Ədalət nə deməkdir?

Alimlər ədalət anlayışına bu cür tərif vermişlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq (yəni həddi aşmaq) və təfritə yol vermək (yəni lazım olan həddə çatmamış durmaq) ədaləti pozmaq deməkdir. Həm ifrat, həm də təfrit bəyənilməzdir.
Dediklərimizi sadə misallarla sübuta yetirək:
Məlumdur ki, insanda səxavət və əliaçıqlıq gözəl xüsusiyyətlərdən sayılır. Səxavətli şəxs hamı tərəfindən sevilir və möhtərəm bilinir. Səxavətin təfrit halı – simiclik və xəsislik isə insan üçün pis xasiyyət hesab edilir. Habelə, bir kəs ifrat dərəcədə səxavətli olsa, yəni bütün var-dövlətini, evini, geyimlərini və s.-ni camaata bağışlasa, öz yaşayış ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olar, ömrünü səfalət və dilənçilik içində keçirər.
Yaxud məlumdur ki, insanın malik olduğu ən dəyərli nemətlərdən biri nitq qabiliyyətidir. İnsan danışanda da ədaləti gözləməli, hər sözün yerini bilməlidir. Yeri gəldi-gəlmədi uzun-uzadı və mənasız danışmaq insanın hörmətini əksildər, xalq içində ona çərənçi deyərlər. Belə hərəkət ifratçılıqdır. Əksinə, bir kəlmə söz bir insan taleyini həll etdiyi zaman kimsə ağzına su alıb sussa, həm özünü, həm də başqalarını bədbəxtliyə salar. Allah-Təala hər cür ifrat və təfritdən uzaqdır. Çünki bu xüsusiyyətlər onun kamillik və nöqsansızlıq sifətlərinin ziddinədir. Allah-Təalanın bütün sifətlərində və yaratdığı şeylərdə ədalət vardır. Allah rəhmli və bağışlayandır. Onun mərhəməti çox genişdir, amma ifratdan uzaqdır. Allah qəsdən, yaxud bilməyərəkdən bəzi günahlar törətmiş və tövbə etmiş şəxsləri bağışlayar, lakin inadcıl kafirlər və dəhşətli cinayət törətmiş günahkarlar onun mərhəmətindən uzaqdırlar. Allah-Təala qüdrətlidir və bütün aləm Onun qüdrət nişanələri ilə doludur. Lakin Allah öz qüdrətini nümayiş etdirməkdə ifrata yol verməmişdir. Məsələn, Allah dağları daş süxurlarından yaratmış, qızıl və gümüş kimi qiymətli metalları isə yerin təkində gizlətmişdir. Allah böyük dağları saf qızıldan yaratmağa da qadir idi. Amma o, belə etməmişdir. Çünki qızıl dağları insanlara xeyirdən çox ziyan gətirərdi. Düşünün ki, bu halda həmin qızıl dağlarını ələ keçirmək naminə hansı fəlakətlər baş verə, nə qədər qanlar tökülə bilərdi!

Allah zalım deyildir

Ədalət xətkeşin mərkəzindəki müvazinət nöqtəsi kimidir. Xətkeş bu nöqtə üzərində dayanarsa, onun hər iki tərəfi eyni səviyyədə qərar tutar. Əgər müvazinət nöqtəsindən hər hansı tərəfə azacıq meyl edilsə, tərəflərin bərabərliyi pozulacaq. Ədalət nöqtəsində ifrat və təfrit bir-birini tarazlaşdırıb zərərsizləşdirir. Bunların hər hansı birinə meyl etmək – sərhəddi pozmaq, zülm və təcavüz etmək deməkdir. Zülm ədalətin ziddidir. Hər hansı əşyaya layiq olduğu münasibəti göstərməmək ona zülm etmək deməkdir. Nümunə üçün tarixə müraciət edək. Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin (ə) şəxsiyyəti tarix boyunca bəzi təriqət və cərəyanlar tərəfindən ədalətsiz, zülmkar münasibətə məruz qalmışdır. Özlərini müsəlman hesab edən, əslində isə İslamdan uzaq olan «xəvaric» təriqətinin nümayəndələri Həzrəti Əli (ə) ilə düşmənçilik etmiş, onu lənətləmiş, onunla müharibəyə qalxmışlar. Başqa bir təriqətin ardıcılları – əliallahilər isə İmam Əlini (ə) Allah saymışlar. Hər iki tərəf Əliyə (ə) zülm etmişdir. Xəvaric onu təhqir etmiş və hüququnu tapdamışdır. Əliallahilər isə Əlinin (ə) öz etirazına baxmayaraq, onu ifrat dərəcədə yüksəltmiş, malik olmadığı sifətləri və qüdrəti çatmayan işləri ondan tələb etmişlər. Bu zaman onlar hər şeydən əvvəl, Allaha qarşı küfr etmiş, onu insanla eyniləşdirmişlər.

