Qurani-Kərimin nazil olma səbəbinə nəzər saldıqda aydın olur ki, bu əzəmətli kitab, insanlara hidayət yoluna dəvət edib, onların nəfsini saflaşdırmaq və təlim-tərbiyə göstəricisi olan ilahi bir qaynaqdır.
Bu əzəmətli kitab əziz İslam Peyğəmbəri (s) tərəfindən bütün əxlaqi, fiqhi, etiqadi düsturları müsəlman cəmiyyətinə bəyan etmişdir. Qurani-Kərim hikmətli bir yaradıcı tərəfindən nazil olduğu üçün, bu əzəmətli kitabda qeyd olunan bütün göstərişlərdə məhz bu hikmətə uyğun olacaqdır. Bu nüansa diqqət etdikdə, aydın olur ki, Qurani-Kərimdə bütün peyğəmbərlərin hamısının adının çəkilməsinin də heç bir lüzumu yoxdur. Çünki, qeyd olunduğu kimi, Qurani-Kərim insanları hidayət edən bir bələdçidir. Qurani-Kərimin bu hədəfi bir çox peyğəmbərlərin adlarının çəkilməməsi üçün əsas səbəbidir. Bəzi peyğəmbərlərin adlarının və həyat tərzlərinin Quranda qeyd olunması, onların tarixləri ilə tanış olmağımız üçün deyil, əksinə onların müsibətlərindən və qövmlərinin axır-aqibətlərindən ibrət almağımız üçündür. Əgər adları Quranda gəlməyən peyğəmbərlərin həyatından bizim üçün daha faydalı mətləblər olsaydı Quran onu mütləq qeyd edərdi. Başqa sözlə desək Qurani-Kərim insanların təlim-tərbiyəsi, həmçinin İlahi əmrlərin insanların qəlbində daha əsaslı və möhkəm yer tapması üçün tarixin hikmətli və ibrətamiz hissələrindən (epizodlarından) istifadə etmişdir. Bir sözlə Qurani-Kərim heç vaxt tarix ensklopediya kitabı məqsədi ilə yazılmamışdır. Misal üçün; Həzrət Musanın (ə) adı Quranın 28 surəsində və yüzdən çox çəkilmişdir. Amma o mətləblər heç vaxt tarix ünvanında qeyd olunmamışdır. Qurani-Kərim heç bir peyğəmbər haqqında tarix qeyd etməmişdir. (onların dünyaya gəlməsi, vəfatı və sair..) amma həzrət Musanın (ə) və digər peyğəmbərlərin həyatında olan bütün ibrətamiz və faydalı mətləbləri gətirmişdir. Həmçinin Quran nazil olan zamanda (Quranın əsrində) insanların savadsızlığı, başqa yaxın və uzaq qövmlərdən, o cümlədən onların həyat tərzlərindən və peyğəmbərlərindən xəbərsiz olmaları bir çox peyğəmbərlərin adlarının Quranda gəlməməsinə səbəb ola bilər.
Təlim-tərbiyə məsələsi ilə yanaşı tarixi hadisələrin nəql olunmasının əsas faydalarından biri də budur ki, o məsələlər daha yaxşı başa düşülür və insanın yaddaşında hadisə ilə birlikdə həkk olur. Qurani-Kərimdə peyğəmbərlərin həyatından qissələrin (əhvalatların) nəql olnuması aşağıdakı meyarlara söykənir:
1. Ənbiyanın insanları dinə necə dəvət etməsi, onların hədəflərinin müştərək olması. Yəni Allaha ibadət etmək və ps əməllərdən çəkinmək.
2.İnsanların peyğəmbərlərlə necə (münasibət bəsləməsi və) rəftar etmələrinin çatdırılması və bu rəftarın əsas səbəbləri və nəticələr.
3.Peyğəmbərlərin xurafatlarla, dini təhriflər və düşmənlərlə mübarizəsi.
4.Möminlərin kafirlərlə, zalımlarla və öz düşmənləri ilə necə rəftar etməsi.
5.İlahi qanunların ictimaiyyətdə hakim olması və onun bütün zamanlarda davamının bəyan olunması.
