Günəş və Ayın qovuşması

Fürsətdən istifadə edərək izdivac günü münasibətilə öndə İmam Zamanı (əc) və haqq naibi həzrət Ayətullah Xameneini və İslam dünyasının başında duran dəyərli Mərcəi-təqlidlər olmaqla, sonra siz dəyərli müsəlman qardaş və bacılarımızı təbril edərək dünya və axirətdə Peyğəmbər (s) və onun pak ailəsi ilə birlikdə olmanızı Uca Allahdan diləyirik.

İmam Əli (ə) və Hz. Zəhranın (s) izdivacı
Bu izdivac hadisəsi şiə tarixində ən mühüm hadisələrdən biridir ki, bu mübarək və məhəbbət dolu bağlılığın səmərəsi İmamət (ə) ağacı oldu. Bu mübarək izdivacın tarixi haqqında müxtəlif nəzərlər vardır. Lakin rəsmi olaraq Zil-Hiccə ayının birinci günü bu izdivacın günü kimi qeyd olunub.

İmam Əlinin (ə) və Xanım Zəhranın (s) izdivac zamanı yaşları
Şiə alimlərinin böyük əksəriyyətinin nəzərinə əsasən Xanım Zəhranın (sə) evləndiyi zaman doqquz ya on yaşı var idi. Bu yaşı ən çox deyənlər on bir yaş qeyd etmişlər. Həmçinin izdivac zamanı İmam Əlinin (ə) yaşı isə 21 il 5 ay qeyd olunur.

Həzrəti Əlinin (ə) və Xanım Zəhraya (s) elçiliyi
Şiə və sünni rəvayətlətinə əsasən Əbu Bəkr və Ömər xanım Zəhra (sə) ilə evlənməkdən ümidsiz olmuşlar. Əmirəl-möminin həzrət Əliyə (ə) dedilər ki, sən onun elçiliyinə get.
Başqa yerdə rəvayət olunur ki, səhabə və ənsar (Mədinə müsəlmanları) Ovs qəbiləsinin başçısı Sə`d Məaz ilə söhbət etdikdən sonra başa düşdülər ki, həzrət Əlidən (ə) başqa kimsə xanım Zəhra (sə) ilə evlənməyə layiq deyildir və həzrət Peyğəmbər (s) də ondan başqasını razı deyil. Bundan sonra həzrət Əlinin (ə) yanına gedərək onu ənsardan olan bir nəfərin bağında tapdılar və gördülər ki, öz dəvəsi ilə xurma bağını suvarır. Onlar Əliyə (ə) üzünü tutub dedilər: Qüreyşin adlı-sanlı şəxsləri həzrət Zəhra (sə) üçün elçilik etsələr də həzrət Peyğəmbər (s) onların cavabında buyurdu ki, Zəhranın (sə) işi Allahın iradəsinə bağlıdır və biz ümid edirik əgər sən elçiliyə getsən razılıq cavabı alacaqsan və əgər sənin varın az olarsa biz sənə kömək etməyə hazırıq.

Həzrəti Əli (ə) necə elçilik etdi?
Zəhhak ibn Məzahim nəql edir Əli ibn Əbu Talibdən eşitdim ki, həzrət Zəhra (sə) üçün elçilik mərasimi haqqında belə buyurdu: Peyğəmbərin (s) yanına getdiyim zaman o böyük şəxsiyyət məni görüb gülümsəyərək buyurdu: Ey Əli (ə)! Hacətin üçün mənim yanıma gəlmisən? Mən hamıdan qabaq müsəlman olduğumu və Allah yolunda etdiyim cihadları o həzrətə dedim. Peyğəmbər (s) buyurdu: Ya Əli (ə)! Düz deyirsən sənin məqamın dediklərindən daha yüksəkdir. Dedim: ey Allahın Peyğəmbəri (s)! Fatimeyi Zəhranı (sə) mənimlə evləndir (onun üçün elçiliyə gəlmişəm). Buyurdu: ya Əli (ə)! Səndən öncə neçə kişi bunu məndən istəmişdi amma hər dəfə mən Fatiməyə (sə) deyəndə narazı olduğunu bildirirdi. Sən bir qədər səbr elə mən onun yanına gedib gəlirəm.
Peyğəmbər (s) Fatimənin (sə) yanına getdi. Atasını görən xanım Zəhra (sə) ayağa qalxıb atasının qabağına gəlib ayaqqabılarını çıxardı və həzrət üçün əl suyu gətirib onun əl-ayağını yuduqdan sonra oturdu. Bundan sonra həzrət Peyğəmbər (s) qızına belə buyurdu: “ey Fatimə (sə)!” Xanım cavab verdi: Bəli, ey Allahın Rəsulu nə istəyirsən? Həzrət buyurdu: “Əli ibn Əbi Talib, o şəxsdir ki, sən onun qohumluğunu, fəzilətini və müsəlmanlığını tanıyırsan və mən də Allahdan istəmişəm Onun yanında ən yaxşı olanını səninlə evləndirsin və Əli (ə) sənə elçiliyə gəlib. Nəzərin nədir?”. Xanım Zəhra (sə) sakit qalıb üzünü də döndərmədi və Peyğəmbər (s) də xanımın üzündə narazılıq əlaməti görmədi. Sonra ayağa qalxaraq “Allahu Əkbər! Onun sükutu, razılığıdır (razılıq əlamətidir)”. Bundan sonra həzrət Cəbrail (ə) nazil olaraq həzrət Peyğəmbərə (s) buyurdu: “Ey Muhəmməd! Onu (Zəhranı (sə)) Əli (ə) ilə evləndir ki, Allah da bu ikisini bir-biri üçün bəyənmişdir.
Digər rəvayətdə Əli ibn Əbi Talib (ə) buyurur ki, Peyğəmbər (s) mənə belə buyurdu: Ey Əli! Qüreyşdən olan bir dəstə kişi, Zəhraya (sə) görə məni qınayaraq dedilər: Biz Zəhranı (sə) istəyirdik və sən qəbul etmədin amma indi onu Əli ibn Əbi Talibə (ə) verdin. Mən cavab verdim and olsun ki, sizi mən yox Allah qaytardı, elçiliyinizi qəbul etmədi və Fatiməni (sə) Əli (ə) ilə (Allah) evləndirdi. Çünki Cəbrail (ə) nazil olaraq buyurdu ki, Allah Taala buyurur: Əgər Mən Əlini (ə) yaratmasaydım həzrət Adəmdən (ə) sonra (bu günə qədər) yer üzündə Fatiməyə (sə) layiq ər olmazdı.
Həmçinin Peyğəmbərdən (s) İmam Əliyə (ə) xitabən nəql olunan hədisdə belə oxuyuruq: “«لولاك یا على لما كان لفاطمه كفو على وجه الارض – ya Əli əgər sən olmasaydın yer üzündə Fatiməyə (sə) tay olmazdı”.
Əllamə Həsənzadə Amuli, bu hədisin şərhində belə buyurur: “Məsum olmayan kişinin ismət sahibi olan qadınla evlənməsi yolverilməzdir”.

