ictimai varlıq olduğundan onun cəmiyyətdə özünü doğrultması və nailiyyət qazanmasında, övlad üçün valideynlər tərəfindən gözəl və münasib bir adın seçilməsi olduqca əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu məsələyə diqqət etmir, öz övladları üçün mənasız və xoşagəlməz adlar seçirlər. Bu məsələ keçmişdə olduğu kimi, indi də bəzi ailələrdə gündəmdədir. Bəzən mənasız və xoşagəlməz adlar, hər hansı bir yerdə o cümlədən, məktəbdə, iş yerində, kollektiv arasında, hətta ailədə belə müxtəlif psixoloji narahatçılıqların yaranmasına səbəb olur.

2. Onlara yazmağı öyrətmək

İslam dini elmə və elm öyrənən kəsə olduqca dəyər verir. Bu isə həqiqətdə Allahın insana verdiyi dəyər və yüksək qiymətin nümunəsidir. Çünki insan həyatında elm ona su və hava kimi lazımdır. Elmli olmağın əsas yollarından biri isə, onu yazmaqdır. Məhz buna görə də övlad hüquqlarından biri, övlada elm öyrətmək və ona təhsil verməkdir. Lakin valideynlər bu məsələdə bunu da nəzərə almalıdırlar ki, övlada elm və təhsil verməkdə ifrat və təfritə yol verməsinlər. Yəni hər sahədə olduğu kimi elm öyrətməkdə də orta yolu seçmək lazımdır. İlk növbədə elmi onlara sevdirmək və elmin dünya və axirətdəki faydaları barədə onları məlumatlandırmaq tövsiyə olunur. Sonra isə övladların yaş və qavramaq səviyyəsinə əsasən onlara elm öyrədilməlidir. Əks təqdirdə bu iş acı nəticələrlə sona çata bilər.

3. Ailə qurmaqda onlara yardım etmək:

İslamda ailə qurmaq olduqca dəyərli əməllərdən sayılır. Quran ayələri və məsumların kəlamları da bu məsələni daim gündəmdə saxlamış və onun həyata keçməsi üçün təkid etmişlər. Bəzi cəmiyyətlərdə belə təsəvvür edilir ki, valideyn övladı yetkinlik yaşına qədər böyütməli və onu o vaxta qədər nəzarətdə saxlamalıdır. Halbuki övladın daim valideyn nəzarətinə və qayğısına ehtiyacı var. Xüsusi ilə də ailə qurmaq yaşına gəlib çatdıqda, valideynlərin öhdəsinə ağır məsuliyyət düşür.

Övlada Quran öyrətmək

Quran həyat proqramı və Allahın insanlar üçün göndərdiyi sonuncu səmavi kitabdır. Onu oxumaq və həyatda tətbiq etmək hər bir müsəlmana vacibdir. Hədisin məzmununa əsasən valideyn ilk növbədə özü Quran oxumağı bilməli və bacardığı qədər onun göstərişlərinə əməl etməlidir. Belə olduqda öz övladına da Quranı çətinlik çəkmədən öyrədə biləcək və Quranın əmrlərinə əməl etməkdə övladına yaxşı nümunə olacaq. Müasir dövrümüzdə bir çox valideynlər müxtəlif xarici dilləri, min cür zəhmətə qatlaşmaqla övladlarına öyrədirlər və bu yolda bütün səylərini əsirgəmirlər. Lakin Quranı özləri onlara öyrətməkdə və yaxud bu iş üçün müəllim tutmaqdə səhlənkarlıq edirlər.

Övladları yaxşı tərbiyə etmək

Valideynin övladına nisbət ən mühüm məsuliyyətlərindən biri də ona düzgün tərbiyə verməkdir. Övlada təhsil vermək ona bir qanad vermək deməkdir. Lakin onun müvəffəq olaraq təkamül yolunda uca zirvələri fəth etməsi və insanlığın ən pik nöqtəsinə nail olması üçün, elmdən savayı, ikinci qanad yəni övlada tərbiyə vermək və onun mənəviyyatını saflaşdırmaq olduqca mühümdür. Bəzən bu sahədə də ifrat və təfritə yol verilir. Övlada valideyn tərəfindən ancaq təhsil verilir, özü də çox yüksək səviyyədə. Amma tərbiyədən və mənəviyyatdan əsər-əlamət yoxdur. Bu isə cəmiyyətdə bir çox fəsadların ortaya çıxması üçün ən mühüm faktor kimi qiymətləndirilə bilər.

Allaha tərəf yönəltmək və Allaha itaət etməkdə ona yardımçı olamaq

İnsanın yaradılışında ən üstün məqsəd onun öz yaradanını tanıması yəni Ona mərifət bəsləməsi və bəndəlik yolunda yalnız Ona itaət etməsidir. Elə bütün səmavi kitabların və ilahi elçilərin də gəlişinin əsas amalı budur. Valideyn öz övladına bu məsələnin mahiyyətini düzgün çatdırmalıdır. O da bundan ibarətdir ki, insan Allah ilə öz münasibətini düzəltmədikcə, Onun yaratdıqları ilə münasibətini əsla düzəldə bilməz. Bu isə insanın fərdi və ictimai həyatında təzahür edən bir məsələdir. Allahla bəndəlik münasibəti pozularsa, ata-ana, qardaş-bacı, həyat yoldaşı, övladlar, qohumlar və dostlar ilə də münasibətdə ciddi münaqişələr yaranar. Allahın Rəsulu (s) öz övladına düzgün yol göstərən və ona Allaha itaət etmək üçün yardım edən valideyn barədə buyurmuşdur: “Övladına düzgün yol göstərən və yaxşı işlərdə yardım edən ataya, Allahın rəhməti olsun.” (Nuri, “Mustədrəkul-vəsail və mustənbitul-məsail”, c. 15, səh. 168)

Deməli məsumların kəlamlarına əsasən, valideynlər ilk növbədə öz övladlarının hüquqlarını tanımalı və onları həyata keçirməkdə əllərindən gələni əsirgəməməlidirlər. Bu isə onların sağlam və saleh şəkildə böyüməsi üçün lazım olan ən mühüm amillərdən biridir.