Müqəddəs Qurani-Kərimin “Nisa” surəsinin 163-164 cü ayələri, eyni zamanda “Ğafir” surəsinin 78-ci ayəsinə əsasən bütün peyğəmbərlərin adları və həyatları Quranda gəlməmiş və bəyan edilməmişdir. Həmçinin adları Quranda bəyan edilən az bir qism peyğəmbərlərin belə – təqridən 25 peyğəmbər adı Quranda qeyd edilmişdir – həyatları geniş formada izah edilməmişdir. Burada Hz. İsa (ə) Hz. Musa (ə) Hz. İbrahim (ə) və s. Kimi peyğəmbərlərin həyatlarını çox qısa şəkildə bəyan olunmasını qeyd etmək olar. Adları Qurani-Kərimdə qeyd olunan peyğəmbərlərin bütün həyatlarının hər bir səhnəsi bizim üçün faydalı və lazımlı olsaydı mütləq Uca Allah onları qeyd edərdi. Amma qeyd etdiyimiz kimi, Qurani-Kərimin nazil olma səbəbi insanlara öyüd-nəsihət vermək və onları zülmətdən nura çıxartmaqdır. Peyğəmbərlərin adlarının çəkilməsi və onların həyat hekayələrinin Quranda qeyd edilməsi insanların nümunə alması, bu hadisələrdən ibrət götürməsi üçündür. Əgər digər hadisələr də insanlar üçün faydalı, eyni zamanda insanların hidayəti üçün lazımlı olsaydı mütləq Allah onu Quranda qeyd edərdi. Bəzi hadisələrin Quranda qeyd edilməsinin ən əsas səbəbi, insanların ibrət alması üçündür. Buna görə də, bir sıra peyğəmbərlərin həyat hekayələrinin gəlməsi və hamısına işarə olunmasına da heç bir lüzum yoxdur.
Ümumiyyətlə tarixi hadisələrin nəql olunmasının əsas faydası budur ki, o hadisələr daha aydın şəkildə dərk olunsun. Digər bir mühüm məqam isə, Quranda qeyd olunan bütün tarixi hadisələr, insanların yaşadığı cəmiyyətə nümunə kimi təqdim edilməsi, insanların eyni səhv və xətaları təkrar etməməsi üçündür. Məhz bu səbəbə görədir ki, bütün övliya və ənbiyanın tarixi hadisəsi insanların ibrət alması və öz həyatları üçün həmin hadisələrdən nümunə götürməsidir.
Beləliklə Peyğəmbərlərin (ə) həyatlarının nəql olunması bir sıra mühüm nüanslara söykənir:
1.Peyğəmbərlərin insanları hansı formada və səpgidə dinə dəvət etməsi və onların bu yolda hədəflərinin sadəcə insanların zülmətdən nura və Tövhidə dəvət etməsində müştərək olmasıdır.
2.Hər bir peyğəmbərin öz qövmünü dinə və tövhidə dəvət edən zaman, hansı çətinliklərdən və ıxıntılardan keçərək insanları bu yola dəvət etməsi və həmin qövmün şəxsləri öz peyğəmbərləri ilə necə rəftar edib, onların dəvətini necə qarşılaması.
3.Peyğəmbərlərin öz qövmündə düşmənləri ilə necə mübarizə aparması, təhrifə məruz qalmış müqəddəs ayinləri hansı faktorlarla yenidən icra etməsi və öz düşmənləri ilə necə rəftar etməsi.
4.Ilahi qanunların cəmiyyətdə hakim olması və onun bütün zaman və məkanlarda davamlı olması.
5.Peyğəmbərlərin insanlara təlim-tərbiyə baxımından hikmətli və ibrətamiz sözlərlə moizə etməsi, həmçinin insanların düşmən və üsyankar qövmlərin axır-aqibətlərindən ibrət almaları, Rəsuli-əkrəmin (s) keçmiş peyğəmbərlərin üsullarından hidayət yolunda istifadə etməsi.
6.Tarixdə olan hadisələri Quranın meyarları əsasında qiymətləndirmək və özünü tarixin qiymətli şəxsiyyətlərinin yerində hiss etmək.
Tarixdə bəzi peyğəmbərlər barəsində nəql olunan şübhələrin və onlara atılan iftiraların aradan qaldırılması.