Həzrəti Zəhranın (s) Mehriyyəsi
Xanım Zəhranın (sə) mehriyyəsini bilmək üçün ilk öncə həzrət Əlinin (s) sərvəti ilə tanış olmalıyıq.
Həzrət Peyğəmbərimiz (s) xanım Zəhranın (sə) razılğını gördükdən sonra İmam Əlinin (ə) yanına gələrək təbəssümlə ona buyurdu: Ya Əli (ə)! Toy üçün nəsə varındırmı? Həzrət Əli (ə) cavab verdi: Ey Allahın Rəsulu (s) atam və anam sənə qurban olsun, siz mənim vəziyyətimdən tamamilə xəbərdarsınız. Mənim bütün sərvətim bir qılınc, bir zireh və bir dəvədən ibarətdir. Peyğəmbər (s) buyurdu: Sən mücahid bir kişisən və qılncın olmadan Allah yolunda cihad edə bilməzsən, qılınc sənin zəruri ehtiyaclarındandır. Dəvəyə gəlincə o da sənin zəruri ehtiyaclarından sayılır. Gərək onunla suvarma işlərini, özünün və ailənin iqtisadi işlərini təmin etməklə yanaşı həmçinin səfər etdikdə də yükünü onunla daşımalısan. Yedə yalnız zirehin qalır ki, ondan keçə bilərsən. Mən də səni çətinliyə salmayacam və elə o zirehlə kifayətlənəcəm.
Həzrət Əlinin (ə) sərvətini bildikdən sonra indi isə xanım Zəhranın (sə) mehriyyəsinin nə qədər olmasını təxmin etmək çox da çətin olmayacaq. Xanımın mehriyyəsinə gəlincə bu haqda iki hədis vardır:
Yer üzünə aid olan adi mehriyyə yaxud başqa dillə desək yer üzündə olan müsəlman qadınların mehriyyəsi kimi olan bir mehriyyə idi. Bu haqda da iki rəvayət mövcuddur:
Xanım Zəhranın (sə) mehriyyəsi zireh idi və o zireh çox möhkəm olduğu üçün ona qılınc qıran zireh deyərdilər və bu zirehin qiyməti dörd yüz başqa rəvayətə əsasən beş yüz dirhəm idi.
İslami rəvayətlərə əsasən xanımın mehriyyəsi beş yüz dirhəm olub.
Təbii ki, bu iki hədisi bir yerə toplayaraq bir ortaq nəticə almaq mümkündür və deyə bilərik ki, İmam Əlinin (ə) zirehinin qiyməti beş yüz dirhəmə sataraq xanıma mehriyyə etmişlər.
Asimani mehriyyə: Allahın Peyğəmbəri (s) buyurub: Fatimeyi Zəhranın (sə) mehriyyəsi asimanda yer kürəsinin beş hissəsindən biri təyin olub beləliklə Qiyamətə qədər kimsə Fatiməyə (sə) və övladlarına kin bəslədiyi halda yer üzərində gəzməsi haramdır (yeri qəsb etmişdir). Başqa bir hədisdə isə İmam Muhəmməd Baqirdən (ə) nəql olunur ki, buyurub: Fatimeyi Əthərin (sə) mehriyyəsi dünyanın beş hissəsindən biri, cənnətin üç hissəsindən biri, dörd axar çay idi ki, o çaylar bunlardır: Fərat, Misirdə olan Nil, Nəhrəvan və Bəlx çayları.
Beləliklə Əmirəl-möminin İmam Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə zirehi sataraq pulunu həzrət Peyğəmbərə (s) təqdim etdi. Peyğəmbər (s) də həmin pulu üç hissəyə bölüb bir hissəsini cehizlik üçün ev əşyalarına xərclədi, digər bir hissəsini toy üçün ətriyyat hazırladı və üçüncü hissəsini isə Ümmü Sələməyə tapşıraraq toy gecəsi çatanda onu İmam Əliyə (ə) qaytardı ki, toya gələn qonaqların qabağına yemək-içmək alsın.
Əziz müsəlman bacı və qardaşlar. Gördüyünüz kimi bizə sözün əsl mənasında örnək olan Həzrət Muhəmməd (s) peyğəmbər və onun pak ailəsinin həyatının bütün sahələrində çoxlu ibrətlər vardır. Ümid edirik hər birimizə örnək olan bu sadə lakin eyni zamanda bərəkət və məna dolu o həyatı yaşayaraq dünyadan köçəndə də onlar kimi köməyi özümüzə arzu edək. Necə ki, Aşura ziyarətnaməsində belə oxuyuruq:

اَللّهُمَّ اجْعَلْ مَحْیاىَ مَحْیا مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ مَماتى مَماتَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
İlahi mənim yaşayışımı Muhəmməd (s) və onuin ailəsinin yaşayışı kimi və ölümümü də Muhəmməd (s) və onun ailəsinin ölümü kimi qərar ver.

Behişt hurisi – Xanım Fatimə (s.ə)

Xanım Zəhra (s.ə) besətin 5-ci ili, cəmadis- sani ayının 20- də dünyaya göz açmışdır. Bu zaman Peyğəmbərin (s) 45 yaşı var idi. İmam Sadiq (ə) və İmam Baqir (ə) –dan nəql olunan rəvayətdə deyilir: Həzrəti Zəhranın (s.ə) anası xanım Xədicə olmuşdur. Peyğəmbər (s) özünün merac gecələrinin birində ona təklif olunan cənnət meyvələrindən olan təzə xurma və üzümdən dadmışdı. Allah- Taala həmin behişt meyvələrini Peyğəmbərin (s) sülbündə formaya salmışdı. Buna görədə xanım Fatiməni (s.ə) “Həvraul insiyyə”də adlandırıblar. Bununda mənası xanım Zəhranın (s.ə) insan ola- ola behişt hurilərindən sayılması deməkdir. Beləki Peyğəmbər (s) hər zaman cənnət ətrini arzulasaydı, onun və tuba ağacının ətrini Fatimədən (s.) alardı.

İlahi ! Bu necə bir xanımdır, bu necə paklıqdır ! Müqəddəsliyin təzahürünə bax ! Elə bir xanım ki, əvvəli behişt meyvəsidir. Xəmiri behiştdən yoğrulub. Bünövrəsində paklıq var. Təharəti-eşq. Mütəal Allah, ta əvvəlindən pak-pakizə xəlq eləyib. Elə bir xanım ki, Quran, Allahın onu bütün çirkinliklərdən pak və uzaq etdiyini söyləyir. Elə bir xanım ki, həm insandır, həm huri. Həm mələkdir, həm mələkdən üstündür. Elə bir xanım ki, Allah Rəsulu nə zaman behişt üçün darıxsa, bağrına basar, qoxlayardı.

Digər bir məsələ – Bir gün Allahın rəsulu evə daxil olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini eşidir və bu barədə ondan soruşduqda o pak qadın belə cavab verir: “bətnimdəki uşaq mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir. Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə) mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, nəslimizdə budur. Allah Taala tezliklə mənim nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir. İmamlar onun nəslindən dünyaya gələcəklər.

Kim idi bu xanım ? Elə bir xanım ki, ta bətindən dil açıb. Elə bir xanım ki, Rəbbin izni və iradəsi ilə, göz açmamış dil açıb. Elə bir xanım ki, şəninə surə nazil olub, ayələr dil açıb. Elə bir xanım ki, özü təklikdə 11 imam anası olub. Allah bu xanıma nə qədər xeyir-bərəkət verib, nə qədər fəzilət, nə qədər ilahi məqam bəxş edib ki, peyğəmbərin (s) ondan sonra gələn imamların, ondan sonra gələn övliyaların, ondan sonrakı bütün möminlərin və daha artığı bütün günahkarların başı üstdə bir nur olub. Ümid olub, çıraq olub. O, dünyaya gələn zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırırdı. Behişt hurilərindən on nəfər əllərində cənnətdən gətirdikləri teşt və kovsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Fatiməni (s.ə) götürüb kosər suyu ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu bələyib, digəri ilə isə başını bağladı. Sonra Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu olmasına şəhadət verdi.
Allah bizi dünya-axirət xanım Fatimədən ayrı salmasın. O ki, qiyamətdə deyəcəklər, “eynə-Fatimiyyun” hardadır Fatimənin yolunu gedənlər ?.. Rəbbim bizi, bu yolun həqiqi yolçularından qərar versin, inşəAllah. Vəssəlamu-aleykum.

GİAM

Yad kölgələr

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Professional ailə müşaviri, Həyat koçu

Dəstəmazını alıb, yatağına uzandı. Könlü qüssə içində, qəlbi kədər və hiddətlə dolu idi. Qəzəblə öz-özünə dedi: “Hz. Zəhranı (s) incidənlər çox zalım, qəddar insanlar idi. Kaş mən orada olaydım. Bütün bunlara icazə verməzdim…” Ardınca göz yaşlarını silib, yuxuya getdi. Azca yatmışdı ki, dəhşət içində ayıldı. Nəfəsi təngimişdi, qorxu içində ətrafa baxırdı. Buz kimi tər damlaları, möhür izi qalan alnından üzü aşağı axırdı. Az öncə Hz. Zəhra (ə) üçün axıtdığı göz yaşlarını sildiyi dəsmalla tərini sildi. İlahi, bu nə yuxu idi? Əlinin (ə) qapısına dayanmışdı. Hiddətlə hədə-qorxu gəlirdi, içəridən ağlaşma səsləri eşidilirdi. Kimsə yana-yana Allahı çağırırdı. O isə qəzəblə bağırırdı, ayağını yerə çırpdıqca, ev əhlinin nalələri də yüksəlirdi. Əlindəki odla qapıya doğru getdi.Bir anlıq alovun kölgəsində özünü gördü. Vəhşətə gələrək məşəli kənara tulladı.Bu ki mənəm! Məşəl mənim əlimdədir. Kölgədən gördüm.Mənim kölgəm idi. Mən Zəhranın qapısındayam!