Hər bir zülmün törədilməsinin üç səbəbi ola bilər:

a) Zülmkar qüvvə öz etdiyi işin zülm olduğunu bilmir. Məsələn, bir nəfər gizlincə başqasının pulunu götürüb mənimsəyir, amma bu hərəkətin oğurluq olduğunu bilmir. Əgər bilsəydi, həmin pulu götürməzdi.
b) Zülmkar qüvvə zülm törətməyi pis əməl saymır. Məsələn, insan başqasının pulunu götürərkən oğurluq etdiyini anlayır, amma özünü haqlı sayır. O, belə hesab edir ki, həmin şəraitdə oğurluq etmək günah deyildir.
c) Zülmkar qüvvə məcburiyyət qarşısında qalıb zülm törədir. Məsələn, insan aclıq üzündən oğurluq edir, yaxud başqa bir şəxs onu zorla oğurluğa məcbur edir.
Birinci və ikinci hallarda zülmkar qüvvə elmsiz və cahil, üçüncü halda isə qüdrətsiz və ehtiyaclı olmalıdır. Halbuki, Allah-Təala bu sifətlərin hamısından uzaqdır. Demək, Allahın zülm törətməsi üçün səbəb və şərait yoxdur. Qurani-Kərimdə qəti şəkildə buyurulmuşdur: «Allah zərrə qədər də zülm etməz» (Nisa, 40). «Sənin Allahın heç kəsə zülm etməz» (Kəhf, 49).

Bankda işləməyin hökmü nədir? və oradan alınan maaş halaldırmı?

İslam dini hər bir məsələdən əvvəl halal ruzi qazanmağa daha çox əhəmiyyət verir. Belə ki, halal ruzi sadəcə maddi deyil, əksinə bir çox mənəvi təzahürləri və faydaları da vardır. Ümumiyyətlə əməlin qəbulolma şərti, insanın mənəvi üstünlükləri onun halal qidasına bağlıdır. Halal qida insanın əxlaqında olan mənfi cəhətləri aradan aparır. Haram ruzi əxlaqı pisləşdirir, insanın mənəviyyatını və nuraniyyətini də aradan aparır. Eyni zamanda haram qida bir çox maddi və mənəvi böhranların yaranmasına səbəb olur. Bank sahəsi həssas bir sahə olduğu üçün orada işləmək və oradan gələn maddi gəlirin halal olmasına diqqət yetirmək lazımdır. Faiz (sələm) İslamda böyük günahlardan hesab olunur və onunla hər hansı formada olur olsun məşğul olmaq böyük günahdır. Ona görə də bankın bilavasitə faizlə bağlı fəaliyyətində iştirak etməkdən çəkinmək lazımdır. Bank müştərilərinə faizlə pul verilməsinin təşkili, qeydiyyatı, faizlə bağlı hər növ prosedurda iştirak etmək şəriət baxımdan haramdır. Bundan əlavə, bankın müştəriləri arasında şərab alveri kimi haram fəaliyyətlərlə məşğul olan müəssəsələr və ya şəxslər varsa, onlarla da hər növ işgüzar əlaqə yaratmaq, onların bankla ünsiyyətində hər şəkildə iştirak etmək  (məsələ, onlar üçün kredit qeydiyyatı aparmaq, onların səhmlərinin alış-satışına qatılmaq və s.) günah sayılır. Bankın bu cür bilavasitə haram fəaliyyət sahələrindən başqa sahələrdə çalışmaq və buna görə məvacib almaq icazəli hesab olunur.

İslamda abortun hökmü nədir ?

İslam dini kamil bir din olduğu üçün bu dinin bütün göstərişləri məhz insan həyatının bütün sahələrini əhatə edir. Eyni zamanda kamil din olan İslam dini insanların həyatını rahat və çətinliksiz yaşaması üçün bir çox dəyərli təlimləri də özündə ehtiva etmişdir. Bu səbəbə görə, İslam dinində həll olunması müşkül olan bir çox məsələyə də öz dəyərli tövsiyələrini verərək bütün müsəlman cəmiyyətinin rahat yaşamasını təmin etmişdir.

Müşkül olan mövzulardan biri, və demək olar müasir dünyanın qlobal problemlərindən hesab olunan hadisələrindən biri də abort məsələsidir. Son dövrün statiskaları abortun necə yayıldığını göstərir. Xüsusilə müasir gənc nəsil arasında yayılan bu mənfi hadisənin hökmü barədə İslam dini öz dəyərli tövsiyələrini də vermişdir. Beləliklə kamil din olan İslam dini bu məsələnin mənfi yönünü izah etməklə bərabər, bəzi hallarda – necə ki, bundan fərqli olaraq bəzi məsələlərə də çıxış yolunu təqdim etmişdir – abortun mümkün olmasını da qeyd etmiş, bu məsələnin hansı hallarda baş verə bilməsini də bildirmişdir.

