İmam Mehdi (ə) haqqında Quran ayələri

Qurani-Kərim ilahi maarifin ən aydın mənbəsi, insanların ehtiyac duyduğu elm və hikmətlərin ən dolğunu və bütünlüklə həqiqətlərlə dolu, keçmiş və gələcək xəbərləri açıqlayan səmavi bir kitabdır. Onda örtülü bir həqiqət yoxdur. Əlbəttə, aləmdəki həqiqətlərin böyük bir qismi ilahi ayələrin dərinliklərində gizlidir. Bu həqiqətlərin gerçəyinə və dərin mənasına yalnız Allahın saleh bəndələri vara bilərlər. Onlar Quran əhli və həqiqi təfsirçilər, yəni Peyğəmbər (s) və onun məsum Əhli-beytidir (ə).

Qurani-Kərimin bir çox ayələrində kainatın ən böyük həqiqətlərindən biri kimi, son ilahi səfirin qıyamı və cahanşümul inqilabına toxunulmuş və bir çox rəvayətlərdə həmin ayələrin təfsiri açıqlanmışdır. Biz burada onlardan bir neçəsini nümunə olaraq qeyd edirik:

1. “Ənbiya” surəsinin 105-106-ci ayələrində buyurulur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

“Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”

Bu ayədə saleh bəndələrin dünyəvi mükafatından söz açılır. Bu elə bir mükafatdır ki, səadətin təmini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə “ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilməlidir. Bu da yalnız imam Mehdinin (ə) cahanşümul hökuməti zamanı baş verəcəkdir.

2. “Nur” surənin 55-ci ayəsində buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah aranızda iman gətirib saleh iş görənləri, yalnız Mənə ibadət edən və heç nəyi Mənə şərik qoşmayanları onlardan əvvəlkilər kimi yer üzünə varis edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir. Bundan sonra hər kəs kafir olsa, şübhəsiz ki, əsl fasiqlərdir!”

Bu ayədə də açıq-aydın saleh və yaxşı işlər görən möminlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq və təhlükəsizliklə əvəz olunacaq, şirkə, fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır. İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: “Yer üzünə varis olacaq saleh bəndələrdə məqsəd imam Mehdi (ə) və dostlarıdır.” (“Təfsiri-Qummi”, c.2, səh.52.)

3. “Qəsəs” surəsinin 5-ci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

“Biz istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.”

Bu ayə “Bəni-İsrail” qövmü və fironların məğlubiyyəti ilə əlaqədar nazil olsa da, müxtəlif rəvayətlərdə imam Mehdinin (ə) cahanşümul inqilabı və o həzrətin zühur əsrinə də təfsir edilmişdir. Ayənin mətninə diqqət yetirdikdə, zülmə məruz qalmışların hegemon qüvvələrə hakimiyyətinin müəyyən zaman, məkan və fərdlərə xas olmayan ilahi qanunauyğunluğunu göstərir.
İmam Əli (ə) buyurur: “Onlar Muhəmmədin (s) (məzlum) xanədanıdır. Allah onlardan olan Mehdini (ə) ağrı-acılardan sonra onları izzət və əzəmətə çatdıracaq, düşmənlərini isə xar edəcəkdir.” (“Qeybəti-Tusi”, hədis 143, səh.184.)

4. “Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Bu ayədə Allah-Taala İslamın digər dinlərə qalib gələcəyini vəd etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin bir çox ehtimalları var. Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:

– Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.
– Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.
– Məqsəd Peyğəmbəri-Əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi məna edilmişdir).
– Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.
– Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.
Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.
Aydındır ki, Məkkə bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Süyuti “Əd-durrul-mənsur” kitabında və Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən uyğun ayənin təfsirində belə nəql etmişlər: “Bu hadisə o zaman gerçəkləşəcək ki, (yer üzündə) İslamdan başqa məzhəb və din sahibi olan yəhudi və məsihi belə qalmayacaq! Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaqdır.” (“Əd-durrul-mənsur”, c.3, səh.231.)
Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir. Bu ayənin təfsirində imam Sadiqdən (ə) də belə bir hədis nəql olunmuşdur: “Allaha and olsun! Bu ayənin mənası (sonuncu mərhələsi) hələ həyatda gerçəkləşməmişdir və bu, yalnız Qaimin zühuru zamanı olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs belə tapılmayacaq!” (“Nurus-səqəleyn”, c.2, səh.212.)
Bunu da qeyd etməliyik ki, sözügedən ayə Qurani-Kərimin üç surəsində – “Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-cu ayəsində gəlmişdir. Bunun üç dəfə təkrar olunması bu məsələnin əhəmiyyətli olduğunu göstərir.

5. “Hud” surəsinin 86-cı ayəsinin bir hissəsində belə buyurulur:

بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ
“Əgər möminsinizsə, Allahın sizin üçün saxladığı şey daha xeyirlidir…”

İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “(Qaim) zühur etdikdə, Kəbəyə söykənəcək və dilinə gətirdiyi ilk söz bu ayə olacaq və sonra belə səsləyəcək: Yer üzündəki “Bəqiyyətullah” (Allahın saxladığı bəndə) mənəm. Mən Onun höccəti, xəlifəsiyəm. Ona təslim olanlar “Əs-səlamu ələykə ya Bəqiyyətəllahi fi ərzihi” (Ey yer üzünün Bəqiyyətullahı, salam olsun sənə!) – deyə salam verəcəklər.” (“Kəmalud-din”, c.1, fəsil 32, həhis 16, səh.603.)