Sinəsindən qopan ağrının şiddətilə yuxudan ayıldı. Niyə mən?! Axı mən. Dönüb yoldaşına baxdı. Əllərinin izi hələ də onun üzündə idi. Yatmadan öncə etdiyi davanı xatırladı. Uşaqlar bir kənarda qıvrılıb yatmışdı.Çığıraraq yanından qovduğu övladının nəmli kirpikləri bir-birinə yapışmışdı. Birtəhər ayağa qalxıb titrək əlləri ilə su içdi. Gözü pəncərənin şüşəsində öz təsvirinə sataşdı.Qızarmış üzünü gördü. İlahi, bu gün hər kəsin içində rişxəndlə ələ saldığı şəxsin simasına necə də bənzəyirdi.

Pəncərədən kənara baxdı. Dostları ilə arxasınca danışdığı qonşunun evinin işıqları hələ də yanırdı.
Dava-dalaş səs-küyləri qapıya qədər gəlirdi. Əlində tutduğu məşəli xatırladı. Mən daha kimlərin evinə od salmışam ilahi. Ümidini mənə bağlayan kimlərin qəlbini qırmışam? Kimləri yarı yolda qoymuşam. Anlamamışam, anlamaq istəməmişəm. Sığal çəkəcəyim yerdə, şillə vurmuşam.Eybini örtmək əvəzinə, faş etmişəm.Acılamışam, sındırmışam, göz yaşlarına səbəb olmuşam.Kimlərin ahını almışam.Mən nəfsimi sevindirmək üçün ibadət etmişəm. Özümdən xoşum gəlsin deyə sədəqə vermişəm.Dindarlığım “özpərəstliyimə” xidmət edib. Özümü aldatmışam. Mən bilməmişəm ki. Mən o yad kölgələri sevməmişəm ki. Mən yara açanları deyil, dərdlərə məlhəm olan Zəhranı sevmişəm. Mən gücsüzlərə bağıranları deyil, yetimlərin atasını sevmişəm.Namazında rükuda ona ehtiyaclı olana üzüyünü verən gözəl qəlbi Əlini sevmişəm.Bu kölgələr, eyibləri örtən, utandırmayan, bağışlayan, qucaq açan, nəvaziş göstərən, fədakarlıq edən, səbir və mərhəmət göstərən ilahi şəxslərin kölgəsi deyil. Mən doğmaların deyil, yadların kölgəsinə sığınmışam.

Xanım Zəhranın (s.ə) gələcəkdə başına gələn müsibətlər haqqında peyğəmbər (s) nə buyurmuşdur ?

Məhrum Şeyx Səduq ibni-Abbasdan nəql edir ki, Peyğəmbər (s) Əhli-beytin (ə.m) başına gətiriləcək müsibətlərdən xəbər vermiş və Fatimənin (s.ə) barəsində belə buyurmuşdur: “Qızım Fatimə əzəli və
əbədi olaraq iki dünyanın qadınlarının Xanımıdır. O, mənim cismimin bir parəsi, gözümün nuru, qəlbimin meyvəsi və vücudumda olan ruhumdur.O, “Huril-insiyyə” dir. Mehrabda Allah qarşısında ibadət etməyə başladığı vaxt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah-təala mələklərinə buyurar: “Ey mələklər, mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa edin. Görün mənim qarşımda bədəni necə əsir. O bütün varlığı ilə mənə ibadət edir.
Sizi şahid tuturam ki, onun şiələrini cəhənnəm atəşindən amanda saxlayacağam”.

Müəllif yazır: “Peyğəmbər (s) bu sözdən sonra buyurdu: ”Mən nə vaxt Fatiməyə baxıram, yadıma məndən sonra ona üz verəcək hadisələr düşür. Sanki, qəm və kədərin onun evinə necə varid olmasını və ona ediləcək ehtiramsızlığı və haqqının əlindən alınmasını, öz işinə yetişə bilməməsini, qabırğasının sındırılmasını, bətnində olan və hələ dünyaya gəlməmiş uşağın siqt olunmasını, onun “Ya Muhammədahu” çağırmasını elə indidən görürəm. Kömək istəyir, lakin bir cavab eşitmir, heç kim də ona kömək etmir. Məndən sonra həmişə hüznlü, qəmli və gözüyaşlıdır. Hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim ayrılığıma mübtəla olubdur, gecələr dəhşətli olur. Ona görə ki, gecə namazı vaxtı mənim Quran oxumağımı eşidərdi, indi isə eşitmir. Sonra özünün atasının sağlığında necə əzizlənib, nəvaziş edildiyini xatırlayıb qəmli-qəmli, içiniçin ağlayır. Bu zaman Allah-təala mələkləri onun munisi edir. Mələklər Həzrəti-Məryəmlə (s.ə) həmsöhbət olduqları tək onunla da elə
həmsöhbət olarlar. “Ey Fatimə, Allah-təala səni seçdi və pak etdi. Səni bütün qadınların Xanımı etdi. Ey Fatimə, Allahına ibadət və səcdə et. Allah dərgahında rükuda olanlarla rüku elə”. Sonra elə bil görürəm ki, O, dərddən və qübardan xəstələnibdir. Qulluğa ehtiyacı var. Allah-təala İmranın qızı Məryəmi (s.ə) ona baxmağa göndərər. Bu vaxt O, Allah-təala ilə belə dərdi-dil edər: “İlahi, həyatdan doyub yorulmuşam. Dünyapərəst insanların əlindən artıq cana gəlmişəm. Məni atama qovuşdur”. Allah-təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən (ə.m) qəmli, kədərli, haqqı qəsb olunmuş və öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: “İlahi, ona zülm
edən şəxsləri öz rəhmətindən uzaq et. Onun haqqını qəsb edənləri cəzalandır. Onu pərişan edənləri və kədərləndirənləri xar elə. Onu hamilə ikən zərbə ilə vurub uşağını siqt edənləri isə əbədi olaraq
cəhənnəm atəşinin sakini et”. Bu zaman mələklər deyərlər: “Amin!” “İlahi, bu duanı müstəcəb elə”.
Peyğəmbər s başqa yerdə belə buyurur: Əhli-beytin (ə.m) ikinci böyük şəxsi Fatimədir (s.ə) ki, mənim bədənimin bir parçasıdır. O, dünyanın keçmiş və gələcək qadınlarının ən yaxşısı və xanımıdır.
O, mənim ğözümün işığı, canımın meyvəsidir. O, ibadət mehrabında namaza dayananda çöhrəsinin ixlas nuru yeddi asimanı işıqlandırır. Allah-təala mələklər qarşısında onunla fəxr edir. Məndən sonra
ümmətin ona edəcəyi cəfa və zülümləri xatırlayıb O məzlumənin halına ağlayıram. Məndən sonra O məzlumənin həqqini əlindən alarlar, ona hörmətsizlik edərlər, bədəninə cərahət (xəsarət) yetirərlər. Mənim fərağımda gecə-gündüz ağlayar, “atam vay” deyib nalə edər, onun köməyinə yetişən olmaz, hətta nalə etməyinə də mane olarlar. Məndən sonra Əhli-beytimdən (ə.m) mənə mülhəq olanların (mənə yetişənlərin) əvvəlincisi O Xatun (s.ə) olar. Həsən (ə) və Hüseyin (ə) isə mənim gözümün nuru, ümmətimin höccətləri, behişt cavanlarının ağalarıdır. Ümmətimin nankor zalimləri və münafiqləri onların birini zəhərləyib ciyərini doğrayarlar, o birini susuz halda şəhid edib, başını qurbanlıq qoyun başı kimi kəsib nizəyə vurarlar, əhli-əyalını əsir edib şəhərbəşəhər gəzdirərlər. Bütün bunları xatırlayıb onların halına ağlayıram”

Giam

Fatimə xanımın (s.ə) ailə həyatında ər qayğısı necə olub ?