Ümumiyyətlə abort məsələsinə üç əsas yöndə, yəni; abortun caiz olan yönü, günah yönü və cinayət yönündə baxmaq olar. Abortun icazəli olan tərəfi ordadır ki, ümumiyyətlə İslam dini insana zərəri olan hər bir şeyi – halal olduğu təqdirdə belə, məsələ müəyyən bir xəstəliyi olan şəxsin halal qidanı yeməsi ilə xəstəliyinin artması surətində həmin halal qidanın haram olması – haram buyurmuş, və həmin əməldən çəkinməyi vacib etmişdir. Eyni ilə bu məsələdə İslam dini hamiləliyin qadının cisminə mənfi təsiri olduğu təqdirdə, başqa ifadə ilə desək, hamilə qalmağın qadının sağlamlığına zərər vuracağı təqdirdə aborta icazə vermişdir. Xüsusilə abort burada qadının həyatına və səhhətinə ciddi – mənfi – təsir göstərərsə o zaman abort icazəlidir. Təbii ki, burada diqqət yetirməliyik ki, qadına uşağın dünyaya gətirməsi onun həyatına, səhhətinə və sağlamlığına ciddi zərəri olacağı təqdirdə abortun icazəli olması qadının hamiləliyin 5-ci ayına qədərdir.

Ancaq məsələnin günah olan yönü barədə deyə bilərik ki, əgər dünyəvi məsələlərdən o cümlədən; uşağın çoxluğu, baxmaq qorxusu, maddi problemlərdən dolayı abort edilərsə – və ya uşağın qız və ya oğlan olması ilə abortun edilməsi – bu zaman həmin şəxs böyük bir cinayətə yol vermiş və böyük günah iş görmüşdür. Necə ki, müqəddəs Qurani-Kərim bu məsələni gözəl tərzdə bəyan edir: Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!

Abortun cinayət yönü isə, əgər qadının hamiləliyi 5-ci aya daxil olmuşsa və qadının həyatına hər hansısa bir təhlükəsi və sağlamlığına ciddi zərərir yoxdursa, abortun edilməsi cinayət hesab edilir. Çünki ana bətnində olan uşaqa 5-ci ayında olan zaman ruh üfrülür. Əks halda abort böyük günah və cinayətdir.


İsra surəsi, 31. Ayə,

BƏRZƏX HƏYATI NECƏDİR ?