6. “Hədid” surəsinin 17-ci ayəsində buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

“Bilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildəcək. Biz, bəlkə düşündünüz deyə, nişanələri sizin üçün aydınlaşdırdıq.”
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Yəni Allah-Taala azğın hakimlərin zülmü ilə ölü hala düşmüş yer üzünü Qaimin zühuru zamanı ədalətlə dirildəcək.” (“Qeybəti-Nömani”, səh.32.)
Qeyd edilən ayələrdən aydın olur ki, Quran həqiqətlərini anlamaq üçün, yalnız ayələrin zahiri ilə kifayətlənməməli, Quran ayələrinin bir çox batini gerçəkliklərini Quranın həqiqi təfsirçiləri – Əhli-beyt imamları tərəfindən verilmiş təfsirə də müraciət etməliyik. Demək, Quranın bir sıra ayələrinin zahiri müəyyən məkan və zamana xas olsa da, gələcək zamanlara da şamil olmasına əsla xələl yetmir. Elə Quranın axirətə qədər bütün nəsillər üçün əbədilik rəmzi də məhz budur!

“Fərəc” duasının şərhi

Nəql olunanlara görə öldürüləcəyi xəbərindən qorxan və Məqabirul-Qureyşə (Kazimeynə) sığınan Muhəmməd ibn Əhməd ibn Ləysə yuxusunda imamın (ə.f.) ona öyrətdiyi bir duadır. O, bu duanı oxumaqla ölümdən amanda qaldı. Bu dua imam Zamanın (ə.f.) namazının təqibatına daxildir və qeyb dövrünün ən başlıca əməllərindəndir. Əminul-İslam Təbərsi “Kənzun-Nəcah” kitabında da bu duanı imam Zamanın (ə.f.) öldürülmək qorxusundan Kazimeynə sığınan və bu duanın bərəkətiylə qurtulan Muhəmməd ibn Əhməd ibn Ləysiyə yuxusunda öyrətdiyi dua olaraq göstərilmişdir.

Fərəc duası 3 bölümdən ibarətdir:

1) Duanın birinci qismində insanların qeybət dövründə mübtəla olduqları böyük imtahanlara işarə olunur.

2)İkinci qismində Rəsuli-Əkrəmə (s.) və onun pak Əhli-beytinə (ə.) salam və salavat göndərildikdən sonra möminlərin sahib olduqları yüksək və uca məqamları, əmrlərə itaət etmənin lazım olması haqqındadır.

3) Duanın son bölümündə isə Allahu-Təaladan məsumların (ə) üzərimizdə olan haqları hörmətinə bizlərə yardım etməyi istənilir.

Fərəc sözü ərəbcədə “qəm və hüzündən qurtulmaq və rahatlamaq” anlamına gəlir. Hədis kitablarında fərəc ve rahatlamanın hasıl olması için zikr olunan dua ve aməllər bu sözün anlamını daşıyır.

Bismillahir–rəhmanir-rəhim!
İlahi, əzuməl-bəla,və bərihəl xəfa, vənkəşəfəl-ğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə salli əla Muhammədin və Ali-Muhamməd, ulil-əmril-ləzinə fərəztə əleynə taətəhum və ərrəft bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilə, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhammədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyəni fəinnəkumə kəfiyən, vənsurani fəinnəkumə nəsiran, ya Məulənə ya Sahibəz-zaman, əl-ğaus, əl-ğaus, əl-ğaus, ədrikni, ədrikni ədrikni, əs-saət, əs-saət, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhammədin və alihit-tahirin.

Bismillahir–rəhmanir-rəhim!
İlahi, zülm çoxalıb, gizli işlərimiz aşkara çıxıb. Pərdələr aradan götürülüb. Ümidlər yox olub. Bizim üçün yer daralıb, göyün rəhmətinin qarşısı alınıb. Sən hər kəsə kömək edənsən. Bütün şikayyətlər yalnız Sənə olunur. Çətinliklərdə və asanlıqlarda hamının dayağı Sənsən. İlahi, Muhəmməd və Ali-Muhəmmədə öz salamlarını göndər. O şəxslər və rəhbərlərə ki, onlara tabe olmağı bizlərə vacib etdin. Beləliklə onların məqamını bizlərə tanıtdırdın. Onların haqqı və hörməti xatirinə bizi çətinliklərdən qurtar. Tezliklə bir göz qırpımı müddətində və hətta bundan daha az bir müddət ərzində müşküllərimizi həll et. Ey Muhəmməd və ey Əli! Ey Əli və ey Muhəmməd! Məni özünüzlə kifayyətləndirin. Sadəcə sizinlə olmaq mənə kifayyət edər. Mənə kömək edə biləcək şəxslər yalnız sizlərsiniz. Ey Mövlam, ey Sahibəz-Zaman! Fəryad, fəryad, fəryad. Səsimi eşit, səsimi eşit, səsimi eşit. Elə bu saat, elə bu saat, elə bu saat. Təcili, təcili, təcili, ey rəhm edənlərin ən rəhimlisi Muhəmməd və onun pak Əhli-Beytinə xatir.

GİAM

İmam Zamanla (ə.f) necə rabitə quraq ?