Qurani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır.
Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı
şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr güclənər, ailə ixtilafları qabarmaz.
Qurani-kərim buyurur: «Onlarla ünsiyyətiniz üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir». Əli və Fatimənin (s) həyatı məhəbbət, güzəşt və isarın nümunəsidir. Bu iki məsumun günah və xətası olmasa da, onlarda mehr-məhəbbət, maddi çətinliklərə etinasızlıq özünün ən yüksək zirvəsindədir. O dövrün həyat çətinlikləri, ağır işləri şəxsən icra etmələri, üzücü sıxıntılar bu növ cavan ailənin güzəranına kölgə salmışdı. Həyatları tam kasıblıqla keçir, çox vaxt evdə bir parça çörək də olmurdu. Lakin ailədə hökm sürən səbr və mərhəmət ab-həvası bütün çətinlikləri unutdururdu. Hətta ən çətin əziyyətdə də Fatimə (s) Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Diqqət edin: Əli (ə) otağa daxil olur. Fatiməni (s) rəng-ruhu saralmış görür. Fatimədən (s) yemək istəyəndə «üç gündür evdə yemək yoxdur» cavabını alır. Əli (ə) buyurur: Nə üçün mənə xəbər vermədin?
Həzrət Fatimə (s) buyurdu: Atam Peyğəmbər (s) mənə qadağan edib ki, səndən nə isə istəyəm. Buyurub ki, özü ilə bir şey gətirsə, gətirib, gətirməsə tələb etmə. Başqa bir rəvayətə görə yuxarıdakı hadisə zamanı Zəhranın (s) körpələri aclıqdan titrəyirdilər. Bəli, Fatimə tək mehriban bir ana «Məhəmməd gülü» olan övladları ilə bu sayaq çətinlikdə yaşayırdılar. Budur Fatimə (s) dözümü, budur Fatimənin (s) Əliyə (ə) qayğısı. Rəvayətə görə, Fatimədən (s) bu sözləri eşidən Əli (ə) yemək ardınca evdən çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi alsın. Yolda Miqdadla rastalaşır və bu vaxt onu evdən çıxmağa vadar edən səbəbi soruşur. Miqdad cavab verir: «Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı bir dirhəmi
Miqdada verib, evə əliboş qayıdır.

Giam

Dünyadan köçərkən xanım Fatimənin (s.ə) narazılığı nə idi ?

İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır: Peyğəmbər (s) öz qızına üz tutub buyurdu: «Ey Fatimə! Allah-taala sənin qəzəbinə qəzəblənər və razılığına razı olar.» Buxari «Səhih» kitabında yazır: Peyğəmbər (s) buyurdu: «Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni
qəzəbləndirmişdir.» Həzrət Fatimənin dəfələrlə Әbu Bəkr və Ömər tərəfindən inciməsini əksər tarixçilər öz kitablarında qeyd etmişlər. Xüsusilə, Peyğəmbərin (s) öz qızına hədiyyə etdiyi Fədək bağının onun əlindən alınması xəlifələrin ən böyük səhvlərindən biri idi. Fədək bağı döyüşlərin birində əldə olunmuş qənimətlərin bir hissəsi idi. Әhməd ibni Hənbəl «Müsnəd» kitabında yazır: «Öz yaxınlarının haqqını ver.» Bu ayə nazil olan kimi Peyğəmbər (s) Fədək bağını həzrət Fatiməyə hədiyyə etdi.» Göründüyü kimi Fədək bağı Peyğəmbərin (s) öz həyatı dövründə öz qızına bağışladığı xüsusi bir mülk idi. Lakin Әbu Bəkrin xilafəti
dövründə bu bağ həzrət Fatimədən alınıb beytul-mala daxil edildi. Әbu Bəkr Fədək bağının irs yolu ilə həzrət Fatiməyə çatdığını deyir, peyğəmbərlərdən isə heç kəsə irs qalmadığını iddia edirdi. O, bu iddiasına dəlil gətirərək deyirdi: Peyğəmbərdən (s) özüm eşitdim ki, buyurdu: «Peyğəmbərlərdən heç kimə miras qalmaz.» Әbu Bəkrin nəql etdiyi bu hədisin səhv olduğunu sübut etmək üçün çoxlu sayda dəlillər gətirmək olar. Lakin həzrət Fatimənin (s) özünün bəyan etdiyi dəlilləri və xanımın öz hüquqlarını necə
müdafiə etdiyini oxuculara təqdim etməyi məqsədəuyğun sayırıq. -Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, və İbni Әbil Hədid «Şərhu-nəhcül-bəlağə» kitabında yazır: «Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, həzrəti Əli (s) ilə birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz…? Bəs nə üçün Qurani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir? «Süleyman Davudun irsinə sahib oldu.» Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox ? Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan Qurana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin
peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq…»
Həzrət Əlidən (s) beyət almaq üçün onun evinə hücum olunduğu, bu zaman Peyğəmbərin (s) əziz qızının incidilməsi barədə çox söhbətlər olunub. Әbu Məhəmməd Deynuri «Tarixul-xüləfa ər-raşidin» kitabında bu hadisəni geniş şəkildə yazmışdır. Hadisə zamanı həzrət Fatimənin dediyi bir cümlə xanımın Әbu Bəkr və Ömərdən narazı olduğunu açıq şəkildə bəyan edir: «Atacan! Ey Allahın rəsulu! Səndən sonra Әbu Qəhafənin oğlu (Әbu Bəkr) ilə Xəttabın oğlundan (Ömər) biz nələr çəkdik…» Həmin iman və insaf əhli olan əhli-sünnət alimi (Deynuri) öz kitabında yazır: «Fatimənin ömrünün son günlərində Ömər, Әbu Bəkrə dedi (və ya əksinə): Gəl birlikdə gedib Fatimədən halallıq alaq, biz onu qəzəbləndirmişik. Onlar Fatimənin evinə gəldikdə xanım onlara görüş icazəsi vermədi. Onlar Әli (ə)-dan xahiş edərək evə daxil oldular. Xanım üzünü divara çevirib sakit dayandı. Әbu Bəkr dedi: Ey Peyğəmbərin (s) əzizi, and olsun Allaha ki, səni qızım
Aişədən çox istəyirəm. Kaş Peyğəmbərdən (s) sonra ölmüş olaydım. Mən sənin kim olduğunu hamıdan yaxşı bilirəm. Həzrət Fatimə Әli (ə)-a dedi: Onlardan soruş: Eşitməmişdiniz ki, Peyğəmbər (s) buyurdu: «Fatimənin razılığı mənim razılığım, qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmişdir…» Әbu Bəkr və Ömər cavab verdilər: Bəli, Peyğəmbərdən (s) bu sözləri eşitmişik. Həzrət Fatimə buyurdu: Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz məni incitdiniz, mən sizdən razı deyiləm. Atam Peyğəmbəri (s) görən kimi sizdən şikayət edəcəyəm. Onlar bu sözləri eşidəndə şiddətlə ağlamağa başladılar. Həzrət Fatimə için-için ağlayaraq buyurdu: And olsun Allaha ki, hər dəfə namaz qılanda sizə nifrin edirəm…
Әbu Bəkr dözə bilməyib nalə çəkərək çölə çıxdı.» Peyğəmbərin (s) əziz qızı cəmi 18 il miskin və qərib bir həyat sürərək atasından 75 və ya 95 gün sonra (bəzi ehtimallara görə ay sonra) vəfat etdi. Xanım öz vəsiyyətində buyurdu: Ya Әli, bunlardan heç biri mənim dəfnimdə iştirak etməsinlər… Məni
gecənin qaranlığında, gözlər yumulub yatandan sonra dəfn edərsən. Səhih Buxari kitabında yazıldığı kimi Әli (ə), xanımın vəsiyyətinə uyğun olaraq onu gecə yarı keçdikdən sonra torpağa tapşırdı.
Ulu Peyğəmbərimizin (s) haqq dəvətinə ləbbeyk deyib ona iman gətirən bütün müsəlmanlar bu sualın cavabı haqqında düşünməlidirlər: «Görəsən Peyğəmbərimizin (s) cigər parası, əziz qızı Fatimənin müqəddəs məzarı haradadır, bu məzar nə üçün bu günədək gizli qalmışdır»

GİAM

İslamın siyasi-ictimai məsələlərində Həzrəti-Fatimeyi-Zəhranın (s.ə) rolu nə idi ?