Bərzəx aləmindəki həyat haqqında çox da məlumatımız yoxdur, ancaq hədislər və Quran ayələrinin vasitəsilə orada nələr baş verdiyindən az da olsa, xəbərdar olmaq mümkündür.
Mərhum Hacıağa Tehrani nəql edir ki, müəllimi Ayətullah Seyyid Əhməd Kərbəlayi dünyadan gedəndən sonra onu yuxuda görür. Müəlliminin əlini tutub deyir ki, oradan nə xəbər var? Müəllimi də ona deyir ki, gərək bura gələsən ki, nələr olduğunu görəsən. (Tebyan) Ancaq o şey ki, Əhli-beytdən (ə) bizə çatmışdır, budur ki, insan dünyasını dəyişəndən sonra bu ağır və sümüklü bədəni tərk edib, yüngül bir bədənə qovuşacaqdır. Bu, həmin bərzəx bədənidir ki, ona misal bədəni deyirlər. Çünki bu bədənin eynisinə bənzəyir. İmam Sadiqdən (ə) soruşurlar ki, bərzəx aləmində necə yaşayacağıq?
Həzrət (ə) buyurur: “Dünya bədəni kimi bir bədəndə. Ən yaxşı misal həmin şeydir ki, yuxuda görürük. Yuxuda ətli bədən yorğanın altında kimidir və heç bir hərəkət etməz.
Ancaq o biri bədəni görürük ki, tamamilə fəaldır. Hərəkət edir, başa düşür, yeyir-içir, ağrıyır, ləzzət alır. Əlbəttə, bərzəxdə olacağımız bədən yuxuda gördüyümüz bədən deyildir. Min dəfə bu bədəndən kamildir. Çünki yuxudakı bədən hələ dünyaya aiddir. Ancaq bərzəx bədəni dünyadan çıxmışdır və kamil bir aləmə çatmışdır”. Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Öləndən sonra biz bərzəxə daxil olan zaman dünyada olduğumuz həmin şəkil və qəlib kimi olacağıq. Siması və şəkli olacaqdır, ancaq ağırlığı olmayacaqdır. Bərzəx bədəni yeyər, içər, ləzzət alar, dərk edər, başa düşər. Ləzzət və əzabı, dərk və başa düşməsi dünya aləmindəki dərk və başa düşmədən daha güclüdür. Çünki kamil olmuş və dünya hicabları götürülmüşdür”. Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, öləndən sonra ruhlar hara gedir? İmam (ə) buyurur: “Möminlərin ruhları bərzəx behiştinə aid olan bir otaqda oranın yeməklərindən yeyər, oranın içəcəklərindən içərlər. Əlbəttə behiştdə yemək və içmək instinktə görə deyildir, qürb gətirər”.
Dünya bədəni halbuki instinktiv olaraq yeyir və içir və buna ehtiyacı vardır. Heyvanlar da yeyir və içirlər. Ancaq orada insan yeyərək İlahi qürbə yaxınlaşar. Sonra (ə) Həzrət buyurur: “Möminlər bərzəx aləmində bir-birini görərlər, tanıyarlar və ünsiyyət qurarlar. O insan ki, dünyadan gedir, əgər behiştlikdirsə, onun dövrəsinə toplaşarlar. Ona sual verər və qohumları haqqında soruşarlar”. Əlbəttə bərzəx aləmindəki həyat ictimai deyildir, fərdidir. Halbuki, dünya həyatı ictimaidir. Cəmiyyətdə hamının bir-birinə ehtiyacı vardır. Bizim müxtəlif peşələrə ehtiyacımız vardır. Tək halda öz ehtiyacımızı ödəyə bilmirik. Orada isə həyat fərdidir. Bərzəx aləmində cəhənnəm əhli üçün də içmək və yemək vardır, ancaq bu, onlar üçün əzabdır. Bərzəx aləmində təkamül vardır. Ancaq bu təkamül əməllə deyildir. Orada belə deyildir ki, xeyir işlər görək, namaz qılaq, ya da yaxşı işlər görək. Çünki əməl tarlası – dünyadır. Bu, təkamül elmidir. İnsan mərhələ-mərhələ irəli gedib, sirr pərdələrini aralaya bilər. O kəslər ki, behişt əhlidirlər, görən və başa düşən zaman ləzzətləri daha çox olar. O kəslər ki, əzab əhlidirlər, həsrət və əzabları çox olar.
İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, əgər mömin həyatda Quranı əzbərləyə bilməyibsə, ona qəbirdə Quran təlimi verərlər. Hədislərdə oxuyuruq ki, əgər uşaq həddi-büluğa çatmadan ölərsə, Həzrət İbrahim (ə) bərzəx aləmində onlara təlim və tərbiyə verər. Peyğəmbəri-Əkrəm (s.a.v) buyurur: “Mən meracda gördüm ki, onun ətrafında çoxlu uşaq əyləşmişdi”.
İmam Sadiqdən (ə) gələn başqa bir hədisdə oxuyuruq ki, buyurub: “Biz Əhli-beytin (ə) davamçılarının övladlarını ki, dünyadan gediblər, Həzrət Zəhra (s.ə) tərbiyə edər”. Bunların hamısı bərzəx təkamülüdür.

GİAM

Allahın “Rəhman” və “Rəhim” sifətləri arasında fərq varmı?

Böyük Allahın sifətlərindən biri də Onun Rəhman və Rəhim sifətləridir. Adətən Qurani-Kərimdə “Rəhman” və “Rəhim” sözləri oxşar və bəzən də eyni şəkildə təfsir olunsa da, əslində bunların arasında bəzi mühüm fərqlər də mövcuddur. Bu fərqlər əsasən Quran-Kərimə yazılan təfsirlərdə ətraflı şəkildə izah olunmuşdur. İslam alimlərinin fikirinə əsasən, Allah-Taala “Rəhman” sifəti Onun mərhəmətinin çoxluğunu, “Rəhim” sifəti isə, mərhəmətinin davamlılığını göstərir. Həmçinin Rəhman – bu dünyada bütün varlığ aləmində mövcud olan bütün yaradılmışlara qarşı mərhəməti olan, Öz nemət və mərhəmətini hamıya əta edən sifəti ifadə edir. Ancaq, bundan fərqli olaraq Allahın Rəhim sifəti isə Axirət aləmində möminlərə münasibətdə təzahür edəcək sifət olaraq anlaşılır. Dünya həyatında mömin ya kafir olmasından aslı olmayaraq hər kəs Allahın nemətlərindən istifadə edir. Allahın burada mərhəməti və nemətləri bütün varlıqları əhatə edir. Buradan anlaşılır ki, əgər Allahın Rəhman sifəti olmasa, bütün varlığ aləmi məhvə məhkum olar. Axirət dünyasında isə yanlız möminlər Allahın Rəhim sifətlərindən faydalanacaq, kafirlər isə, bu rəhmət və nemətdən məhrum qalacaqlar. Təbii ki, Allahın bu iki sifətləri barəsinə müasir kəlam və fəlsəfə elmlərində, eyni zamanda Qurani-Kərim barəsində qələmə alınmış bir sıra təfsir kitablarında bir sıra digər fərqli cəhətlərə də işarə edilmişdir.