Boşanmanın səbəbləri

Dr. Nicat Yəhyazadə

Ailə ocağı hər bir insan cəmiyyətində olduqda dəyərli və müqəddəsdir. Hətta heç bir dinə və inanca sahib olmayan kəslər belə, bu ocağa hörmətlə yanaşır və onun qorunmasında əllərindən gələni əsirgəmirlər. İslam dini də ailəyə son dərəcədə əhəmiyyət verir və onun təməllərinin möhkəmləndirilməsi üçün öz lazımı tövsiyələrini ərməğan etmişdir. Ailənin möhkəmlənməsinin amilləri olduğu kimi, boşanmanın da yəni ailənin dağılma səbəbləri də vardır və onların çoxu ailə üzvlərinin bir-birinin hüquqlarına riayət etməməklə bağlıdır. Əgər ailə üzvləri bir-birinin hüquqlarını öyrənsələr və onlara əməl etməyi vacib bilsələr, boşanmağa üz tutmağın amillərindən çoxu aradan gedəcək. Bununla da cəmiyyətdəki yersiz və çoxsaylı boşanmaların qarşısı birdəfəlik alınacaq. Biz burada ayələrə və hədislərə istinadən, hüquq pozuntularının nəticəsində yaranmış boşanma amillərini qeyd edirik

1. Həyat yoldaşının istəklərinə diqqətsiz yanaşmaq

Ca­hi­liy­yət dövründə qadının heç bir dəyəri yox idi. Buna görə də kişi qadından ayrılmaq üçün onu təzyiq altında saxlayardı. Bu əməllərdən də birinə “İla” deyilirdi. Yəni, kişi öz qadını ilə intim əlaqədə olmamaq üçün and içirdi və bu vasitə ilə öz həyat yoldaşını sıxıntı içində saxlayırdı. Nə onu boşayırdı və nə də ki, onunla barışmağa hazır olardı. (Seyid Qütb, “Fi zilalil-Quran”, c. 1, səh. 245; Cəlaluddin Süyuti, “Əd–Durrul-mənsur”, c. 1, səh. 270) Quranda bu barədə buyurulur:

Qadınlarına yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır. Əgər bu müddət ərzində andlarından dönsələr, həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.” (“Bəqərə” surəsi, ayə 226)

Bu dörd ayın təyin edilməsinin hikməti budur ki, kişi öz qadını ilə münasibətini düzəltsin və qadına qarşı diqqətsizlik etdiyi hüququnu bərpa etsin. Deməli məlum olur ki, kişi ya qadının bir-birlərinin istəklərinə biganə yanaşması və onlara diqqətsizlik göstərməsi, boşanmaya səbəb olan əsas amillərdən biridir. Təəssüflər olsun ki, bir çox hallarda qadın-kişi münasibətlərində bu məsələ diqqətdən yayınır. Bunun səbəbi bəzən lazımı biliklərin olmaması və ehtiyacın doğru şəkildə təmin edilməməsidir. Buna görə də xüsusi ilə cavan və yeni qurulmuş ailələrə tövsiyə edərdik ki, kişi-qadın münasibətlərini tənzimləmək barədə yazılan kitabları mütaliə etsinlər. O cümlədən Dr. Yusif Qulami tərəfindən qələmə alınmış “Evlilərin kitabı” və Dr. Nicat Yəhyazadə tərəfindən yazılmış “Haqqun-nas” kitabının üçüncü hissəsi bu mövzuya uyğundur.

2. İşsizlik

Boşanmanın digər əsas amillərindən biri də münasib işin olmaması və işsizlikdir. İşsizlik təhsilin olma­ma­sı, kifayət qədər ixtisas sahibi olmamaq, iş və sənət üçün şəraitin olmaması, tənbəllik, müftəxorluq və bu kimi müxtəlif səbəb və amillərdən qaynaqlana bilər. Halbuki, insanın şərəfli yaşaması üçün məsuliyyət daşıması lazım­dır. Şərəf, izzət və həya ilə yaşamaq istəyən kəs cəmiyyət üçün faydalı bir vətəndaş olmalı və öz ləyaqəti, bacarığı həd­din­də bir iş sahibi olmalıdır. Məsuliyyəti qəbul etmək və iş gör­mək­dən boyun qaçıran kəslər, İslam dinində çox pis və mən­fur kəslər sayılır. Şübhəsiz, işsizlik və tənbəllik onları fəsada tərəf sövq edəcək. İmam Əli (ə) bu barədə belə buyurur:

“Bir iş və sənətlə məşğul olmaq zəhmətə düşməyə səbəb olursa, işsizlik də fəsada səbəb olur.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, c. 74, səh. 419)

Buna əsasən işsizlik həyat yoldaşı və övladların ailədəki ra­hat­­lığını pozan, onların arasında münaqişənin yaranması və ailə­nin sıxıntı içində yaşamasına, ailə üzvlərinin geyim, qidalanmaq və sairə kimi məişət ehtiyaclarının təmin edilməməsinə səbəb olan amillərdən biridir. İşsizlik öz ardınca yoxsulluq gətirdiyi üçün bir çox hallarda boşanmağa şərait yaradır.

3. Qadının intim məsələlərinə diqqətsizliyi

Ailənin dağıl­ma­­sının və qadınla kişi arasında kin-küdurətin yaranmasının di­gər amillərindən biri, kişinin cinsi ehtiyaclarının qadın tərəfindən tə­min edilməməsidir. Bu məsələ iki yolla baş verir. Birincisi, qa­dı­nın kişidən ayrı yatması ilə. Bu əməl onların arasında kin-kü­du­rətin, düşmənçiliyin yaranmasına və bir-birindən ayrılmaları üçün zəminə yaranmasına səbəb olur. İkincisi, qadının öz əri qarşısında özünə zinət verməsinə diqqətsizliyi ilə. Bu əməl də ərin həyat yoldaşına qarşı münasibətinin soyumasına səbəb olur. Təəssüflər olsun ki, bəzi qadınlar bu məsələyə çox əhəmiy­yət­siz yanaşırlar. Amma evdən çıxmaq istəyəndə, özlərini ta­m­a­milə bəzəyirlər. Halbuki, onların bu əməli pak cavanların təhrik ol­ma­sı­na və camaat arasında pozğunluğun yayılmasına səbəb olur. İslam dini bu əməli qətiyyətlə qadağan etmişdir. İmam Sadiq (ə) buyurur

“Hər bir qadın ərindən başqası üçün özünü bəzəsə və zinət­lən­dirsə, öz zinətlərini yuyana kimi, Allah onun na­maz­larını qəbul etməz. O, yuyunmağı ilə sanki cənabətdən pak­lan­mış olur.” (Məhəmməd ibn Həsən Hürr Amuli, “Vəsailuş-şiə”, c. 3, səh. 339)

Ərlə arvadın qarşılıqlı hüququ sayılan evlilik məsələlərinə diqqətsiz yanaşmaları düşmənçiliyin yaranmasına və ərlə arvad arasında düzgün rabitənin qurulmamasına, sonda da ayrılıq və boşanmağa gətirib çıxarır.