Hər bir Əhli-Beyt (ə) davamçısının ən böyük arzusu Mövlası olan İmam Zamanla (ə.f) rabitə qurmaqdır. Onun feyzindən bəhrələnməkdir. Bəs nə edək ki, İmamla (ə.f) rabitə qura bilək? Tarixdə çox sayda insan İmamın (ə.f) görüşünə nail olmuş və Həzrətlə (ə.f) üsniyyət qura bilmişdi. Əgər bu insanların sifətlərinə nəzər salsaq, görərik ki, İmamla (ə.f) görüş feyzinə nail olmağa səbəb olan ən mühüm amillər: təqva, iffət, haramları tərk etmək və İlahi vacibatlara əməl etmək olmuşdur. Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu tanısın, ona eşq bəsləsin və əməllərində Həzrətin (ə.f) davamçısı olsun. İmam Rza (ə) yaxınlarından birinə belə buyurur: “Əgər mənim məhəbbət məqamımın sənin yanında nə qədər olduğunu dərk etmək istəyirsənsə, qəlbinə nəzər sal. Bax gör, qəlbində və işlərində mənə nə qədər sevgin vardır və mənim fikrimdəsən?”. Bu, təbii bir qaydadır ki, insan sevgiyi insana yaxın olmağa çalışır. Ona sevgisini bəyan etməyə çalışır. Qarşı tərəf də bunu görüb, cavabında o da öz sevgisini aşkar edir. Ona görə də İmam (ə.f) buyurur ki, mənim səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, əvvəl özünə və öz qəlbinə nəzər sal və orada mənə qarşı nə qədər sevginin olduğunu görməyə çalış. Bil ki, sən məni nə qədər yada salırsansa,mən də səni o qədər yada salıram. Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu xatırlasın və yaddan çıxartmasın.
İmamın (ə.f) diqqətini cəlb edən bəzi əməllər vardır ki, onları yerinə yetirərək, Həzrətin (ə.f) inayətini qazana bilər, bəlkə də onunla rabitə qurmaq tövfiqinə nail ola bilərik:

1. 14 Məsumu (ə), xüsusilə də İmam Zamanı (ə.f) yaxından tanımağa çalışmaq.
2. Hər bir zamanda Həzrəti (ə.f) yada salmaq.
3. Adının və əməllərinin insanlar arasında yayılmasına yardım etmək.
4. İmamın (ə.f) qürbətinə görə ayrılıq göz yaşı tökmək.
5. Hər səhər və hər axşam İmamın (ə.f) fərəcinin tezləşməsi üçün dua etmək.
6. İbadətlərin savabını Həzrətə (ə.f) hədiyyə etmək.
7. Quranı xətm edib, savabını Həzrətə (ə.f) hədiyyə etmək.
8. İmamın (ə.f) salamatlığı üçün sədəqə vermək və mal infaq etmək.
9. Həzrətin (ə.f) davamçılarına yardım etmək və çətinliklərini aradan qaldırmaq.
10. Muxlis və həqiqi Əhli-Beyt (ə) davamçılarını sevmək və onlara ehtiram göstərmək.


Giam

Dünyamiqyaslı ədalət imam Mehdi (ə.f) intizarında

Nə üçün dünyamiqyaslı ədalətin icrası Peyğəmbəri-Əkrəmin (s) və İmam Əliyə (ə) yox, İmam Zamana (ə) tapşırıldı?

Böyük Allah bəşəri yaratdığı gündən etibarən Peyğəmbərləri insanlara doğru yola göstərmək və şəri hökmləri bəyan etmək üçün gödərmiş, oların vücudunda rəhbərə ehtiyac hissi qoymuşdur. Peyğəmbərlərin göndərilməsi və sonuncu peyğəmbərdən sonra məsum imamların təyin edilməsi təkamül yolunun davamı üçündür. Allah-taala hər dövrə hakim şəraitə uyğun olaraq hər bir ümmətə peyğəmbərlər göndərmişdir. Lakin heç bir peyğəmbər öz proqramlarını kamil şəkildə icra etməyə müvəffəq olmamış və ədalətli cəhanşümul hökümət təşkil edə bilməmişdir. Çünki, camaat dünyamiqyaslı ədalətli bir höküməti qəbul etməyə hazır olmamışlar. İlahi peyğəmbərlər camaatı yeganə Allaha pərəstişə dəvət etdikdə, həmişə onların müxalifəti ilə üzləşirdilər. Xüsusilə, eyş-işrətlə məşğul olan sərvətlilər, hakimlər, dünyapərəstlər, hətta elm adamları ilahi peyğəmbərlərin dəvəti ilə kəskin mübarizə aparır və başqalarını da öz arxasınca çəkərək haqqa itaətdən çəkindirirdilər. Məhz bu səbəbdən, ilahi peyğəmbərlərə yalnız kiçik bir qrup iman gətirirdi. Tarixdə düzgün əqidələrə və haqq-ədalətə pərəstiş edən Allahın və peyğəmbərlərin əmrlərinə müti olan quruluş çox az olmuşdur. Buna Süleyman peyğəmbərin hakimiyyətini misal çəkmək olar, hərçənd peyğəmbərlərin bəzi təlimləri tədriclə insanların mədəniyyətinə təsir etmişdir.