İmam Sadiq (ə) buyurur: “Allah hər bir şeyin Allahıdır. Rəhman sifəti bütün məxluqlar üçündür. Rəhim sifəti isə ancaq möminlərə məxsusdur”.

“Bəsirət gözü” nə deməkdir ?

“Bəsirət gözü” dini mətnlərdə istifadə olunan anlayışlardan biridir. Ərəb dilindən tərcümədə “bəsirət”, “bəsər” sözünü mə`şəli olub “görmək”, “müşahidə etmək” mənasını daşıyır. “Bəsər” yəni “görmək” daha çox hiss üzvləri vasitəsi ilə müşahidə olunan obyekti çatdırır. Ancaq “Bəsirət” dini ədəbiyyatda daha çox hadisələrin və əşyaların mahiyyətini və həqiqətinə nüfuz edib, onları olduğu kimi dərk etmək mənasında istifadə olunur. Bu o deməkdir ki, bəsirət, hiss üzvlərinin müşahidə etmədiyi haqqı və həqiqəti, pərdə arxası gerçəklikləri dərk etmək və onları  “görmək” mənasındadır. Bəsirətli insan hiss üzvlərinin dərk etməkdə qüdrəti çatmadığı bir çox həqiqətləri, yəni, qeyri-hissi həqiqətləri dərk edən şəxsə deyilir. Bəsirətli insan adi gözlə görünməyən həqiqətləri duyar, hadisələrdən ibrət almağı bacarar. Qafil, cahil və daha çox hiss üzvlərinin məhkumu olmuş şəxs, bəsirətli şəxsin, yəni Kainatın pərdə arxasını dərk edən şəxsin dərk etdiyi kimi varlığ aləmini olduğu kimi qavramağa və dərk etməyə qürəti çatmayan şəxsdir. Qurani-Kərimdə bu nöqtəyə vurğulayaraq, buyurur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdu. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir”

Buradan anlaşılır ki, Bəsirət gözü fiziki orqan deyil, və daha çox insanın ruh və daxili aləminə aid olan bir həqiqətdir. Təsadüfi deyil ki, bəsirət daha çox “qəlbin gözü” olaraq adlandırılmışdır. Quran buyurur: “Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər kor olar”. Qurani-Kərimdə kafir və haqqı danan şəxslərin gözdən məhrum və kor olmaqları deyilərkən, fiziki mənada korluq deyil, haqq və həqiqət qarşısında inadkarlıq və imansızlıq mənasında qeyd olunur. Əziz İslam Peyğəmbəri (s) insan üçün bəsirət gözünün əhəmiyyətini belə açıqlayır: “Əsl kor o deyil ki, gözü görmür. Əsl kor odur ki, bəsirəti yoxdur” İmam Əli (ə) da özünü mübarək və dərin mənalı ifadəsində “Mən görmədiyim Rəbbə ibadət etmərəm” buyurarkən məhz bəsirət və qəlb gözü ilə Allahı tanımağ və müşahidə etməyi nəzərdə tutmuşdur.

Bəs buradan anlaşılır ki, insanın zahiri cism və üzvlərindən əlavə, onun daxili aləmində qərar tapan bir sıra ruhi və əqli qüvvələri də vardır. Məhz bu qüvvələrdən biri də bəsirət olub, insanın hiss üzvləri və cismi ilə müşahidə etməyə qüdrəti çatmadığı bir çox həqiqətləri dərk etməkdə insana yardımcı olur. Beləliklə, bəsirət gözü insanın daxili aləmində qərar tapan ruhi qüvvə olub, zahiri üzvlərdən əlavə batini aləmin həqiqətlərini dərk edən bir vasitədir.

Bəqərə. Ayə-7.
Həcc surəsi, ayə-46.

Əxlaq nədir ?

Əxlaq sözü “xulq” sözünün cəmidir ki, mənası fitrət deməkdir. İnsanın o nəfsani sifətinə şamil edilir ki, insan qeyri-iradəvi olaraq onu yerinə yetirir. O kəs ki, uzun illər sürücülük edər, hətta qeyri-iradəvi olaraq sürücülük edə bilər. Çünki bu əməl artıq onun zehninə qazılmışdır.
O kəs ki, bir dəfə sədəqə verər, bu işi hər gün görən insanlarla müqayisədə onu bağışlanmış kimi hesaba ala bilmərik. Qərblilərin nəzərinə görə əxlaq, eləcə də Aristotelin əxlaqı daha çox zahiri etikada cəmlənmişdir. Halbuki, İslam məktəbində əxlaq insanın batininə aid edilir. Misal üçün, İslam dinində səliqə – gözəl əxlaqın nümunələrindən biri hesab olunur. Səliqə, Allahla görüş üçün insanı hazır edən zəminələrdəndir. Ona görə də insanın zahiri ilə yanaşı, batininə də aiddir. İslami olmayan əxlaqda səliqəli olmaq yaxşı rəftar kimi qiymətləndirilir. Bu əməldə insan öz mənfəətini güdür.