4. Kişinin ailə ehtiyaclarının təmin etməkdən boyun qaçırması

Birbaşa ailə üzvlərinin hüququ ilə bağlı olan, ailənin dağıl­ma­sına və boşanma hallarının baş verməsinə səbəb olan digər amillərindən biri də ərin maddi baxımdan ailəni təmin etmək imkanı olduğu halda, həyat yoldaşı və övladlarına pul xərcləmə­məsi və məişət ehtiyaclarını təmin etməməsidir. Bu məsələ ərlə arvadın arasında kin-küdurətə səbəb olur. Əksər hədislərdə belə kişilər tənqid edilib. Burada ailə ehtiyaclarını təmin etməkdə məqsəd vacib nəfəqədən (yemək, içmək, geyim, mənzil) əlavə olaraq, öz ailəsinin həyat tərzini və rahatlığını yaxşılaşdırmaq üçün ehtiyac duyulan şeylərlə (yaxşı davranmaq, xoş rəftar et­mək, mehriban və gülərüzlü olmaq, onlara vaxt ayırmaq və sairə) təmin etməkdir. Çünki vacib nəfəqəni vermək hər bir halda kişiyə vacibdir, bundan qaçmaq qeyri-mümkündür və va­cib nəfəqə onların minimum haqqıdır. Qeyd etmək lazımdır ki, öz ailəsini qəsdən ehtiyac içində buraxan, onların xərclərini baş­qa­­sının öhdəsinə qoyan kəsə hədislərdə lənət və nifrin olunub­dur.

“Peyğəmbər (s) həmişə yaxşı davranışlı, öz ailəsi ilə yaxşı rəftar edən və mehriban idi. O, onların yaşayış xərclərini çox ödəyərdi, onlarla gülərüzlü olar və həmişə işa namazından sonra öz ailəsi ilə vaxt keçirərdi.” (İbn Kəsir Dəməşqi, “Quranil-əzim”, c. 2, səh. 212)

Buradan Peyğəmbərin (s) də öz ailəsinin qayğısına qaldığı və ehtiyaclarının ödənməsində ən gözəl qaydada əməl etdiyi məlum olur. Allahın Rəsulu (s) bu rəftarları ilə insanların bir-birinin hüquqlarına riayət etməməsi nəticəsində baş verən bo­şan­malardan amanda qalmaq, sevinc və məhəbbətlə dolu həyata malik olmaq üçün bizi də bu əmələ dəvət etmişdir.
Qeyd edilənlərdən aydın olur ki, insan cəmiyyətində xüsusi ilə yaşadığımız dövrdə, əksər hallarda ailələrin dağılma və boşanmaların əsas səbəblərinin ailə üzvlərinin hüquqları barədə lazımı maariflənmənin və lazımı həyat təcrübəsinin olmaması və böyüklərlə tamamilə münasibətlərin kəsilməsi çox vaxt boşanmalara səbəb olur. Bu isə gənc nəslin hərtərəfli, xüsusi ilə də mənəvi tənəz­zü­lü­nə zəmin yaradır. Belə acı hadisələrin qarşısını almaq üçün ilk növbədə gənc ailələrin maarifləndirilməsi zəruridir. Bununla yanaşı, gənc ailələrin yaşlı nəsil, təcrübəli və ziyalı insanlar və alimlərlə müna­sibət qurması və onların həyat təcrübəsindən yetərincə fay­da­lanmağı olduqca əhəmiyyət kəsb edir. Həmçinin böyüklərin (valideyn­lə­rin) yeni qurulan ailələrə xüsusi diqqət və nəzarəti də vacibdir. Lakin bu iş valideynlərin yersiz müdaxilələri olmadan, çox mə­ha­rətlə həyata keçməlidir. Lazımsız müdaxilələrdən çəkin­mək isə, hər iki tərəfin (qızla oğlanın) ailəsinə aiddir.

GİAM

“Vilayət” ayəsinin təfsiri

İlahiyyat elmləri doktoru:

Dr. Nicat Yəhyazadə

«إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ رَاكِعُونَ؛

“Həqiqətən sizin başçınız yalnız Allah, Onun elçisi və iman gətirib namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (Maidə surəsi, ayə-55)

Ümumiyyətlə ilahi rəhbər hər bir cəmiyyətə, su və hava kimi lazımdır. Çünki rəhbərsiz cəmiyyət, əsla heç bir sahədə inkişaf edə və təkamül yolunda addımlaya bilməz. Belə olduqda isə cəmiyyət tənəzzülə süqut edər və öz üzvlərinin fərdi və ictimai ehtiyaclarını təmin etmək qüdrətini əldən verər. Məhz buna görə də, Allah cəmiyyətlər üçün, öz elçilərini rəhbər olaraq göndərmiş və onların missiyasını davam etdirmək və göndərilən şəriətləri qorumaq yolunda, canişinlər və imamlar təyin etmişdir. İslam dini sonuncu din olduğuna görə, bu məsələni daha çox diqqət mərkəzində saxlamışdır. Quranda İlahi rəhbərlər barədə, xüsusi ilə də sonuncu Peyğəmbərin (s) canişini haqqında, çox saylı ayələr vardır. Onlardan mövzumuza aid olanı, “Vilayət” ayəsi yəni “Maidə” surəsinin 55-ci ayəsidir. Qeyd edilən ayəni elmi müstəvidə araşdırırıq.