Beləliklə, peyğəmbərlərin göndərilməsində ilk hədəf ilahi vəhy və təlimlər vasitəsi ilə insanın təkamülə çatmasına zəmin və şərait hazırlamaqdır. Onların hədəflərindən biri də bacarıqlı və istedadlı şəxslərin əqli və ruhi-mənəvi təkamülünə kömək etmək idi. Bütün peyğəmbərlər ideal hökümət qurmaq və yer üzünə ədaləti bərpa etmək məqsədini izləmiş və hər biri zamana uyğun gücləri çatdığı qədər bu yolda çalışmışlar. Bəziləri müəyyən məkan və zamanda ilahi hökümət təşkil etsə də, heç bir peyğəmbər üçün dünyamiqyasında ədalətli bir hökümət qurmaq şəraiti hazırlanmamışdır. Əlbəttə, şəraitin hazırlanmaması ilahi təlimlərin qüsurlu olması demək deyil. Çünki ilahi hədəf insanların ixtiyari işlərində şəraitin hazırlanmasından aslıdır. Onlar haqq dini qəbul etmək və ilahi rəhbərlərə tabe olmaqla tam azaddır və bu işdə məcburiyyət yoxdur. “Nisa” surəsinin 165-ci ayəsində buyurulduğu kimi, “Allah-taala peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdi ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın…”

Peyğəmbəri-Əkrəm (s)in Alahın sonuncu elçisi kimi, eləcə də İmam Əli (ə) və ondan sonrakı imamların vəzifəsi dünyada ədalət nurunu yandırmaq və camaatı İslama dəvət etmək idi. Camaatda ruhi-fikri şərait olmadığından, ədalətli cahanşümul hökümət təşkil edə bilmədilər. Hələ ki, ədalətli quruluşu tələb edən şəraiti qəbul etsinlər. Həqiqətdə, burada insan inkişafına doğru addımlamaq üçün təlimə ehtiyac duyan və inkişaf mərhələlərini tədriclə keçən uşağa bənzəyir. Odur ki, ilahi rəhbərlər həmin hədəfə çatmaq üçün lazımi şərait olmadan ümumdünyəvi islahat və ədalətli hökümət təşkil etməyə razılıq vermirdilər. Bunun səbəbi isə onların qüsurlu olması deyil, lazımi şəraiti və camaatda hazırlıq olmaması idi. İslami rəvayətlərə əsasən, dünyada ədalətli hakimiyyəti qəbul etmək və camaatın düşüncəsini dəyişmək əqli təkamüldən, ictimai və mədəni-ideoloji hazırlıqdan aslıdır. Allahın istəyi ilə İmam Zamanın (ə) zühur əsrində bu şərait yaranacaq və nəhayət, dünyaya ədalətli quruluş hökm sürəcəkdir. Biz burada həmin şəraitlərin bir neçəsinə toxunmaqla kifayətlənirik:

1.İctimai hazırlıq: İmam Zamanın (ə) zühuruna səbəb olan şərtlərdən biri ictimai hazırlıqdır. O həzrətin zühurundan qabaq yer üzünü zülm və haqsızlıq bürüyəcək, xalqlar və ölkələr arasında qanlı müharibələr baş verəcək və kütləvi qırğınlıqlarla nəticələnəcəkdir. İmam Sadiq (ə) buyurur: “Xalqın üçdə iki hissəsi öldürülməyincə İmam Zaman (ə) zühur etməyəcək…” O həzrətdən “Xalqın neçə hissəsi qalacaq?” – deyə soruşduqda, buyurdu: “Məgər istəməzsiniz ki, xalqın üçdə biri qalsın?” O zaman insanların canı və malı təhlükəyə düşəcək, əmin-amanlıq aradan qalxacaq, hər yeri qorxu bürüyəcək, qəfil ölümlər bəşəri haqlayacaq. İmam Əli (ə) bu haqda buyurur: Mehdinin zühurunun bir sıra nişanələri vardır ki, acınacaqlı və kütləvi qırğınlar, tez və ardıcıl ölümlər və “taun” xəstəliyinin yayılması həmin nişanələrdəndir.”
Rəvayətlərə əsasən, həmin dövrdə günahsız uşaqlar zülmkar hakimlərin əli ilə faciəli işgəncələrə məruz qalacaq, ölümlə nəticələnən xəstəliklər  genişlənəcəkdir. Belə çətin bir şəraitdə, bəşəriyyət aləminə ümidsizlik hakim kəsiləcək, insanlar ölümü ən yaxşı ilahi hədiyyə hesab edəcək və ömürlərinin sona yetməsini, gecə-gündüz yırıtıcılıqdan və haqqın mənimsənməsindən ölüm arzulayacaqlar. Bu zaman insanlar Allaha üz tutacaq, ümumdünyəvi islahat və cahanşumul inqilaba hazırlaşacaq və səmadan belə bir nida eşidəcəklər: “Ey əhli-aləm, zülmkarların hökmranlıq dövrü bitdi və Mehdi zühur etdi.” Bu səmavi nida yenidən insanların ruhsuz bədəninə üfürüləcək və onlar eşq, iman, səfa-səmimiyyət və sevinclə həyat sürəcəklər. Demək, İmam Zamanın (ə) zühurunun səbəblərindən biri ictimai hazırlıqdır. Belə ki, camaat dünyaya hakim nizamdan, zülm və haqsızlıqdan təngə gəlib, maddi həyatın aclığını daddığı və ümidləri üzüldüyü halda,  böyük bir islahatın və cahanşümul inqilabın intizarını çələcəklər.