Həzrəti-Zəhra (s.ə.) özünün və ailəsinin hüququnun müdafiəsi yolunda bir dəqiqə belə sükut etmirdi. Bu, əslində müsəlman cəmiyyətinin və məhrumlar təbəqəsinin müdafiəsi demək idi. Çünki, öz hüquqları tapdalandıqda cəmiyyətin də hüquqları tapdalanır və deməli, islam dininin həqiqəti ayaqlar altına atılırdı. O, qarşısına çıxan hər bir çətinliyin müqabilində dağ kimi dayanır və vuruşurdu. Məscidə gedir, alovlu çıxışları, aydın nitqləri ilə özünün və ailəsinin hüquqlarını bildirir, o dövrün hakimlərinin iç üzünü açıb göstərir və yolunu azmış başçıları, onların qəlbiqara davamçılarını haqqın yoluna dəvət edirdi. Həzrəti-Zəhranın (s.ə.) bu açıq-aşkar əməlləri, işləri aydın göstərir ki, Peyğəmbərin (s) sevimli qızı, möminlərin ağası Əmirəl-möminin Əlinin (ə) həyat yoldaşı haqq-ədalət İmamlarının (ə.m) anası təkcə ev qadını və ocaq sahibi deyildi, həm də mübarizə qadını idi. Həyatın bütün sahələrində ləyaqətli bir qəhrəman və döyüşkən qadın olmaqla yanaşı, həm də fəzilət və bilikdə ən yüksək bir şəxs idi.

Həzrəti-Fatimə (s.ə.) qadınlar cəmiyyətinin həyatını birdəfəlik dəyişdirdi və qadınlar üçün yeni bir proqram yazdı. İslam tərbiyəsi və əxlaqının bərəkəti ilə ev mühitindən səfa və səmimiyyətlə, lütf və mehribanlıqla dolu bir cəmiyyət yaratdı, böyük bir tərbiyə ocağı qurdu. Bu tərbiyə ocağında Həsən (ə) və Hüseyn (ə) kimi oğullar, Zeynəb (s.ə) və Ümmi-Gülsüm (s.ə) kimi aslana bənzər qızlar böyütdü. Həzrəti-Fatimə (s.ə.) fərdi və ictimai həyatda əsl həqiqətləri tez görə bilir və bütün məsələlərə elə incəliklə yanaşırdı ki, onlardan hər biri bizim islam cəmiyyətində də yaşayan qızların və xanımların üzləşdiyi bir çox ailəvi çətinliklərin və problemlərin həll olunmasında açar ola bilər.

Həzrəti-Fatimənin (s.ə.) tərbiyə məsələsində bir mühüm cəhətinə xüsusi diqqət yetirmək lazımdır. Peyğəmbər (s) buyurub: “Əziz qızım Fatimə, bu dünyada öz işini özün gör, çünki, sabah mən sənin üçün heç bir iş görə bilmərəm”. Bu dərin mənalı hədis göstərir ki, hər kəs gərək öz səy və imanı ilə özüylə Allahı arasındakı əlaqəni düzgün istiqamətlə qursun. Əks təqdirdə, hətta Allahın Peyğəmbərinin (s) qızı olmaq da qiyamət günündə insanın çətinlik düyününü açmır. Peyğəmbərin (s) buyurduğu bu hədis elə dərin mənanı ifadə edir ki, əgər hər bir müsəlman qadını və kişisi onu dərk edib həyatda ona əməl etsə, səadət və xoşbəxtliyə qovuşar. Ancaq, belə bir böyük kəlamı bütöv dərinliyi ilə dərk edən və bütün varlığı ilə ona əməl edən bircə nəfər olmuşdur ki, o da Həzrəti-Fatimeyi-Zəhradır (s.ə.). Bu kəlam xanımlar Xanımı Fatimənin (s.ə.) bütün duyğu və düşüncələrinə, fikir və əməllərinə hakim kəsildi və onu böyük atasının parlaq nümunəsinə çevirdi. Həzrəti-Fatimeyi-Zəhranın (s.ə.) şərəfli vücudu cahanda Xəlifətullahın ali dəyərlərinin təhəqqüqüdür. Bir insan ünvanında qadın və insanın hədəfi bir cür xüsusiyyətlərə və dəyərlərə, həmçinin dünyaya baxışda cəmiyyətin hədəfi Allaha tərəqqübdür. Buna görə bütün ictimai işlər, vəzifələr, fürsətlər, hüquq və ixtiyarlar hamılıqla hədəfə nail olmaq üçün məcradır, ictimai və fərdi səviyyələrdə rəftar qaydaları bu ölçü və hədəflərdə qərar tutur. Qadının əsas məqsədi İlahi yolunda lüzumu və islamın ən ali məqsədlərinə yetməsidir.

GİAM

Xanım Fatimənin (s.ə) həzrəti Məryəmlə (s) oxşarlığı nədir ?

Ali-İmran surəsi, ayə 37-ci ayə xanımın (s) həzrəti Məryəmləoxşarlığından bəhs edir: Bağışlayan və Mehriban olan Allahın adı ilə. “Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir
fidan kimi yetişdirdi (bəslədi) və onun qəyyumluğunu Zəkəriyyaya (ə) tapşırdı. Zəkəriyya (ə) (Məryəmin (s.ə) ibadət etdiyi mehraba girdikdə orada xususi bir yemək olduğunu görərdi. Ondan “Məryəm, bunu haradan gətirmisən?” – deyə soruşduqda o: “Bu Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər” – deyə cavab verərdi. Bu ayənin təfsirinə gəldikdə, təfsir alimləri belə təfsir edirlər ki, Məryəmin (s.ə) qız olmasına baxmayaraq, Allahtəala onun anasının nəzirinə, oğlan əvəzində qız verdi və BeytülMüqəddəsdə xidmətçilik etməsinə razı oldu. Bu da Allah tərəfindən onun barəsində bir mərhəmət idi. Allah onun böyüyüb boya-başa çatmasını gözəl qərar verdi, tərbiyəsini gözəl şəkildə yerinə yetirdi, bütün hallarda onun işlərini islah etdi. Yəni, Allah-təala Məryəmi (s.ə) Zəkəriyyanın (ə) əhli-beytinə qovuşdurdu, onu Həzrəti Məryəmin (s.ə) başçısı və hamisi qərar verdi ki, onun məsləhətlərinə zəmanət versin. Zəkəriyya (ə) hər vaxt onun mehrabına daxil olurdusa, mövsümü olmasa da təzə meyvələr görür, “bunlar sənin üçün haradandır?” deyə soruşduqda, Məryəm (s.ə) də onların behiştdən gəldiyini bildirirdi. Bu da Allah tərəfindən Məryəmin (s.ə) barəsində edilən böyük bir mərhəmət idi. “Kəşşaf” təfsirində nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) quraqlıq və qıtlıq illərində bir gün çox acmışdı. Fatimə (s.ə) iki çörək götürdü və bir qədər ət xörəyi hazırlayıb atasına hədiyyə göndərdi və
beləliklə də atasını (s) sevindirdi. Peyğəmbər (s) o hədiyyəni götürüb Fatimənin (s.ə) evinə qayıtdı.
Evə daxil olan zaman buyurdu: “Qızım, yaxına gəl!” Fatimə (s.ə) yaxına gəldikdə Peyğəmbər (s) bağın üstündəki parçanı götürdü. Gördülər ki, həmin tabaq çörək və ətlə doludur. Fatimə (s.ə) bunu görərkən heyrətləndi və onların Allah tərəfindən göndərildiyini bildi. Peyğəmbər (s) soruşdu: “Bunlar haradandır?” Fatimə (s.ə) ərz etdi: “Allah tərəfindəndir!” Peyğəmbər (s) buyurdu: “Allaha həmd edirəm ki, səni
(yəni, Fatiməni) Bəni-İsrailin qadınlarının Xanımı (yəni, Məryəm) kimi qərar vermişdir.” Sonra Peyğəmbər (s), Həzrəti-Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), bütün Əhli-beyt (ə.m) o tabağın ətrafında oturub
hamısı o təamdan doyunca yedilər. Hətta, doyduqdan sonra da yemək qalmışdı (sanki ona heç əl vurulmamış və azalmamışdı). Fatimə (s.ə) onu qonşuların arasında bölüşdürdü. Allah hər kəsə istəsə hesabsız ruzi verər. Çünki Allahın qüdrəti və mülkü sonsuzdur, onun tərəfindən olanlar bu mülkün azalmasına səbəb ola bilməz.