Ayənin izahı və nazil olma səbəbi:

Təfsir və hədis alimlərinin çoxu bu ayənin imam Əli (ə) barədə nazil olmasını bildirmişlər. Nəql olunanlara əsasən, Əli (ə) məsciddə namaz qılarkən, bir yoxsul kişi kömək istəyir. Məsciddə olanlardan heç kəs ona etina etmir, o əlini göyə qaldırıb deyir: İlahi sən şahid ol ki, mən Peyğəmbərin (s) məscidində kömək istədim, amma heç kim mənə kömək etmədi. Bu vaxt Əli (ə) rükuda ikən əlindəki üzüyü ona verir. Hətta səhabələrdən olan Abdullah ibni Salam bu hadisəni öz gözləri ilə gördüyünü Peyğəmbərə (s) deyir. Bəzi nəqllərdə isə Peyğəmbərin (s) özünün bu hadisəyə qıraqdan şahidlik eməsi yazılır. Orada O həzrət (s) belə dua edir: “İlahi!… mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsi ilə güclü və qüvvətli et!”. Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrayıl nazil oldu və Maidə surəsinin 55-ci yəni “Vilayət” ayəsini gətirdi”. (Bax: Suyuti, əd-Durrul-mənsur təfsiri, cild-2, səh-293; Zəməxşəri, Əl-Kəşşaf təfsiri, cild-1, səh-649; Fəxr Razi, Təfsiri-kəbir, cild-12, səh-383)

Bu ayə Qədir-xum hadisəsində də həcc mərasimində olanların diqqətini çəkdi və Peyğəmbər (s) orada bu ayənin kim barəsində olmasını praktiki surətdə ümmət üçün açıqladı. Qədir-xum xütbəsindən sonra Peyğəmbər (s) öz mübarək əli ilə imam Əlinin (ə) başına əmmamə bağladı. Möminlərdən və münafiqlərdən bəziləri o cümlədən Salman Farsı (r.h) soruşdu: “Ey Allahın elçisi! Əli (ə) barədə buyurduğunuz vilayət və imamət hansı vilayət və imamət kimidir? Peyğəmbər (s) buyurdu: Mənim (sizə olan) vilayətim və rəhbərliyim kimi. Mən hər kəsin rəhbəri və ixtiyar sahibiyəmsə, Əli (ə) də onun rəhbəri və ixtiyar sahibidir.” (Bəhrani İsfəhani, Əvalimul-ulum, cild-15, səh-234)

Ayə ilə bağlı iki irad:

Birinci: Ayədəki şəxs əvəzlikləri (iman gətirənlər, namaz qılanlar, zəkat verənlər, rüku edənlər) cəm formadadır. Halbuki Əli (ə) bir nəfərdir, onda bu ayəni necə ona aid etmək olar?

Cavab: Mütəvatir hədislərə istinadən bu ayənin imam Əli (ə) barədə nazil olması barədə heç bir şək-şübhə yoxdur. Rüku halında yalnız bir nəfər öz üzüyünü yoxsula sədəqə vermişdir. Ayədəki şəxs əvəzliklərinin cəm formada işlədilməsinin ən mühüm səbəbi, ehtiram və həmin şəxsin məqamının yüksəkliyinə bir sübutdur. Ərəb qrammatikasında və bir çox dillərdə bu məsələyə rast gəlmək olar. O cümlədən “Mübahilə” ayəsində “nisaəna” (qadınlarımız) sözü cəm formasında gəlmişdir, lakin hamı bunu bilir ki, Mübahilədə qadınlardan təkcə Fatimeyi-Zəhra (s) iştirak etmişdir.

İkinci:Namaz əsnasında imam Əlinin (ə) fikri necə ola bilər ki, yayılsın və yoxsulun fikrində olsun? Halbuki bu ilahi münacata qərq olmaq ilə ziddiyət təşkil edir.

Cavab:Namazda yoxsulun səsini eşitmək və ona yardım etmək, heç də fikrin namazdan yayılmasına bir dəlil deyil, əksinə bunun özü bir növ ibadət və Allahın əmrini icra etməkdir. Həqiqətdə O həzrət (ə) ibadət içində ibadət etmişdir. Bu isə hər kəsin bacara bildiyi iş deyildir. Allah da bu ayədə rükuda sədəqə verməyi tərifləyir və onu böyük adla yad edir. Əgə bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, tərif əvəzinə məzəmmət edilərdi.

Ayə barədə olan hədislər:

Bu ayə haqqıında hədis və təfsir mənbələrində çox sayda səhih rəvayətlər mövcuddur. Burada onlardan bəzilərini qeyd edirik:

İmam Baqir (ə) buyurdu: “Bu ayə Əli ibni Əbu-Talibin (ə) öz üzüyünü rükuda sədəqə verdiyi vaxtda onun şənində nazil olmuşdur”. (Təbərsi, Məcməul-Bəyan təfsiri, cild-3, səh-325)

“Əta” adında bir şəxs, səhabə və müfəssir olan “İbni Abbas”dan nəql edir ki, o belə dedi: “Vilayət ayəsi Əli ibni Əbu-Talibin (ə) şənində nazil olmuşdur”. (Fəxr Razi, Təfsiri-kəbir, cild-12, səh-383)

Bu Quran ayəsi aydın şəkildə Əli ibni Əbu-Talibin (ə), Peyğəmbərdən (s) sonra ümmətə rəhbər olmağa ən layiqli şəxs olduğunu, sübut edir. Bu ayənin məzmununa əsasən, imam Əli (ə) möminlərin rəhbəri və ixtiyar sahibidir. Qeyd olunan hədislər də ayənin məzmunun imam Əli (ə) barədə olduğunu təsdiqləyir.