Misal üçün: yəhudilərin Üzeyr peyğəmbərə (ə) və İsəvilərin (xristianların) həzrət İsaya (ə) Allahın oğlu olmaq nisbətinin verilməsi və ya həzrət Musanın (ə) qətldə ittiham olunması və sair.Peyğəmbərin və möminlərin düşmənin müqabilində qəlblərinin təskinlik tapması və bu yolda səbirli və sabit qədəm olmaları, həmçinin kafirləri qarşılıqlı müqavimətləri ilə qorxuya salıb naümid etməkdir.
Nəticə
Ümumi qeyd etdiklərimizdən belə nəticə alırıq ki, Quranın bəzi yerlərdə tarixə toxunmaqdan əsas hədəfi insanları qəflət yuxusundan ayıltmaq və bu yolda onlara xəbərdarlıq etməkdir.
Bundan əlavə bütün ilahi peyğəmbərlər eyni məqam və mənsəb sahibi olmamışlar. Onların bəziləri böyük bir qövmə, bəziləri kiçik bir qəbiləyə və bəziləri isə öz qohum-əqrabaısna peyğəmbər və ya nəbi olmuşdur. O cümlədən onların hamısının özlərinə məxsus dinləri olmamışdır. Misal üçün: Mümkündür eyni zamanda bir peyğəmbərin dininə bir neçə nəbi və ya peyğəmbər insanları dəvət etsin. Necə ki, Lut (ə), Yaqub (ə), İshaq (ə) və İsmail (ə) peyğəmbərlər həzrət İbrahimin (ə) gətirdiyi dini yaymaqda davam edirdilər. Həmçinin bütün Bəni-israil peyğəmbərləri Musanın (ə) gətirdiyi şəriəti yayıb və onu insanlar üçün təfsr edirdilər. Mümkündür bu peyğəmbərlərin bəzisi insanları gizli və məxfi şəkildə dinə dəvət etdikləri üçün onların adları Quranda gəlməmişdir. Başqa bir mətləb də budur ki, İslam peyğəməri (s) ilə düşmənçilik edən qövmlərin çoxusu yəhudi məslək olduğu üçün Qurani-Kərim ən çox həzrət Musadan (ə) və bəni-İsraildən nəql etmişdir ki, yəhudilər və yeni iman gətirmiş möminlər ibrət alsınlar. Bu səbəbdən başqa peyğəmbərlərin adları Quranda gəlməmişdir.
Sonda bu mətləbə işarə etmək faydalı olardı ki, Quranda nəql olunan hadisələrin və adları çəkilən ümmətlərin yaxın şərq və Asiya torpaqlarına mənsub olmağına baxmayaraq demək olmaz ki, qərb torpaqlarında ilahi peyğəmbərlər olmamışdır. Mümkündür ki, onların həyat və yaşayış tərzləri, həmçinin ümumi mədəniyyətləri Asiyalılardan fərqləndiyi üçün onların qissələri və peyğəbərlərinin adları Quranda gəlməmişdir.
İstifadə olunmuş mənbələr
Cavad Amuli, Abdullah, sireye peyğəmbəran dər Quran, cild 6-7, İsra, ikinci çap, 1379, Qum
Şirvani, Əli, dərsnameye-əqaed, mərkəz-cəhani- ulume- islami, birinci şap, 1376, Qum, səhifə 164
Təba- təbai, Muhəmməd Hüseyn, əl-Mizan, cameye- odərrisin hovzeye elmiyyeye Qum, cild 6, səhifə 146 və cild 17, səhifə 354
Misbah Yəzdi, Muhəməd Təqi, Amozeşe aqaed, cild 1-2, saziman tabliğat islami, altıncı çap, 1370, teran, 29-cu dərs, səhifə 281
Misbah Yəzdi, Muhəməd Təqi, Maarefe Quran, rah və rahnoma şenasi, moəssiseye Amozeşi və pejuheşi imam xomeyni (rh), 1-ci çap, 1376, Qum, səhifə 17, 21-22 və səhifə 58-153
Hadəvi Tehrani, Məhdi, təəmmolat dər elme Usule feqh, birinci kitab, dördüncü dəftər.
Aqil İslam