2. Fikri-mədəni hazırlıq: İmam Zamanın (ə) zühuruna zəmin hazırlayan səbəblərdən biri də bəşərin fikri-mədəni hazırlığıdır. Bu mərhələyə çatmaq üçün camaat irqindən, milliyyətindən, dilindən və handı ölkədə yaşamasından asılı olmayaraq vahid günəş nuru, ruhlandırıcı nəsim küləklər, yağdırıcı buludlar və təbiətin digər qüvvələri kimi coğrafi sərhədləri pozub, dünyanı vahid ölkə bilməlidirlər. İrqçilik, milliyyətpərəstlik və s. Bəşər aləminin heç bir problemini həll etməyə qadir deyildir. İmam Zamanın (ə) zühürü və bu böyük hədəf üçün mənəviyyata söykənən fikri-mədəni hazırlıq lazımdır.

3. Elmi-texnoloji hazırlıq. İmam Zamanın (ə) zühuruna zəmin hazırlayan səbəblərdən biri də bəşərin elmi-texnoloji hazırlığıdır. Ayətullah Məkarim Şirazi yazır: “Cahanşümul hökümətin təşkili və idarə olunması üçün bir sıra mütərəqqi təchizat lazımdır ki, onunla dünyanı nəzarət altında saxlamaq və tüz bir zamanda hər bir şeydən agahlıq mümkün olsun, ehtiyac zamanı dünyanın bir tərəfindən başqa bir tərəfinə getmək, mümkün və zəruri məlumatları qısa müddət ərzində dünyanın bütün nöqtəsinə çatdırmaq üçün lazım olan imkanlar mövcud olsun. Görəsən, bir mesajı dünyanın başqa bir nöqtəsinə çatdırmaq üçün bir il vaxt tələb etsə, dünyanı idarə etmək və ədalətə riayət etmək olarmı? Bu hadisəni müxtəlif yönlərdən araşdıran hədislərin sayı az deyildir. Şübhəsiz, İmam Mehdi (ə)ın dövründəki sənaye və texnologiya bəşərin dinsizliyinə səbəb olan müasir dünyamıza hakim texnologiya məhdudiyyəti aradan qaldırılacaq, bu sahə o qədər inkişaf edəcək ki, müasir insan onu dərk etməkdən acizdir.
Hədislərə görə zühur əsrindı mütərəqqi sənaye və texnologiya ilə dünya sanki bir şəhərə çevriləcək, şərqlilər qərbliləri görüb, danışıqlarını eşidəcəklər. İmam Sadiq (ə) buyurur: “Mehdinin dövründə şərqdə yaşayan imanlı bir şəxs qərbdə yaşayan qardaşını görəcəkdir”. Ayətullah Məkarim yazır: Zühur əsrində sənaye və texnologiya, xüsusi nəqliyyat və informasiya vasitələri o qədər inkişaf edəcək ki, dünyanın böyük qitələri həqiqətdə bir-birinə yaxın olan şəhərlər, şərq və qərb bir ev kimi görünəcək, zaman və məkan ölçüləri aradan qalxacaqdır… Hər halda, bütün bu dəyişikliklər sənaye və texnologiya sahəsində baş verən inqilabın nəticəsi ehtimal verilsə də, bir növ həmin əsrə zəmin yaradan elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Mütərəqqi texnologiya ümumdünyəvi islahat və ədalətli hökümətə mane olmadığı kimi, onsuz bu böyük hədəfə çatmaq qeyri-mümkündür.

4. Elm və biliyin çiçəklənməsi: Zühur əsrində dindarlıq elmlə birgə genişlənəcək və insan dindarlığı elm və texnologiyanın tərəqqisinə zidd bilməyəcək. Rəvayətlərə əsasən, günəşdən başqa enerji, sürətli nəqliyyat bə informasiya vasitələri, canlı səs və görüntülər bütün varlıq aləminə hakim kəsiləcək. Hər bir şey əlin içi kimi görünəcək və İmam (ə) bütün danyaya hökmranlıq edəcəkdir. Saleh insanlar tam azadlıqda yaşayacaqlar. Bütün bunlar imam Zamanın (ə) misilsiz höküməti sayəsində gerçəkləşəcəkdir. Əlbəttə, bu qəribə inkişaf möcüzə ilə baş verməyəcək, əksinə zühur əsrindəki elmi tərəqqinin məhsuludur. Belə ki, bəşər bu aləmdə təbiətə hakim qanunlara uyğun əməl edəcək, möcüzə isə istisna və zəruri hallarda göstəriləcəkdir. İmam Sadiq (ə) buyurur: “Elm iyirmi yeddi hərfdən ibarətdir və peyğəmbərlər onun yalnız iki hərfini gətirmişlər. İnsanlar hələ də həmin iki hərfdən başqasını bilmirlər. Bizim Qaimimiz (ə) zühur edərkən, digər iyirmi beş hərfi də üzə çıxacaq onu insanlar arasında yayacaq və iki hərfi də əlavə etməklə, iyirmi yeddi hərfi onlara çatdıracaqdır”. Bu hədisdən başa düşülür ki, bəşər elmi baxımdan inkişaf etsə də, İmam Mehdinin (ə) dövründə birdəfəlik on iki dəfə tərəqqi edəcək. Azacıq diqqət etdikdə, zühur əsrində elm və texnikanın qeyri-adi sürətlə inkişaf edəcəyini başa düşürük.