İslam dini əxlaqın dörd şöbəsini bizə tanıtmışdır:
1. İnsanın Allahla rabitəsinə aid olan əxlaq.
2. İnsanın özünə aid olan əxlaqı.
3. İnsanın başqa insanlara aid olan əxlaqı.
4. İnsanın təbiətə aid olan əxlaqı.

Din, insanları əxlaqa tərəf yönəldər. Əxlaqın meyarlarını din təqdim edər. Dinin əxlaqla rabitəsi o saata bənzəyir ki, müəyyən sayda əqrəblərə malik olar.
Din, bu əqrəbləri hərəkət etdirən vasitədir. Əgər doğru işləyərsə, zamanı da doğru göstərər. Ona görə də əgər dinə düzgün əməl olunarsa, insanda məkarim əxlaq inkişaf edər. Bu, həqiqi əxlaqdır, batini haldır, yalnız zahirlə kifayətlənməyən bir səciyyədir. O zaman ki, ağacların yarpaqları onlara yaxşı baxılmadığına görə saralar, ağıllı çıxış yolu bu olar ki, həmin ağacın gövdəsinə və kökünə qulluq edilsin. Əgər budaqlara qulluq edilsə, ağaca fayda verməyəcəkdir. Bu misala əsasən, İslam dini də əxlaqın köküdür. Əgər onun budaqlarına diqqət edilərsə, o zaman ağac fasidləşər və məhv olar.

Dinimiz əxlaqlı olmağın dörd yolunu göstərmişdir:
1. Müşaritə (yəni şərt qoymaq).
2. Müraqibə (nəzarət).
3. Mühasibə (hesaba çəkmək).
4. Müaqibə (tənbeh etmək).

İnsan bu metoda riayət etməklə, özünü islah edər, öz durumunu dönmədən yaxşılaşdırar.

İmam Zamanla (ə.f) necə rabitə quraq ?

Hər bir Əhli-Beyt (ə) davamçısının ən böyük arzusu Mövlası olan İmam Zamanla (ə.f) rabitə qurmaqdır. Onun feyzindən bəhrələnməkdir. Bəs nə edək ki, İmamla (ə.f) rabitə qura bilək? Tarixdə çox sayda insan İmamın (ə.f) görüşünə nail olmuş və Həzrətlə (ə.f) üsniyyət qura bilmişdi. Əgər bu insanların sifətlərinə nəzər salsaq, görərik ki, İmamla (ə.f) görüş feyzinə nail olmağa səbəb olan ən mühüm amillər: təqva, iffət, haramları tərk etmək və İlahi vacibatlara əməl etmək olmuşdur. Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu tanısın, ona eşq bəsləsin və əməllərində Həzrətin (ə.f) davamçısı olsun. İmam Rza (ə) yaxınlarından birinə belə buyurur: “Əgər mənim məhəbbət məqamımın sənin yanında nə qədər olduğunu dərk etmək istəyirsənsə, qəlbinə nəzər sal. Bax gör, qəlbində və işlərində mənə nə qədər sevgin vardır və mənim fikrimdəsən?”. Bu, təbii bir qaydadır ki, insan sevgiyi insana yaxın olmağa çalışır. Ona sevgisini bəyan etməyə çalışır. Qarşı tərəf də bunu görüb, cavabında o da öz sevgisini aşkar edir. Ona görə də İmam (ə.f) buyurur ki, mənim səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, əvvəl özünə və öz qəlbinə nəzər sal və orada mənə qarşı nə qədər sevginin olduğunu görməyə çalış. Bil ki, sən məni nə qədər yada salırsansa,mən də səni o qədər yada salıram. Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu xatırlasın və yaddan çıxartmasın.
İmamın (ə.f) diqqətini cəlb edən bəzi əməllər vardır ki, onları yerinə yetirərək, Həzrətin (ə.f) inayətini qazana bilər, bəlkə də onunla rabitə qurmaq tövfiqinə nail ola bilərik:

1. 14 Məsumu (ə), xüsusilə də İmam Zamanı (ə.f) yaxından tanımağa çalışmaq.
2. Hər bir zamanda Həzrəti (ə.f) yada salmaq.
3. Adının və əməllərinin insanlar arasında yayılmasına yardım etmək.
4. İmamın (ə.f) qürbətinə görə ayrılıq göz yaşı tökmək.
5. Hər səhər və hər axşam İmamın (ə.f) fərəcinin tezləşməsi üçün dua etmək.
6. İbadətlərin savabını Həzrətə (ə.f) hədiyyə etmək.
7. Quranı xətm edib, savabını Həzrətə (ə.f) hədiyyə etmək.
8. İmamın (ə.f) salamatlığı üçün sədəqə vermək və mal infaq etmək.
9. Həzrətin (ə.f) davamçılarına yardım etmək və çətinliklərini aradan qaldırmaq.
10. Muxlis və həqiqi Əhli-Beyt (ə) davamçılarını sevmək və onlara ehtiram göstərmək.