GİAM

“Asimanın parlaq ulduzu Fatimə” (s.ə)

İslam peyğəmbəri həzrət Rəsuli-Əkrəmin (s) əziz qızı xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətinin il dönümü günlərini yaşayırıq. İslam dünyasında, tarixdən bu yana belə əzəmətli bir qadının şəhadətindən bu günə qədər “Fatimə Günləri” adlandırılan bu günlər, bu əzəmətli bir qadının həyat hekayəsinə qısa, eyni zamanda son dərəcə zəngin və dəyərli həyatına nəzər salmaq üçün dəyərli fürsət sayılır.

Bu günlər Peyğəmbərimizin (s) pak nəslinin seyidlər nəslinin qaynağı, dünya və cənnət qadınlarının xanımı, nübuvvət (peyğəmbərlik) mərkəzində dünyaya gəlib boya-başa çatmış, vilayət (imamət) evində həyatını davam etdirən, ən ideal qadın, ən yaxşı həyat yoldaşı, ən yaxşı ana kimi qadının bütün fəaliyyətini əks etdirən əlamətləri özündə toplayan nümunəvi, ideal, məsum qadın xanım Fatimənin (s.ə) şəhadətinin il dönümü günləridir. Belə bir əzəməti bütün tarixin səhifələrinə yayılan bir qadının həyat hekayəsi təbii ki, istər kişi olsun istər qadın bütün müsəlman cəmiyyəti üçün böyük bir məktəbi və onun ideoloji prinsiplərini özündə ehtiva edir.
Xanım Zəhra (s.ə) sadəcə əziz İslam Peyğəmbərinin (s) qızı olmaqla deyil, öz mənəvi, əqli və elmi yöndən bir məktəb idi. Xanım Fatimeyi Zəhra (s.ə) İslam məktəbinin insan təcəssümü olması ilə bərabər, bütün bu ideoloji prinsiplərə sahib olan kamil bir qadın idi. Xanım Zəhranın (s.ə) elmi və mənəvi yönü onu digər bütün insanlardan fərqləndirən cəhəti olması ilə bərabər, əxlaqi səciyyələri və rəftarı da bir məktəb idi. İslamın ilkin çağlarında ilk Ərəbistan yarımadasında qadına verilən dəyər bütün tarixi səhifələrin bariz şahididir. İslam dini öz fundamental dəyərlərini cəmiyyətin canına və ruhuna nazil edərək, insanların heyvani yaşamından xilas edib, onları əqlani və mənəvi cəhətdən insanlığın ən möhtəşəm yönlərini də təqdim etdi. Məhz belə bir nümunə içərisində, qadını ən aşağı mərtəbədən qaldırıb, insanlığın ən yüksək pilləsində yerləşdirən din İslam oldu.
Xanım Zəhra (s.ə) islam dininin qadına verdiyi dəyərin təcəssümü, bir qadının hansı ali məqamalara yüksəlməsinin bariz göstəricisidir.
Bütün əqli və mənəvi kamilliklərə sahib olan belə bir xanım, sadəcə öz qısa həyatının olması ilə baxmayaraq, həyatı olduqca eniş-yoxuşlu, qısa ömrü böyük ibrətamiz, zəngin və əhatəli bir həyat səhifəsinə malik olmuşdur. Xanım Zəhra (s.ə) öz qısa amma zəngin həyat yolundan sadəcə İslamin erkən dövr qadınlarına deyil, əksinə XXI əsr qadın, bəlkə qadın və kişilər üçün olduqca əhəmiyyətli bir nümunədir. Belə bir əzəmətli bir qadının qısa həyat hekayəsi və yaşam fəlsəfəsi əxlaqi, elmi, ibrətamiz kəlamları, nümunəvi addımları, ailədə rolu, övlad tərbiyəsində olduqca ibrətamiz rəftarları ilə doludur.  

Bəşər cəmiyyətinə nümunə olan qadın

İslamın qadınların haqq və hüquqlarını qorumaq və onların tərəqqi etmələrini təmin etmək üçün bir çox qanun və proqramları vardır. Nümunəvi İslam qadınını tanımaq, onun gözəl əxlaqından ibrət götürmək üçün vəhy məktəbində təhsil alan İslam qadınlarını kamil bir şəkildə tanımaq və onların həyatının yolunu araşdırmaq lazımdır. Hz. Fatimə (s.ə.) şübhəsiz ki, bütün İslam qadınlarının başında yer almaqdadır, çünki o, atası məsum, həyat yoldaşı məsum və özü də məsum olan yeganə qadındır.
Fatimənin (s.ə) tərbiyə və yaşayış mühiti, ismət və məsumluq mühiti idi. Uşaqlıq illərini, İslamın ilk şəxsiyyətinin, yəni aləmlərin Rəbbi Allahın tərbiyəsi altında olan və Allah tərəfindən seçilmiş Peyğəmbərin (s) evində keçirmişdi. Ev işlərini yerinə yetirmə və uşaq tərbiyyə etmə dönəmini də İslamın ikinci şəxsiyyətinin, yəni Əli ibn Əbitalibin (s) evində keçirmişdi. Bu qısa müddət içərisində iki məsum şəxsi, yəni Həsən və Hüseyni (s) və iki qız övladı, yəni Zeynəb və Ümmügülsüm (s.ə) kimi şücaətli və fədakar qız övladlarını cəmiyyətə təqdim etmişdir. Belə bir evdə açıq şəkildə islami əxlaq və qanunların parlaq nəticələrini görmək və İslamın ideal və nümunəvi qadınını tapmaq mümkündür.

İlk İslami ailə

İslam dini zühur etdikdən dərhal sonra, qurulan ilk müqəddəs islami ailə Muhəmməd (s) və Xədicənin evi idi. Onların sayı üç nəfərdən artıq deyildi: Muhəmməd (s), Xədicə və Əli (ə). O ev islami inqilabın mərkəzi idi, təbii ki, belə bir müqəddəs ailənin ictimai vəzifəsi də olduqca çox və ağır idi. Küfrə və bütə qarşı mücadilə etmələri və tövhid dinini yaymaları lazım idi. Bütün dünyada sadəcə bir islami ev var idi. O da bu üç şəxsin yaşadığı ev idi və onların başında Həzrət Mühəmməd (s) dururdu. Allah-Taala onun əxlaqı haqqında belə buyurur: “Şübhəsiz, sən çox böyük bir əxlaq sahibisən”.

Rəsulullah (s) xanım Xədicəni həddindən artıq sevirdi, onun şəxsiyyətinə hörmətlə yanaşırdı, hətta Xədicənin dostlarına belə ehtiram göstərirdi. Ənəs belə deyir: “Bəzən Peyğəmbərə (s) hədiyyə təqdim edildikdə belə buyurardı: “Filan qadının evinə aparın, çünki o Xədicənin dostu idi”. Xədicə sıxıntılı anlarında Muhəmməd (s)-ə təsəlli verir, hədəfə çatmaq yolunda onu ümidvar edirdi. Kafirlər işgəncə və əziyyət verdikləri zaman həzrət evə girər-girməz xanım Xədicənin şəfqət və məhəbbətinə qərq olur və isti ocaqdan güc alırdı. Çətinliklər və qorxulu hadisələr haqqında o bilgili və ağıllı-kamallı qadınla məsləhətləşirdi. Bəli, Fatimeyi-Zəhra (s.ə) belə bir səfa və səmimiyyətlə dolu ailədə dünyaya gəlmiş, o cür atadan və fədakar anadan tərbiyə almışdır.