“Kərbəla və Haqqun-nas”

Kərbəla hadisəsi zamanın və məkanın fövqündə dayanan bir hadisədir. Çünki bu hadisəni yaradan şəxslər, ümumbəşər dəyərlərin qorunması və cəmiyyətdə dirçəldilməsi uğrunda şəhidlik zirvəzinə ucalmışlar. Ümumiyyətlə dünyada baş verən hadisələr iki hissəyə bölünür: birincisi müqəddəs məqsədlər uğrunda baş verən hadisələr və digəri qeyri müqəddəs amallara söykənən hadisələr. Birinci növ hadisələr, insanların idiologiyasında və hətta praktiki həyatlarında əbədi olaraq yaşayır, çünki İlahi və müqəddəsdirlər. İkinci növ hadisələr isə məhdud zaman kəsimində və müəyyən məkanda, müvəqqəti olaraq öz təsirini göstərir və sonra yalnız tarixin səhifələrində qalır. Kərbəla hadisəsi İlahi və müqəddəs hadisə olduğundan, əsrlərdir ki, qəlblərdə yaşayır və insanların həyatının bir parçasına çevrilmişdir.

 Əgər İslam tarixində baş vermiş “Kərbəla” hadisəsinə diqqətlə nəzər salsaq, gö­rə­rik ki, bir çox İlahi məsələlərdə haqq axtarışında olanlar üçün bu hadisədə gözəl nümunələr vardır. “Kərbəla” hadisəsi haq­qun-nas məsələsində də bəşər üçün kamil bir örnəkdir. İmam Hüseyn (ə) Kərbəla torpağına daxil olduğu zaman həmin tor­paq­lar­dan bir qismini satın aldı ki, həm müqəddəs qanı başqasının mül­künə tökülməsin, həm də onun ziyarətçiləri o həzrəti qəsbi tor­paqda ziyarət etməsinlər. (Bax: Huseyn ibn Məhəmməd Təqi Nuri, “Mustədrəkul-vəsail və mustənbitul məsail”, c. 14, səh. 61)

Kərbəla hadisəsinin olduğu kimi bizim əsrimizə qədər gəlib çatması və qorunub saxlanmasının əsl səbəblərindən biri bu əzə­mət­li hadisədə haqqullah (Allahın haqqı) və haqqun-nasa kamil surətdə riayət edil­məsidir. Əks təqdirdə, bu hadisə də digər tarixi hadi­sə­lər kimi ancaq tarixi kitablarda qalardı. Lakin bu gün Aşura hadisəsi və İmam Hüseynə (ə) olan eşq həm mömin, həm də qeyri-mö­mi­nin qəlbində şölələnir. Bu, haqqullah ilə haqqun-nasa riayət et­mə­yin səmərəsidir və İmam Hüseyn (ə) qiyamının əsasını təşkil edir. İmam Hüseyn (ə) bu hərəkatı ilə Allahın və insanların haqlarının doğru-düzgün şəkildə ödənilməsi mövzusunda bütün bəşəriyyətə gözəl bir nümunə olmuşdur.

İmam Hüseyn (ə), onun vəfalı köməkçiləri və ailə üzvləri hətta Aşura axşamını (Tasua) öz Rəbblərinə ibadət və dua et­mək­lə keçirdilər. Bu isə haqullahın onlar tərəfindən ən çətin vaxt­larda belə tərk edilməməsinə ən aşkar bir dəlildir. Lakin bəzən elə olur ki, insan kiçik bir çətinliklə üzləşdikdə, Allahı unudur və ibadətdən yayınır. Onlar isə bu qədər çətin anlarda Allahı unutmadılar və layiqincə ona bəndəlik etdilər.

Onlar bilirdilər ki, Aşura günü Allah yolunda şəhid ola­caq­lar, məhz buna görə imam Hüseyn (ə) Aşura axşamı öz səha­bələ­rin­dən öhdəsində haqqun-nas (məsələn, kiməsə borcu) olan kəslərdən camaatın haqlarını ödəmələrini istədi. Çünki imam Hüseynin (ə) məqsədi bu idi ki, Allahın hüzuruna getdikdə, özü­nün və səhabələrinin öhdəsində başqalarının heç bir haqqı olma­sın. Bununla da borclarını qaytarmaq məqsədi ilə bir neçə nəfər imam Hüseynin (ə) qoşununu tərk etdi. Yoxsa aşura günü 72 nəfər deyil, neçə yüz nəfər imamın qoşununun tərkib hissəsində olardı. Çünki imam Kərbəlaya, 72 nəfərlə deyil bir neçə yüz insanla gəlmişdi.

İmam Baqirin (ə) buyur­duğu hədis isə bu məsələyə tam şəkildə aydınlıq gətirir:

“Şəhid qanının bir damcısı onun günahlarının kəffarəsidir, amma haqq borcunun (haqqun-nasın) kəffarəsi onun ödən­­məsi­dir.” (Məhəmməd ibn Əli ibn Babəveyh, “Mən la yəhzuruhul-fəqih”, c. 3. səh. 183, hədis 3688)

Bu hədisdən də haqqun-nasın mövqeyi və əhəmiyyəti anlaşılır. Yəni, Allah-taala yanında yerə tökülən ən əziz qan şəhid qanıdır. Şəhadət şəhidin günahlarının bağışlanmasına səbəb olar. Əgər boynunda hər hansı bir insan haqqı varsa, bu qan belə ona nicat verməz.

İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, bir adam ondan əmanətin qaytarılması haqqında soruşdu: “Əhli-beyt (ə) düşmənlərindən (nasibilərdən) hər hansı birini aldadıb əmanətini ona qaytarmamaq olarmı?” Cavabında imam Sadiq (ə) buyurdu:

“Səni etibarlı hesab edən hər bir kəsin, yaxud bir iş üçün səninlə məsləhətləşənin əmanətinə riayət et, hətta o şəxs imam Hüseynin (ə) qatili olsa belə!” (Məhəmməd ibn Yəqub Kuleyni, “Kafi”, c. 8, səh. 267; Məhəmməd ibn Həsən Hürr Amili, “Vəsailuş-şiə”, c. 19, səh. 73)

Beləliklə, haqqun-nas Kərbəla məktəbinin olduqca dəyər verdiyi məsələlərdəndir və Kərbəla məktəbi insanları onun icrasına səsləyir. Hətta haqq sahibi insanın düş­mə­ni olsa belə, haqqı ödənməlidir. Bu da insanın diqqətini haqqun-nasın dəyəri və ona riayət olunmasının vacibliyinə yönəldir.