Giam

Cümə günün əməlləri hansıdır ?

Cümə gecəsi və cümə günü həftənin sair günlərindən fəzilət cəhətindən daha üstün olduğu üçün onlardan fərqlənir.

1. Qusl: “Cümə gününün qüslun alıram qürbətən iləllah” niyyəti ilə…vaxtı sübh azanından zöhr azanına, qüsl alınacaq vaxtın qalmasına qədərdir.
2. Salavat: “ALLAHUMMƏ SALLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ-MUHAMMƏD VƏ ƏCCIL FƏRƏCƏHUM” ən azı 100 dəfə.
3. Dırnaqları kəsmək (qısaltmaq).
4. Dua etmək, Quran oxumaq xüsusən (Duxan, Muminin və Vaqiə) surələrin oxumaq.
5. Qohumları, dotları, yaxınları və möminləri ziyarət etmək, həmçinin qəbir üstünə gedib ölənləri ziyarət etmək.
6. Sədəqə vermək.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Cümə gecə və gündüzü iyirmi dörd saatdır. Allah taala onun hər bir saatında altı yüz min adamı cəhənnəmdən azad edir”.
İmam Sadiq (ə) buyurmuşdur: “Cümə günü – böyük bir əhəmiyyətə və hörmətə malikdir. Belə isə, onun hörmətini sındırmayın! Bu gün Allah taalanın ibadətində əlindən gələni əsirgəmə və xoşa gələn əməllərlə Allah taalaya doğru müqərrəb və yaxın ol! Bütün haramlardan əl çək, çünki, Allah bu gün yerinə yetirilən savab əməlləri neçə bərabər yazaraq, pis əməllərin əzabını silir. Möminlərin dərəcələrini dünya və axirətdə ucaldır. Fəzilətdə, onun gecəsi də gündüzü kimidir. Əgər mümkün olsa, cüməyə keçən gecəni sübhə qədər oyaq qalıb, namaz qılıb dua oxuyaraq ibadətlə məşğul ol. Allah taala cüməyə keçən gecə, mələkləri möminlərin kəramətlərini artırmaq üçün onların həsənatlarını çoxaldıb, günahlarını silmək üçün birinci asimana göndərər. O Həzrətdən nəql olunmuş başqa bir hədisdə oxuyuruq:: “Bəzi vaxt, mömin bəndə bir hacəti üçün dua edir, amma Allah taala onu icabət etmir. Onu cümə gününə qədər təxirə salır ki, o günün fəzilətinə xatir bəndəsinin istəyini iki bərabər versin.

Sonra buyurur: “Həzrət Yusif (ə)-ın qardaşları, ataları Həzrət Yəqub (ə)-dan onları bağışlamalarını istədikdə, Həzrət Yəqub (ə) dedi: “Səvfə əstəğfiru ləkum Rəbbi (Öz Rəbbimdən tezliklə sizin bağışlanmanızı istəyəcəyəm)”. İmam Sadiq (ə) buyurur: “Yəqub (ə) övladlarının haqqında edəcəyi duanın qəbul olunması üçün onu, cümə gecəsi səhərə (sübhə yaxına) qədər təxirə saldı.”

İmam Sadiq (ə) buyurur: “Cümə gecəsi yaxınlaşanda, dənizlərin balıqları başlarını sudan qaldırıb və səhraların vəhşi heyvanları başlarını göyə tərəf tutub, Allah taalanı nida edərək deyərlər: “İlahi! Bizə adamların etdikləri günahlara görə əzab vermə.”

İmam Məhəmməd Baqir (ə) buyurur: “Allah taala bir mələyi məmur edib, ona cümə axşamı gecənin əvvəlindən sübhə qədər Allah taala tərəfdən nida edib, belə çağırmasını əmr edər: “Elə mömin bəndə var ki, sübh açılmamışdan qabaq dünya va axirəti üçün dua edib, məni çağıra və mən onun duasını qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq öz günahlarından tövbə etsin və mən onun tövbəsini qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, mən onun ruzisini azaltmış olam və indi (sübh açılmamışdan qabaq) məndən istəyə və mən onun ruzisini çoxaltmayam?! Mömin xəstə vardırmı ki, sübh açılmamışdan qabaq sağalması üçün mənə dua edə və mən onun duasını qəbul etməyəm?! Zindanda olan qəm-qüssəli mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq məndən istəyə və mən onu zindandan xilas etməyib, qəm-qüssəsini aradan qaldırmayam?! Məzlum mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq zalımın zülmünün aradan getməsi üçün dua edə və mən onun intiqamını alıb haqqını ona qaytarmayam!”