Ali hədəflər ardınca olmaq

Ümumiyyətlə hər hansısa məktəb və ideologiyanın dəyəri öz davamçılarına təqdim etdiyi hədəflər və ali məqamları ilə seçilir. Təsadüfi deyil ki, İslam dini ən üstün və kamil din olaraq bütün uca hədəf və ali məqamları öz davamçılarına təqdim etmişdir. Məhz bu ali hədəflər bəşər cəmiyyətinin inkişaf və təkamül etməsinə səbəb olmuşdur. Bu mühüm prinsipin təbliği məhz İslam Peyğəmbəri (s.ə) və onun Pak Əhli-Beyti (ə) layiqincə yerinə yetirmiş, özlərinin davamçılarına müxtəlif formalarda dərin fikirləri, rəftarları və müqəddəs kəlamları ilə təqdim etmişlər. Bu səbəbə görə də, Həzrət Fatimənin (s.ə.) parlaq və zəngin həyat yoluna diqqət etdikdə, ilk öncə diqqəti çəkən bu xanımın həyatında ən mühüm amil, ali hədəflərin üstün tutulması olmuşdur. Və bu üstün tutma həm də onda özünü göstərir ki, həyatın hər bir səhnəsində ali hədəflər ən mərkəzi yerdədir. Xanım Zəhra (s.ə.) bütün həyatı boyu ardıcıl və davamlı olaraq hər bir şeyi məhz ali hədəflərə uyğun olaraq edirdi.
İstər fərdi həyatında, istər ailə həyatında, istər ictimai həyatda, ana olaraq, övlad olaraq, həyat yoldaşı, dəyərlər təbliğatçısı, zülmü ifşa edən olaraq, Həzrət Fatimə (s.ə.) fəqət Allah-Təalanın rizayətini düşünürdü. Ali amallar ardınca idi. Və bu istiqamətdə hər zaman fədakarlığa hazır idi. Həzrət Zəhranın (s.ə.), Əhli-beytin (ə) yolunu getmək istəyən insan gündəlik həyatında məhz bu iki məsələni ibrət götürsə, böyük irəliləyiş etmiş olar: ali hədəflərin ardınca olmaq və bu durumu qorumaq üçün fədakarlıq halətinin mövcudluğu.
Bütün bəşəriyyət, istər kişi olsun istər qadın, hər bir şəxs, xanım Zəhranın (s.ə.) o yüksək amallar ardınca olması mövzusuna diqqət yetirsə və bu amalları özü üçün qəbul etsə, bu amallara doğru istiqamətləndirsə, Xanım Zəhra (s.ə.) irsindən götürdüyü ən böyük töhvə olar.

Peyğəmbərimizin (s) ümmətə etdiyi vəsiyyətə uyğun olaraq, Həzrət Fatimə (s.ə) öz məşhur xütbəsində mühacir və ənsarlara xitab edərək, haqq yolundan sapmamağın dəqiq reseptini təqdim etmişdir: Agah olun ki, Allahın Peyğəmbəri (s) qiymətli və böyük bir əmanəti, yəni səma kitabı olan Quranı sizə əmanət qoyub getmişdir. O, səadət və təkamülün kamil nüsxəsidir. Allahın nuru və bürhanı, Böyük Allahın gücü, höccət və İlahi qanunlar məcmuəsi bu kitabda aydın verilmişdir. Əgər onun hökmlərinə əməl etsəniz, səadət və təkamülün son həddinə çatarsınız. Zəlalət və cəhalətin zülmətindən nicat taparsınız. Bu, elə bir təkamüldür ki, başqalarının həsədinə səbəb olar”.

AQİL İSLAM

Behişt ətirli mələk

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Professional ailə müşaviri, Həyat koçu

Hz. Zəhra (ə) cənnət xanımlarının sərvəri olaraq, mənəvi səciyyələri ilə bir müsəlman xanımı timsalında ən gözəl ülgüdür. Çünki o, bir xanımla Allah arasındakı bağlılığın kamil nümunəsidir.
Təsəvvür edin ki, “Allah-taala bir xanımın qəzəbi ilə qəzəblənir və onun sevincilə şad olur.” Bu ilahi övliyaların, Tanrı dostlarının ucalmaq istədiyi ən ali məqamdır.  Uzun illər sınaqlardan keçib, bu rütbəyə çatmaq üçün çalışan Allah dostlarının hədəfidir. Bir halda ki, o, sırf “peyğəmbər qızı” nəsəbinə malik olduğu üçün deyil, dəyərlər üzərində sadiqliyi ilə qısa bir zamanda belə bir ali mərtəbəni əldə etmişdi. Əslində, aləmlərin xanımı olan Həzrət Zəhra (s) təkcə qadınlara deyil, insanlığa gözəl nümunədir. Burada çox dərin məqamlardan biri də budur ki, Hz. Mehdi (əc) buyurur: “Allah Peyğəmbərinin (s) qızı mənim üçün gözəl nümunədir.” Məhz bəşəriyyətin xilaskarı olan Hz. Mehdinin (əc) Xanım Fatimədən özünə ülgü götürərək “gözəl nümunə” adlandırması o deməkdir ki, insanlığın xilası, Peyğəmbər qızının həyata keçirdiyi dəyərlərlə sıx bağlıdır.

Ümumiyyətlə, Hz. Peyğəmbərin (s) Fatimə haqda buyurduğu bütün kəlamların zahiri və batini mənalarında, atalıq duyğuları deyil, onun kamillik səciyyələri əsas götürülmüşdür. Məsələn, Umarə İmam Sadiqdən (ə) soruşduqda ki: Fatiməni (Peyğəmbərimiz) nə üçün «Zəhra» (parlaq) adlandırıb? İmam buyurur: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.” Bu nur, aydındır ki, maddənin və cismin parlaqlığı deyildir, bu mənəvi kamilliyin nurudur.

Deməli, Allahın Peyğəmbəri (s) “Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.”- deyə buyurduğu zaman da, bu kəlamın məna çalarları sırf atanın qızına olan məhəbbətində məhdudlaşmırdı. Çünki Qurani-Kərimin buyruğuna əsasən, Peyğəmbərin söylədiyi kəlmələrin hər biri ilahi kəlamı sayılır. Necə ki, Allahın elçisi (s) buyurur: “Bununla da, Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.”Bu kəlamlardan aydın olduğu kimi, Həzrət Peyğəmbərin (s) göz nuru və məhbubu olmağın meyarları məhz ilahi dəyərlər üzərində formalaşmışdır.  
Necə ki, buyurur: “Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.” Burada da, Hz. Zəhranı (s) sevənlərin oddan uzaqlaşdırılması, sırf emosional və duyğusal məhəbbət üzərindən deyildir. Hz. Zəhranın mənəvi dəyərləri ilə həyata baxmaq, onun kimi düşünmək, hiss etmək və yaşamaqdır. Necə ki, Hz. Fatimə (s) özü də bu haqda buyurur: “Bizim göstərişlərimizə əməl etsəniz və çəkindirdiyimiz işlərdən uzaq qalsanız, ardıcıllarımızdan sayılacaqsınız. Yoxsa ki, nə faydası.”

Məsələn, Hz. Zəhra (s) bəşəriyyətə örnək olacaq ən ali fədakarlıq nümunəsidir. İftar etmək istədiyi zaman əlindəki yeganə yemək olan və bir az arpadan hazırladığı quymağı üç gün ardıcıl olaraq yoxsul, yetim və əsirə verdi. Gəlin köçərkən ondan paltar istəyən yoxsul qadına yardımsevərliyi ilə öz gəlinlik paltarını bağışlayan, özü isə bəy evinə köhnə libasla gedən yeganə gəlindir anamız Hz. Fatimə (s).
Hz. Əli (ə) buyurduğu kimi, “bir həyat yoldaşı olaraq Fatimə Allaha bəndəlikdə ən yaxşı köməkçidir.” İstəkləri yersiz, təmənnaları uzun-uzadı deyil. Pak işlərə yönləndirən və gözəl əməllərdə ən yaxşı həmkardır.

Əmirəl-möminin Əlinin (ə) bu kəlamları əsl ailə sevgisinin təsvirini göz önündə canlandırır: “Allaha and olsun! … Fatimə ilə birlikdə ömür sürdüyümüzdə, heç bir zaman məni əsəbləşdirmədi və mənə itaətsizlik etmədi. Hər zaman onun üzünə baxdığımda bütün qəm-qüssəm aradan gedərdi.” Hər dəfə dua etdiyi zaman, övladının ondan “ana, nə üçün başqalarını dua edib, sonda özünü dua edirsən?”-deyə soruşduqda, “oğlum, əvvəl qonşu, sonra özün!”-deyə buyurması mənəvi empatiyaya ən kamil nümunə sayılır. Dünyapərəstliyin deyil, ədalətli olmağın insanlara hüzur və aramlıq bəxş edəcəyini vurğulayırdı Xanım Fatimeyi- Zəhra (ə): “Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.” Xanım Fatimə (s) dünyanın acısına dözməklə, çətinliklərinə səbir göstərməklə axirətin şirinliyinin daha dəyərli olduğunu sübut etdi.