Dr. Nicat Yəhyazadə

“Təbliğ” ayəsinin təfsiri

Təbliğ ayəsinin təfsiri

«يَأَيهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يهَْدِى الْقَوْمَ الْكَافِرِينَ؛

Ey rəsul (elçi), Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər etməsən, Onun tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz. (Maidə surəsi, ayə-67)

Qədir-Xum hadisəsi İslam dininin kamilləşməsində əvəzsiz rola malikdir. Bu hadisənin İslam tarixində baş verməsinin ən əsas sübutu Quran ayələridir. O ayələrdən biri də “Təbliğ” yəni “Maidə” surəsinin 67-ci ayəsidir. Qədir-Xum hadisəsinə qədər Peyğəmbər (s) baş vermiş müəyyən hadisələr zamanı imamət və vilayət mövzusunu ümmətə açıqlamış və həqiqətdə müsəlmanları bu böyük hadisəyə hazırlamışdır. Çünki özündən sonra olacaq canişini, birdən elan etmək və onu cəmiyyətə qəbul etdirmək, olduqca çətin məsələdir.

Məhz buna görə də Peyğəmbər (s) öz uzaqgörənliyi ilə imamət mövzusunu elə İslamın ilk günlərindən mətrəh etmişdir. Hələ bunlara baxmayaraq Qədir-Xumda Peyğəmbər (s), Əlinin (ə) imamətini elan etdiyi zaman, bir çoxları etiraz etdilər. Lakin bunu bilmirdilər ki, imamı Peyğəmbər (s) heç özü də təyin etmək səlahiyyətinə malik deyildir, onu yalnız Allah özü təyin edir və Peyğəmbər (s) isə imamın kim olduğunu ümmətə çatdırır.

Ayədə olan mühüm sözlərin izahı:

1.Bu ayədəki “ey rəsul” müraciəti Quranda iki yerdə gəlmişdir. (Maidə surəsi, 41 və 67-ci ayələr) Deməli bu müraciət məsələnin mühümlüyünü göstərir.

2.Növbəti ifadə “Rəbbin tərəfindən sənə nazil olanı” bu əmrin Allah tərəfindən olmasına aşkar bir sübutdur.

3.Ayədə olan “çatdır” ifadəsi isə Quranda yalnız bir yerdə o da bu ayədə işlənmişdir.

4.Bu ifadə “Əgər etməsən, Onun tapşırığını çatdırmamısan” isə onu göstərir ki, bu əmri çatdırmaq peyğəmbərlik və dinin məcmuəsinə bərabər olan bir mövzudur. Çünki Peyğəmbər (s) onu çatdırmasa idi, öz peyğəmbərliyini yerinə yetirməmiş olacaqdır. Bu cümlədən başa düşülür ki, əmr olunan məsələni çatdırmaq dil ilə deyil əksinə əməldə yəni praktiki olaraq (mərasim şəkilində) Peyğəmbər (s) tərəfindən icra edilməlidir.

5.Ayədəki “Allah səni insanlardan qoruyacaq” bu cümlə çatdırılası vacib olan əmrin, İslam ümməti üçün nə qədər əhəmiyyət kəsb etdiyini və onun çatdırılması ilə ciddi ixtilafların baş qaldıralacağını bildirir. Peyğəmbərin (s) nigərançılığı isə öz canına görə deyil, əksinə ümmət arasında pərakəndəliyin və ixtilafların yaranmasına görə idi. Çünki İslam döyüşlərində O həzrət (s) həmişə ön cəbhədə öz şücaətini və Allah yolunda öz canını fəda etməyə hazır olduğunu sübut etmişdir.

Allah tərəfindən nazil olan nə idi?

Hər halda bu məsələ dinin bir hissəsi idi, ya dinin əsaslarından biri (usulud-din) ya da furuid-dindən biri idi.

Dinin üsulları “Tövhid, Nübuvvət və Məad”dır ki Peyğəmbər (s) 23 il peyğəmbərliyi ərzində onları necə lazımdısa müsəlmanlara çatdırmışdır. Çünki Allahın təkliyi, özünün nübuvvəti və qiyamət barədə olan ayələr həddən ziyadə çoxdur. Məkkədə nazil olan surələrdə məad barədə xəbər verilir və Quranın üçdə biri ölümdən sonrakı həyatdan danışır.

Çatdırılması vacib olan bu əmr əgər furuid-dindən olsa, necə ola bilər ki, Peyğəmbərin (s) vəfatına iki ay qalmış, namaz qılmaq əmrini çatdırsın? Belə çıxır ki həcc ziyarətindən qayıdan zəvvarlar namaz qılmağı bilmirdilər. Oruc, cihad, xüms və zəkatın əmri, 8 il qabaq yəni hicrətin 2-ci ilində nazil olmuşdur. Həccə də aid deyil, çünki 120 min zəvvar həcc ziyarətindən qayıdırdılar. Əmr be-məruf və nəhy ənil-munkər də deyil, çünki O həzrət (s) dəfələrlə bu iki məsələni ümmət üçün bəyan etmişdir.

Əgər bunların heç biri deyiləs, görəsən çatdırılması bu qədər vacib olan əmr nədir? Cavab budur ki, bu məsələ “imamət və vilayət” məsələsidir. Çünki onunla tövhid diri qalır əgər o olmazsa tövhidin yerini tağut alar. Onunla nübuvvətin hədəfləri həyata keçir və furuid-din möhkəmlənərək icra edilir.

Ayənin nazil olma səbəbi:

Təfsir və hədis alimlərinin çoxunun rəyinə əsasən, Rəsuli-Əkrəm (s) hicrətin 10-cu ili ömrünün son ilində vida həcci üçün hazırlıq işləri görürdü və bütün müsəlmanlara bu həccin son vida həcci olması barədə xəbərdarlıq etmişdir. Həcc mərasimindən sonra zil-hiccə ayının 18-də Peyğəmbər (s) müsəlmanlarla birgə həcc ziyarətindən qayıdırdılar. Bu zaman Cəbrayıl (ə) bu ayəni Əlinin (ə) imamət və rəhbərliyini ümmətə açıqlamaq üçün “Qədir-Xumda” Peyğəmbərə (s) nazil etdi. O vaxt Peyğəmbər (s) Əlinin (ə) əlini qaldırdı və buyurdu: “Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?” Dedilər: Bəli. Allahın Rəsulu (s) buyurdu: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu Əli (ə) də onun rəhbəri və mövlasıdır…”.  (Fəxr Razi, Məfatihul-Ğəyb təfsiri, cild-12, səh-401; Əllamə Hilli, Nəhcul-Həqq və Kəşfus-Sidq, səh-173)