GİAM

Şaban ayının fəzilətləri

İlahi ziyafət və mənəviyyat ayı hesab edilən mübarək Şaban ayı İslam dininin ən fəzilətli aylardan biri olaraq hesab edilir. Şaban ayı insanın mənəviyatının inkişafında, eyni zamanda insanın Allaha tərəf yönəlməsində insana yardımcı olan ən münasib aylardan biridir. İslam dinində və eyni amanda Məsum imamların (s.ə) mübarək kəlamlarında bu ay ilə əlaqəli bir çox hədis və rəvayətlər nəql edilmişdir. İslam Şaban ayı insanın Allaha tərəf yönəlməsində və bu yolda böyük məsafələr qət etməsində mühüm rol oynayır. Hədislərə əsasən bu ay dua, ibadət və istiğfar ayıdır. İmam Əlidən (əleyhissalam) nəql olunan hədisə əsasən Allah bu ayda xeyir-bərəkəti səpələdiyi üçün bu ay Şaban adlandırılmışdır. Möminlər bu ayı qənimət bilib, bu ayın bərəkətindən istifadə etməlidirlər. Bir hədisdə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) Şaban ayının fəzilətlərindən danışıldıqda belə buyurardı: “Şaban ayı çox şərafətli aydır. Bu ay mənim ayımdır və ərşi daşıyan mələklər bu ayı çox hörmətli bir ay sayırlar və onun haqqını bilirlər. Bu ay elə bir aydır ki, bu ayda möminlərin ruziləri çoxaldılar. Bu ayda olan hər bir ibadətin yetmiş qat əcri vardır. Pis əməllər və günahlar bu ayda bağışlanar, xeyir əməllər isə qəbul olunar.

İslam Peyğəmbəri (s) şəban ayının çox şərafətli bir ay olduğunu söyləmiş və bu mübarək ayın ona aid olduğunu qeyd etmişdir. Bu ayın özünəməxsus fəzilət və əməlləri vardır. Həmçinin bu ayda edilən günahın cəzası digər aylardakı günahlardan daha çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının ilk günü Allahın əmri ilə cənnət qapıları açılır və Onun əmri ilə tuba ağacı öz şaxələrini bu dünyada insanlara yaxınlaşdırır. Bir carçı səmadan səslənərək “Ey insanlar, yapışın bu ağacdan. Allahın neməti başınızın üstündədir, yapışın ondan. Ondan istifadə etməklə cənnətə yaxınlaşın!” – deyə insanları çağırır.

Şaban ayında tövbə və istifğar etməyin fəziləti

Allahdan bağışlanma diləmək və tövbə etmək üçün münasib olan aylardan biri də fəzilətli Şaban ayıdır. Belə ki, İmam Rza (əleyhissalam) buyurur: “Hər kim bu ayda 70 dəfə istiğfar etsə (Əstəğfirullahə rəbbi və ətubu ileyh desə), Allah təala həmin şəxsin günahlarını bağışlayar. Hətta onun günahlarının sayı göydəki ulduzlar qədər olsa belə”. Bu da Allahın öz bəndələrinə rəhmətidir ki, bu ayda hətta gündə on dəqiqə müddətində az bir vaxt ayırmaqla insan bütün günahlarını bağışlada bilər.

Şaban ayında oruc tutmağın fəzilətləri

Mübarək şaban ayında oruc tutmağa dair olduqca bir çox mübarək rəvayətlər nəql olunmuşdur ki, qısa olaraq onları sizlərə təqdim edirik. Peyğəmbər (s) şaban ayının fəziləti haqqında buyurur: Şaban mənim ayımdır və bu ayda mənə kömək edənləri (oruc tutanları) Allah bağışlasın. Peyğəmbərdən (s) nəql edilən digər hədisdə: Hər kəs bu ayın bir günü oruc tutsa, cənnət ona vacib olar” buyurur.
İmam Sadiq (ə)dən belə bir rəvayət nəql edilir ki, İmam Səccad (ə) Şaban ayı daxil olduğu zaman belə buyurardı: Ey səhabələrim bu ayın necə bir ay olduğunu bilirsizmi? Bu şaban ayıdır. Cəddim Rəsullulah (s) bu ay haqqında belə buyurub: Şaban mənim ayımdır, bu ayı Peyğəmbəriniz sevgisi və Rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canım əlində olan Allaha and olsun ki, atam İmam Hüseyndən (ə) eşitdim ki, Həzrəti Əlinin (ə) belə buyurduğunu nəql edir: Kim Şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allaha onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edir.”

Aqil İslam