Təvazökarlığın insanı ucaltdığına, onu Allahın sevimlisi etdiyinə təkid edir, bunun üçün də hətta xidmətçisi Fizzə ilə ev işlərini mütərək və ədalərli şəkildə bölmüşdü. Bir gün Fizzə işləyir, bir gün Hz. Fatimə xidmət edirdi. Yaxınlarına vəfalı və yardımçı olan Aləmlərin xanımı, Hz. Həmzə şəhid olsuqdan sonra günlərlə onun ailəsinə qulluq edib, yeməklərini hazırlardı. “Dünyanızda ən sevdiyim şey, kimsəsizlərə yardım etməkdir”-deyə buyurardı Zəhra anamız. Sevgi, fədakarlıq, səbir, təvazökarlıq, anlayış, qayğı və sair kimi pak xüsusiyyətlər insan qəlbinin genişliyindən, dünyaya bağlılığı olmamasından və Allah sevgisinin, razılığının şəxsi mənfəətlərdən üstün olmasının inikasıdır. İnsanların maddi uğurlara daha çox həris olduğu müasir zamanda, bir-biriləri ilə sərvət, şan-şöhrət, gözəllik əldə etmək və şəhvətlərinin təmini üçün sanki yarışması, fədakarlığın dəyər və zərurətini kölgə altında qərarlaşdırır. Fədakarlıq və güzəşt olmadığı zaman insanlar sanki vəhşiləşir, ailələrin dağılması, dostluqların pozulması, istismar və təcavüzlərin çoxalması, doymaq bilməyən eqolar, istəklər, həvəslər yalnız düşmənçilik və kinin dərinləşməsinə xidmət edir.

“Hz. Zəhra ardıcılı” isə bu xislətlərdən uzaqlaşmış şəxsə deyilir. Bir-birilərinə dil yarası vuran, alçaldan, acılayan, böhtan atan, lağa qoyan, qiybətini edən, işlərinə qarışan, eybini araşdıran və yayan şəxslərin Peyğəmbərin behişt ətirli qızı ilə heç bir əlaqəsi yoxdur. Sevgi uyğunluqdur, bağlılıqdır, məmnunluq hissidir, vazkeçilməzlikdir. Bu xüsusiyyətlərə sahib insanın, Hz. Zəhra ilə nə bağı ola bilər? Xanım Fatimə ondan necə məmnun qala bilər? Sırf onun fəzilət və üstünlüklərinə etiqad bəsləməkləmi aramızdakı bağlılığın yaranmasını güman edirik? Günəşin möhtəşəm olduğuna inanıb, buna etiraf edib, amma uzun illər zirzəmidə onun nurundan uzaqda özünü həbs edən insan, onun xeyir və faydalarından məhrum olduğu kimi… İbadətlərimizləmi? Qıldığımız namazlamı? Xanım Fatimeyi Zəhra (ə) buyurur: “Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.” Tutduğumuz oruclamı? Bu haqda buyurur: “Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.
Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”

Əzizlərim, əgər belə düşünürüksə həqiqətən də yanılırıq. Çünki Allahın, Peyğəmbərin, İlahi övliyaların mənəvi ticarəti dünya al-verinə bənzəməz. Bu dünyada zahiri gözəl olan bir şeyi asanlıqla baha qiymətə satmaq olar. Amma mənəvi aləmdəki alıcılar və dəyər meyarları, zahirin deyil ruhun, qəlbin, düşüncənin və əməlin paklığı ilə ölçülür. Tər-təmiz, ağ və pak bir libas geymiş şəxsi düşünün. Üst-başı palçıq olan digər bir şəxsi təsəvvür edin. Ona yaxınlaşdığı təmiz libasını çirkləndirmiş olacaqdır. Bunu mənəvi olaraq təsvir etsək, pak və uca məqamdakı ruhun, təmizlənməmiş, islah edilməmiş ruhlarla əlaqəsinin mümkünlüyünü düşünün. “Qurani-kərimə yalnız mənəvi cəhətdən paklanmışların toxuna biləcəyini” buyuran ayədən də bir məqsəd elə budur.
Müqəddəs kitabımız behiştdə heç bir mənasız və bihudə düşüncələrin, duyğuların və əməllərin olmayacağını buyurduğu zaman da məhz bunu nəzərdə tutur. Elə düşünməyin ki, burada ruhumuzu paklamadığımız zaman sırf Əhli-beytə (ə) etiqadımız, inancımız və sevgimiz olduğu üçün, orada bizi paklaşdıracaqlar. Xeyir, insan bu dünyada paklaşaraq axirətə səfər edir. Sonradan gələn savablar, yaxud şəfaətlər odda yanmaması üçündür, kamilliyə isə bu dünyada çatmaq lazımdır. Oradakı kamilliyin davamı isə buradakı azuqənlə sıx bağlıdır. Belə olan halda, burada ruhunu təmizləməyən şəxsi bihudə sözləri, əməlləri, duyğuları orada da davam etmiş sayılır.

Allah öz sevdiyi bəndələrini aləmlərə nümunə və ülgü olaraq təyin edir ki, onların vasitəsilə bəşər övladı mənəvi – insani dəyərlərin icrasının zərurətini, mümkünlüyünü, gözəlliyini və ləzzətini dərk etmiş olsunlar. Hz. Zəhra (s) daim ac qalmadı, amma empatiyanın, anlayışın, qayğının və xeyirxahlığın mümkünlüyünü, zəruriliyini, ləzzətini və gözəlliyini aləmə sübut etdi. Başa saldı ki, insanlar Allah sevgisi ilə bir-birilərini sevmədikcə xilas ola bilməyəcəklər. İnsanlar həvəslərinə deyil, dəyərlərə bağlı olmadıqca, qəfəsdə çırpınan quşlar kimi nəfsdən azadlığı dərk edə bilməyəcəklər. Necə də, gözəl buyurub İmam Sadiq (ə): “Hz. Zəhranı anlayan, Qədr gecəsini anlamış kimidir.”

Mənbələr

1. Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80
2. Kənzul-Ummal, hədis 37725
3.- Biharul-Ənvar, 43, səh. 22
4. – Biharul-Ənvar, 68, səh. 155
5. Məani əl-Əxbar, səh.64, hədis 15
6. Biharul-Ənvar, c.43, səh.23, hədis 17; Əmali-Səduq, səh.394, hədis 18
7. – Nəcm, 3-4
8. Məkarimul-Əxlaq, c.2, səh. 366
9. Əmali-Tusi, səh.300
10. – Biharül-ənvar, c. 68, səh. 155.
11. – Ehqaqül-həqq, c. 33, səh. 346
12. – Biharül-ənvar, c. 43, səh. 117; “Əl-Mənaqib”, ibn Şəhri Aşub, c. 3, səh. 356
13. – “Kəşfül-ğimmə”, c. 1, səh. 363; “Biharül-ənvar”, 43\134; “Əl-Mənaqib”, Xarəzmi,  səh. 353  
14. İləlül Şəraye, səh.248, hədis 2
15.- “Məcməül-bəyan”, 10\765; “Məkarimül-əxlaq”, 1\256; “Təəvilü-ayatüz-zahirə”, c. 2, səh. 810; “Şəvahidüt-tənzil”, c. 2, səh. 445 
16. – Biharül-ənvar, c. 53, səh. 28
17. – Üsuli-kafi, c. 1, səh. 241
18. – Biharül-ənvar, c. 43, səh. 192
19. Biharul-Ənvar, c.82, səh. 209, hədis19
20. Biharul-Ənvar, c.96, səh. 368 , hədis4
21. Dəaimul-İslam, c.1, səh. 268
22. – Vaqiə, 79
23. – Ğaşiyə 11, Vaqiə 25
24.- Biharül-ənvar, c. 43, səh. 65