Əllamə Əmini özünün “Əl-Qədir” əsərində əhli-sünnənin təfsir və hədis alimlərindən olan 30 nəfərinin, ayənin nazil olma səbəbini imam Əlinin (ə) Peyğəmbər (s) tərəfindən imamətə və xəlifəliyə təyin edilməsi üçün olduğunu etiraf etdiklərini yazır. (Əmini, Əl-Qədir, cild-1, səh-214-dən 223)

Hadisəyə əqli bir baxış:

Bir çox əhli-sünnə alimləri “Mövla” sözünü dost və köməkçi mənasında olduğunu iddia edirlər. Dəlil olaraq gətirdikləri sübut isə onun dost və köməkçi mənasında da işlənməsidir. Biz “Mövla” sözünün bu mənaya malik olduğunu da inkar etmirik, lakin bir çox dəlillərə istinadən bu hədisdə “Mövla” sözü dost mənasında deyil, rəhbər və ixtiyar sahibi mənasını ifadə edir. Onlardan bəzilərini qeyd edirik:

Peyğəmbərin (s) Qədir-Xum hədisini buyurmamışdan öncə ki sualı (“Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?”) “mövla” sözünün dost deyil, əksinə rəhbər və ixtiyar sahibi mənasını verməsi üçün ən aşkar bir sübutdur.

Bu hadisədən çox-çox öncə Allah Quranda möminlərin bir-birləri ilə qardaş olduğunu bəyan etmişdir. (Hucurat surəsi, ayə-10; Tövbə surəsi, ayə-71) Nə luzumu var idi ki, ümmətin çətinliyə düşməsinə heç vaxt razı olmayan bir peyğəmbər 120 min yorğun zəvvarı qızmar günəşin altında saxlayıb desin ki Əli (ə) mənim qardaşımdır.

Məşhur mənbələrə əsasən, Peyğəmbər (s) üç gün üç gecə 120 min zəvvardan Əlinin (ə) xilafət və imaməti üçün beyət aldı və hətta qadınlar belə pərdənin arxasından teştdəki suya əl qoymaq ilə beyət elədilər.

Digər cəhətdən Qədir-Xum hadisəsində imam Əliyə (ə) bəzi səhabələr tərəfindən deyilən təbriklər bunu göstərir ki, O həzrət (ə) böyük bir mənsəbə və məqama təyin edilmişdir. Bu barədə Əbu-Bəkr və Ömərin təbrikini xüsusi qeyd etmək olar. (Bax: Əhməd ibni Hənbəl, Musnəd, cild-30, səh-430)

Bu böyük hadisədə “Nöman ibni Haris Fəhri”nin etirazı və Allah tərəfindən ona nazil olan əzab bunu göstərir ki, elan edilən məsələ olduqca mühüm bir məsələ idi və bu isə Əlinin (ə) Peyğəmbərə (s) dost və köməkçi olma xəbəri deyil, onun İslam ümmətinə rəhbər seçilmə mesajı ilə uyğunlaşır. Peyğəmbərin (s) öz yerində Əlini (ə) rəhbər seçməsi onu həddən artıq narahat edir və deyir: “İlahi! əgər bu söz haqq və sənin tərəfindəndirsə, göydən mənim başıma bir daş göndər”. Bu sözləri deyib Peyğəmbərin (s) hüzurundan bir az uzaqlaşmışdı ki, göydən bir daş düşərək onu həlak etdi. Elə burda “Məaric” surəsinin ilk ayələri nazil oldu. (Bax: Kaşani, Minhacus-Sadiqin təfsiri, cild 10, səh-5)

Dr. Nicat Yəhyazadə

Övlad hüquqları məsum kəlamında

Övlad hüquqları məsum kəlamında

İslam dini insan həyatının bütün sahələrinə cavab verə biləcək bir dindir. Bu sahələr insanın fərdi və ictimai həyat tərzini özündə ehtiva edir. Quranla yanaşı məsumların kəlamları da, insan həyatının bir çox sahələrində yaranan sualları cavablandırır. Məsumlar kamil insanlar olduğuna görə, digər insanları da kamillik yoluna dəvət etmişlər. Buna görə də İslami hədislərdə övladların hüquqlarına xüsusi diqqət yetirilmişdir. Bu isə onların üstün dəyərə malik olmasını çatdırır.

Məsum imamların (ə) danışıq və əməllərində övladların hüquqları ilə bağlı açıqladıqları saysız nümunələr, hədis mənbələrində mövcuddur. Hətta, övlad dünyaya gəlməmişdən öncə onlar üçün məsələn, ləyaqətli ananın seçilməsi, dölün qorunması, həmçinin, övlad doğulduqdan sonra, onun qulağına azan və iqamənin oxunması, əqiqə (qurban) kəsilməsi və sairə kimi hüquqlar da nəzərdə tutulmuşdur. Hazırda onların bəzilərini araşdırırıq:

Birinci hədis:

Peyğəmbər (s) belə buyurur:

 “Övladın ata üzərindəki hüququ üç şeydir: Ona yaxşı ad seçsin, ona yazmağı öyrətsin və həddi-büluğa çatdıqda, onu evləndirsin.” (Məclisi, “Biharul-ənvar”, c. 101, səh. 92)

İkinci hədis:

İmam Əli (ə) buyurub:

 “Övladın ata üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quranı öyrətsin.” (İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, c. 19, səh. 365)

Üçüncü hədis:

İmam Zeynul-abidindən (ə) nəql olunan hədisə əsasən övladın valideynin öhdəsində olan üç hüququ bunlardan ibarətdir:

Övlada düzgün tərbiyə vermək və onu gözəl şəkildə ədəbləndirmək; övladı Allaha doğru yönəltmək; və övlada Allaha itaət etməkdə yardım etmək. (Hərrani, “Tuhəful-Uqul”, səh. 263)

Bu üç hədisdən övladlarla bağlı altı önəmli haqqın olduğu anlaşılır:

1.Övladlar üçün gözəl adlar seçmək:

İnsan ictimai varlıq olduğundan onun cəmiyyətdə özünü doğrultması və nailiyyət qazanmasında, övlad üçün valideynlər tərəfindən gözəl və münasib bir adın seçilməsi olduqca əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu məsələyə diqqət etmir, öz övladları üçün mənasız və xoşagəlməz adlar seçirlər. Bu məsələ keçmişdə olduğu kimi, indi də bəzi ailələrdə gündəmdədir. Bəzən mənasız və xoşagəlməz adlar, hər hansı bir yerdə o cümlədən, məktəbdə, iş yerində, kollektiv arasında, hətta ailədə belə müxtəlif psixoloji narahatçılıqların yaranmasına səbəb olur.