5. Əqlin təkamülü: Zühur əsrində camaat əqli baxımdan yüksək mərhələyə çatacaq. İmam Baqir (ə) buyurur: “İmam Zaman (ə)ın zühuru zamanı Allah rəhmətini bütün bəndələrinə şamil edərək, onların əqli təkamülə çatdıracaqdır”. İmam Zaman (ə) İslam göstərişlərini kamil şəkildəicra etdiyindən insanların düşüncə qabiliyyəti artacaq və Peyğəmbəri-Əkrəmin (s) “Əxlaqi gözəllikləri təkamülə çatdırmaq üçün göndərilmişəm” deyə buyurduğu hədəfi də həyata keçəcəkdir. İmam Zaman (ə) ın höküməti elmin tərəqqisini, əqlin təkamülünü, bəşərin gizli istedadlarının çiçəklənməsini ərməğan gətirəcəkdir. Bəşər uzun təcrübələrdən sonra, ilahi lütf və mərhəmət sayəsində dərk edəcək ki, insani tədbirlər bəşəriyyətin problemlərini həll etməyə qadir deyildir. Odur ki, hamı tam razılıqla İmam Zamanın (ə) inqilabını qəbul edəcəkdir.

6.Əxlaqi və mənəvi təkamül: Hədislərə görə İmam Zaman (ə) zühur edərkən insanların əxlaqi və mənəvi baxımdan da təkümlə çatacaqlar. O həzrətin dövlətinin spesifik xüsusiyyətlərindən biri də yer üzünü zülm və haqsızlıqdan təmizləyib, haqq ədalətlə doldurmaqdır. Rəvayətlər zühur əsrində dünyanı sivilizasiya, texnologiga, elm, əxlaq, mənəviyyat və əqlin inkişafı dövrü tanətdırır ki, müasir zamanımızdakı mütərəqqi elmi-texnologiya ilə fərsənglər fasiləsi olacaqdır. Əlbəttə, zühur əsrinin texnologiya bəşərin əxlaq və mədəniyyətini süquta sürükləyir, insanlar bu sahədə tərəqqi etdikdə, fitnə fəsada və kütləvi qırğınlara əl atır və insanlıqdan uzaqlaşırlar. İmam Zaman(ə) zühur etdiyi zaman dünyaya hakim hakim kəsilən şərait müasir dünyamıza hakim kəsilən şəraitlə tamamilə fərqlənəcək; yəni bəşər elmi-texnologiyası sahəsində hər nə qədər inkişaf etsə də, bir o qədər də əxlaq normalarına və insani keyfiyyətlərə yaxınlaşacaqdır.

Nəticə

Elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s. Səciyyələrin tərəqqisini ərmağan gətirən ümumdünyəvi islahat və caganşümul quruluşun bərpası peyğəmbərlərin və digər məsum imamların dövründə qeyri-mümkün idi. Çünki onların dövründə bu quruluşa səbəb olan şərait yox idi. İmam Zamanın (ə) zühur əsrində isə buna şərait yaranacaq. Məhz bu səbəbdən dünyaya hakim acınacaqlı vəziyyət, qanlı müharibələr və amansız kütləvi qırğınlar o həzrətin hökümətinin qəbuluna səbəb olacaq. Demək, insanlar dünyanın mövcud nizamlarından, zülm və haqsızlıqlardan yorulub, ümidsizliyə qapıldıqdan sonra iman üzərində qurulan inqilaba, böyük islahata hazırlaşacaqlar. Belə bir şəraitdə, İmam Zaman (ə) zühur edəcək. İrqçilik və milliyyətpərəstlik bəşərin problemlərini həll etməyə qadir olmadığı kimi, elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s, kimi səciyyələrin tərəqqisini ərməğan gətirən dünyamiqyaslı ədalət ilahi əxlaq və mənəviyyata söykənən fikri və mədəni hazırlıq da tələb edir.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Yer mənim üçün bir yerə yığıldı, şərq və qərbin hər tərəfini gördüm. Tezliklə yer üzündə mənim ümmətimin höküməti bərpa olacaqdır.

İstifadə olunmuş mənbələr

Qurani-Kərim
“Biharul ənvar”, Əllamə Məclisi,  55-ci cild, səh, 122.
“Əl-hidayətul-kübra”, Hüseyn ibn Həmdan Hüseyni Həsini. 1-ci cild, səh, 340./
“Əş-şəriəti vəl-rəcət”, Şeyx Məhəmmədrza Təbəsi Nəcəfi, səh, 252.
Ayətullah Məkarim Şirazi, ” Mehdi – böyük inqilab”, səh, 82-90
“Müstədrəkül- vəsail”, Mirzə Hüseyn Təbərsi Qumi, 2-ci cild, 343.
“Ət-tacul-came lil üsul”
“İslam və dünya məzhəbləri baxımından Həzrət Mehdinin (ə) zühuru” Seyyid Əsədullah Haşimi. Səh, 255.
Təfsiri-Qurtubi “yunus surəsi təfsiri “
“Əqidə üsulları haqda əlli dərs” Ayətullah Nasir Məkarim Şirazi. Səh- 154-166. “Əqidə üsulları” Ayətulah Misbah Yəzdi, 2-ci cild səh. 226-227.