2.Onlara yazmağı öyrətmək:

İslam dini elmə və elm öyrənən kəsə olduqca dəyər verir. Bu isə həqiqətdə Allahın insana verdiyi dəyər və yüksək qiymətin nümunəsidir. Çünki insan həyatında elm ona su və hava kimi lazımdır. Elmli olmağın əsas yollarından biri isə, onu yazmaqdır. Məhz buna görə də övlad hüquqlarından biri, övlada elm öyrətmək və ona təhsil verməkdir. Lakin valideynlər bu məsələdə bunu da nəzərə almalıdırlar ki, övlada elm və təhsil verməkdə ifrat və təfritə yol verməsinlər. Yəni hər sahədə olduğu kimi elm öyrətməkdə də orta yolu seçmək lazımdır. İlk növbədə elmi onlara sevdirmək və elmin dünya və axirətdəki faydaları barədə onları məlumatlandırmaq tövsiyə olunur. Sonra isə övladların yaş və qavramaq səviyyəsinə əsasən onlara elm öyrədilməlidir. Əks təqdirdə bu iş acı nəticələrlə sona çata bilər.

3.Ailə qurmaqda onlara yardım etmək:

İslamda ailə qurmaq olduqca dəyərli əməllərdən sayılır. Quran ayələri və məsumların kəlamları da bu məsələni daim gündəmdə saxlamış və onun həyata keçməsi üçün təkid etmişlər. Bəzi cəmiyyətlərdə belə təsəvvür edilir ki, valideyn övladı yetkinlik yaşına qədər böyütməli və onu o vaxta qədər nəzarətdə saxlamalıdır. Halbuki övladın daim valideyn nəzarətinə və qayğısına ehtiyacı var. Xüsusi ilə də ailə qurmaq yaşına gəlib çatdıqda, valideynlərin öhdəsinə ağır məsuliyyət düşür.

4.Övlada Quran öyrətmək:

Quran həyat proqramı və Allahın insanlar üçün göndərdiyi sonuncu səmavi kitabdır. Onu oxumaq və həyatda tətbiq etmək hər bir müsəlmana vacibdir. Hədisin məzmununa əsasən valideyn ilk növbədə özü Quran oxumağı bilməli və bacardığı qədər onun göstərişlərinə əməl etməlidir. Belə olduqda öz övladına da Quranı çətinlik çəkmədən öyrədə biləcək və Quranın əmrlərinə əməl etməkdə övladına yaxşı nümunə olacaq. Müasir dövrümüzdə bir çox valideynlər müxtəlif xarici dilləri, min cür zəhmətə qatlaşmaqla övladlarına öyrədirlər və bu yolda bütün səylərini əsirgəmirlər. Lakin Quranı özləri onlara öyrətməkdə və yaxud bu iş üçün müəllim tutmaqdə səhlənkarlıq edirlər.

5.Övladları yaxşı tərbiyə etmək:

Valideynin övladına nisbət ən mühüm məsuliyyətlərindən biri də ona düzgün tərbiyə verməkdir. Övlada təhsil vermək ona bir qanad vermək deməkdir. Lakin onun müvəffəq olaraq təkamül yolunda uca zirvələri fəth etməsi və insanlığın ən pik nöqtəsinə nail olması üçün, elmdən savayı, ikinci qanad yəni övlada tərbiyə vermək və onun mənəviyyatını saflaşdırmaq olduqca mühümdür. Bəzən bu sahədə də ifrat və təfritə yol verilir. Övlada valideyn tərəfindən ancaq təhsil verilir, özü də çox yüksək səviyyədə. Amma tərbiyədən və mənəviyyatdan əsər-əlamət yoxdur. Bu isə cəmiyyətdə bir çox fəsadların ortaya çıxması üçün ən mühüm faktor kimi qiymətləndirilə bilər.

6.Allaha tərəf yönəltmək və Allaha itaət etməkdə ona yardımçı olamaq:

İnsanın yaradılışında ən üstün məqsəd onun öz yaradanını tanıması yəni Ona mərifət bəsləməsi və bəndəlik yolunda yalnız Ona itaət etməsidir. Elə bütün səmavi kitabların və ilahi elçilərin də gəlişinin əsas amalı budur. Valideyn öz övladına bu məsələnin mahiyyətini düzgün çatdırmalıdır. O da bundan ibarətdir ki, insan Allah ilə öz münasibətini düzəltmədikcə, Onun yaratdıqları ilə münasibətini əsla düzəldə bilməz. Bu isə insanın fərdi və ictimai həyatında təzahür edən bir məsələdir. Allahla bəndəlik münasibəti pozularsa, ata-ana, qardaş-bacı, həyat yoldaşı, övladlar, qohumlar və dostlar ilə də münasibətdə ciddi münaqişələr yaranar. Allahın Rəsulu (s) öz övladına düzgün yol göstərən və ona Allaha itaət etmək üçün yardım edən valideyn barədə buyurmuşdur: “Övladına düzgün yol göstərən və yaxşı işlərdə yardım edən ataya, Allahın rəhməti olsun.” (Nuri, “Mustədrəkul-vəsail və mustənbitul-məsail”, c. 15, səh. 168)

Deməli məsumların kəlamlarına əsasən, valideynlər ilk növbədə öz övladlarının hüquqlarını tanımalı və onları həyata keçirməkdə əllərindən gələni əsirgəməməlidirlər. Bu isə onların sağlam və saleh şəkildə böyüməsi üçün lazım olan ən mühüm amillərdən biridir.

Dr. Nicat Yəhyazadə