Zühur əlamətləri dəyişə bilərmi ?

Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir: Onlardan bəziləri qətidir və dəyişə bilməz (“bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Әbül-Qasim deyir: “Biz Әbu-Cəfər Məhəmməd ibn Әli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü.
Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Әbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında (“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Әrz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik (“bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: “Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf
çıxmaz.” Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid..

Giam

İmam Mehdinin (ə.f) varlığı necə lütf əsasında necə sübut olunur ?

İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək

Bir baxımdan lütf iki qismə bölünür:

1.Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət yolunu seçir.
2.Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.

İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır.
Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir. Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var.
Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır. Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-təala yer üzünü imamsız qoymaqdan daha ucadır.”

Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?

1.Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının qarşısının alınmasıdır.”
2.Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.
3.İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı şayiə yaydı.
4.İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr, ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün nümunə kamil və sağ imamdır.

Giam

İmam Mehdinin (ə.f) intizarının hansı təsirləri var?

İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxımlardan araşdırmaq olar

1.İntizar ümumdünyəvi bir hərəkat üçün hazırlıqdır. Belə bir hazırlıq dövrünə malik olmayan istənilən bir inqilab naqis və səmərəsizdir.

2.İntizarın əhəmiyyətindən danışarkən yalnız bunu qeyd etmək kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə sayırlar. Mişel Foker və Kler Beryer Mehdi təfəkkürü ilə mübarizə haqqında danışarkən öncə imam Hüseynin (ə) qiyamını, sonra həzrət Mehdinin (ə) intizarını şiəliyin iki möhkəm sütunu kimi tanıtdırırlar. Teləviv konfransında Bernard Luis, Maykl Emci, Cenşer, Bronberq və Martin Kramer kimiləri bu məsələ üzərində ciddi dayanmışlar. Onlar şiələr haqqında danışarkən deyirlər: “Şiələr imam Hüseynin (s) adı iləqiyama başlayır, imam Mehdinin (ə) adı ilə qiyamlarını qoruyurlar.”
Alman tədqiqatçısı Marvin deyir: “Şiələrə ümid verən mühüm ictimai məsələlərdən biri onların əsrin imamına etiqadları və bu imamın zühurunu gözləməlidir.” Rus tarixçisi Petruşevski bu barədə yazır: “13-cü əsrin qiyamlarını İranda bərpa edən Mehdi intizarına inam yetərincə uca bir məqamdır.”

İntizar dövrü fitnə-fəsad, problemlər dövrüdür. Belə bir dövrdə şiələrə ruh verən diri və hazır imamın İntizarına bağlılıqdır. Çirkin sifətlərdən uzaqlıq, əxlaqi fəzilətlərin əldə olunması intizarın digər faydalarındandır. İmam Sadiq (ə) buyurmuşdur
“Həzrət Qaimin (ə) (Mehdinin) yaxınlarından olmaq istəyən hər kəs intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır.” Düşüncənin işə salınması və bəsirət intizarın nəticələrindəndir. Fitnə-fəsad insanları qəflətdə saxlamaqdan əlavə, cəmiyyətin düşüncəsində şəkk-şübhə yaradır. Yalnız həqiqi intizarda olan kəs
yetkin agahlığa çatdığından oyaqdır və şübhələrə təslim olmur. İmam Sadiq (ə) buyurmuşdur: “Xoş o insanların halına ki, bizim Qaimimizin (ə) qeybəti dövründə göstərişlərimizə əməl edir və nəticədə qəlbi hər növ batildən uzaq olur.”

İntizar insanı əmələ sövq etdiyindən və cəmiyyəti hərəkətə gətirdiyindən şəriətin qorunmasında dəyərli bir amildir. İntizar fərdi və ictimai islah amilidir. İntizar insanı əmələ sövq etdiyindən xilaskarın zühuru üçün
zəmin yaradır.

Giam

Dəccalın zühuru dedikdə nə nəzərdə tutulur ?

Bir çox rəvayətlərdə, xüsusi ilə sünnə əhli hədislərində Dəccalın zühuru haqqında danışılır. Bu hadisə imam Mehdinin (ə) hakimiyyətindən öncə baş verəsidir. Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəccal Mədinə ətrafında görünüb üç dəfə savaş hazırlığını bildirəcək və ətrafına kafirlər, münafiqlər toplanacaq.” Sünnə əhli mənbələrində Dəccalın bəzi sifətləri zikr olunmuşdur: Rəblik iddiası edər; ömrü uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü  dirildər; biri öldürüldükdə onu ayağa qaldırar; onda behişt və atəş var; bəyaz su və oddan çeşməsi var; istəkləri qəbul olar. Dəccalda bəzi sifətlərin olduğu ehtimal edilir:

a) Dəccal qeyri-adi işlər görən, sehr-caduya malik real şəxsdir.

b) Dəccal dedikdə İblis nəzərdə tutulur;

c) Ehtimal olunur ki, Dəccal şiə rəvayətlərində adı çəkilən Süfyanidir.

d) Dəccal dedikdə İsrail nəzərdə tutulur. Öncə belə görünür ki, Dəccal hadisələri elə İsraillə bağlı hadisələrdir.
Әvvəla, Әhli-beyt (ə) rəvayətlərində bu hədislər yoxdur;
İkincisi, əksər Dəccal hədisləri əslən yəhudi olan Kəbul-Әhbar tərəfindən nəql olunmuşdur. Bu şəxsin bütün hərəkətləri şübhə doğurmuşdur.
Üçüncüsü, məsihin zühur edib Dəccalı öldürməsi yəhudilərə aid əqidədir.

Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır…”

Giam

Əsrin imamının (ə.f) qeyb fəlsəfəsi nədir ?

Qeyb dövrünün tarix boyu ən aktual suallarından biri imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur. Araşdırmaya bizə həqiqəti aydınlaşdıracaq bir müqəddimənin bəyanı ilə başlayırıq:

1. Allah-təala Quran-Kərimdə və İslam peyğəmbəri öz buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər. Allah-təala buyurur: “Öz rəsulunu müşriklər ikrah duysa belə, bütün dinlərə qalib gəlmək üçün xalqın hidayətinə haqq dinlə göndərən Odur (Allahdır).

2. Bəndələrin halında ixtilaf göründükcə onların məsləhət və tədbiri dəyişir. Allah-təala bəndələri ilə bağlı tədbiri öz öhdəsinə götürmüşdür. Onların ağlını kamilləşdirmiş, onları saleh əmələ yönəltmişdir. Yalnız bu yolla insan səadətə çata bilər. Әgər insanlar Allahın göstərişlərinə əməl etsələr, onlara yardım göstərmək Allahın öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır, getdiyi yolu onun üçün asanlaşdırır. Amma insan ilahi göstərişlərə qarşı çıxdıqda, günaha yol verdikdə məsləhət dəyişir və nəticədə mövqelər də əvəz olur. Bu halda Allah öz tövfiqini, yardımını insandan kəsir və o məzəmmət olunur. Allah ardıcıl olaraq öz imamlarını xalqa doğru göndərmişdir. Amma insanlar Allah övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.

3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.

4. Heç şübhəsiz, zühur əsrində dinin qələbəsi fövqəladə qüdrətə, əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.

5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) özündən sonra ardıcıl şəkildə gələcək 12 imamı sadalamışdır.

6. Rəvayətlərdən və əqli dəlillərdən məlum olur ki, qiyamət gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir. Mərhum Kuleyni səhih bir sənəd əsasında Әbu-Həmzədən belə nəql edir: İmam Sadiqdən soruşdum ki, yer üzü imamsız qalarmı? Həzrət buyurdu: “Әgər yer üzü imamsız qalsa, məhv olacaq.”

7. Peyğəmbərin və rəsulların kənara çəkilmə səbəblərindən biri İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam Mehdi (ə) də qorunmaq üçün təbii vasitələr gücdən düşdüyündən Allahın əmri ilə qeybə çəkilmişdir. İmam Sadiq (ə) Zürarəyə buyurur: “Qaim (Mehdi) üçün qiyamından öncə bir qeyb var.” Zürarə deyir: “Həzrətə ərz etdim ki, hansı səbəbdən? Həzrət buyurur: “Qətlindən çəkindiyi üçün.”

8. İmamın qeybə çəkilmə amillərindən biri onun əsrin zalım hakimlərinə beyətə məcbur edilməməsidir. Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: “Qaim (Mehdi) öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”

GİAM

İmamın (ə.f) zühurunun hansı əlamətləri var ?

Rəvayətlərdə zühur mövzusunu araşdırdıqda onun bəzi əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək

1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı
2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə
3. Bu mövzuda qeybi xəbərlər və onların həyata keçməsi ilə insanlarda əminlik yaranması
4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər
Zühurla bağlı xəbərlər isə gerçəkləşdikdə onlar üçün qəti dəlil olur
5. Zühur əlamətlərinin hər biri gerçəkləşdikdən sonra xalqın bu
əqidəyə bağlılığı güclənir
6. Zühur əlamətləri birbəbir gerçəkləşdikcə Allah-təalanın
kafirlərə qarşı ciddi əzmi də üzə çıxır
7. Müsəlmanların zühura hazırlığı və bu qiyama zəmin
yaratmaları üçün əlamətlərin müstəsna əhəmiyyəti var. Әlamətlər gerçəkləşdikcə müsəlmanların ruhi, siyasi və iqtisadi hazırlığı artır.
8. İnsanda qeybi xəbərlərə meyl olduğundan zühurla bağlı xəbərlər kahinlik kimi xurafatın qarşısını alır.
9. Zühur əlamətlərinin mühüm bir hissəsi İslamın siyasi gerçəkliklərindən sayılır. Məsullar öz strateji məsələlərinin araşdırılmasında bu əlamətlərə ciddi yanaşmış, proqramlarının
tərtibində uyğun xəbərləri nəzərə almışlar.
10. Zühur əlamətləri mövzusu təkcə şiələrə və ya müsəlmanlara aid olan bir mövzu deyil. Bütün dinlərdə az və ya çox bu həqiqətə inam mövcuddur.

“Təfsire-Fəxr-Razi”, c.25, s. 42.
“Bəyanul-Quran”, c. 5, s. 11,12.

Alman yazıçısı Helsil “Xəbər və siyasət” kitabında yazır: “Biz məsihilər inanırıq ki, bəşər tarixi bir o qədər də uzaq olmayan gələcəkdə bir mərəkə ilə başa çatacaq.
Həmin vaxt Məsih geri qayıdıb bütün diri və ölülərə hakim olacaq.”

GİAM